“Üçüncü
günün adamı” filminin
beynəlxalq təqdimatı
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında ekranlaşdırılan
“Üçüncü günün adamı” bədii filmi beynəlxalq
festivala dəvət alıb.
Kinostudiyadan bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı avqustun 24-də başlanan 41-ci Montreal Beynəlxalq Film Festivalında (Kanada) baş tutacaq. Sentyabrın 4-dək davam edəcək Montreal kinofestivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.
“Üçüncü günün adamı” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Film Qarabağ mövzusundadır. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır - ata-anasının qəbirlərini ziyarət edə bilir...
Rolları Hikmət
Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi
Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd
Səfa və Ayşad Məmmədov
canlandırıblar.
Mədəniyyət 2017.- 25 avqust.-
S.6.