Soydaşımızın əsəri xatirə pulu üzərində

 

   Türkiyədə yaşayan soydaşımız, Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əzizin çəkdiyi “Umur bəy” tablosu qardaş ölkənin dövlət dərbxanası tərəfindən 20 türk lirəsi (TL) dəyərində xatirə pulunun üzərində basılıb. Bu haqda qəzetimizə müəllif bilgi verib.

   Türk dənizçilik tarixinin önəmli simalarından olan Umur bəyin portreti İstanbuldakı Dəniz Muzeyindədir. Rəssam həmin muzey üçün bir sıra əsərlər çəkib. XIV yüzildə yaşayan Umur bəy böyük dövlət adamı olmaqla yanaşı, Osmanlı dənizçilərinin atası sayılır. Qeyd edək ki, bundan öncə soydaşımızın “Piri Rəis” əsəri 2013-cü ildə 50 TL, “Cezayirli Qazi Hasan Paşa” əsəri 2014-cü ildə 50 TL, “Çaka bəy” əsəri ötən il 20 TL xatirə pulu üzərində basılıb.

   Bildirək ki, Rafiq Əziz 1992-ci ildən Türkiyədə yaşayıb-yaradır. Hazırda Yedditəpə Universitetində çalışan soydaşımızın Türkiyə Hərbi Hava Qüvvələri Muzeyində 154 əsəri yer alır.

  

   S.Qaliboğlu

Mədəniyyət 2017.- 25 avqust.- S.16.