Qədim məscidimizin bədii tərənnümü

 

   Bir əsərin tarixçəsi

  

   Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Əli bəy Hüseynzadəni (1864-1940) bütün dolğunluğu ilə oxuculara tanıtmaq istəsək, onda onun siyasət, ədəbiyyat, jurnalistikatibb ilə yanaşı, həm də rəssamlıq sahəsindəki yaradıcılığı barəsində söz açmalıyıq. Əlavə edək ki, o, adını çəkdiyimiz sahələrin hər birində özünəməxsus iz qoymuşdur.

  

   Bir vaxtlar “Ucundadır dilimin həqiqətin böyüyü. Nə qoydular deyəyim, nə kəsdilər dilimi” misralarını dilə gətirən və özünün zəmanəsinə obrazlı-fəlsəfi münasibətini bildirən Əli bəy Hüseynzadə Azərbaycanın böyük şairlərindən biri olmaq potensialını sərgiləməklə, milli bayrağımızın ideya müəllifi olaraq onun rənglərini “Türkləşmək, islamlaşmaq və müasirləşmək” kimi dəyərlərə bələmiş, ona qədər həm də özünün XX əsr rəngkarlığımızda realizmin banisi olduğunu təsdiqləmişdi.

   1910-cu ilin sonunda Azərbaycandan ayrılıb Türkiyəyə üz tutan Əli bəy şeirlərinin birində “Yari-vətən düşsə də gər qürbətə, Qəm yemə, səbr et, bu da yahu keçər” desə də, nə vaxtsa qayıdacağına ümid bəslədiyi doğma yerlərə bir daha dönə bilmədi. 1926-cı ildə onun Bakıya bir-neçə günlüyə gəlişi də Azərbaycan paytaxtında I Türkoloji qurultayın keçirilməsi ilə bağlı olmuşdu...

   Özünü həsr etdiyi sahələrin hər birində qazandığı uğurlar haqqında ətraflı söhbət açmaq mümkün olsa da, bu gün əsas məqsədimiz onun XX əsr milli rəngkarlığımızın təşəkkülündə rolunu vurğulamaq, bunu şərtləndirən əsərlərdən, o cümlədən də məşhur “Bibiheybət məscidi” tablosunun yaranması tarixini dilə gətirməkdir...

   Əli bəyin bu məscidin bədiiləşdirilməsinə marağı təsadüfi deyildi. Bu ilk növbədə inanclı insanların ixtiyarında olan məscidin həm qədimiliyi, həm də tarixi şəxsiyyətlərlə bağlı olması ilə əlaqədar idi. Bakının yaxınlığındakı Şıx kəndində yerləşən tikili XIII əsrdə Şirvanşah II Fərruxzadın əmri ilə tikilmişdi. Memar Mahmud ibn Sədin tikdiyi minarəli məscid yeddinci imam Museyi Kazımın (ə) qızı Həkimə, onun bacısının üç nəvəsinin və Hacı Bədir (ona Heybət də deyirlərmiş) adlı xidmətçisinin uyuduğu türbənin üzərində ucaldılmışdı. Onun tikildikdən sonra zamanın axarında müsəlman dünyasının nüfuzlu ziyarətgahlarından birinə çevrilməsi Azərbaycanın XI Ordu tərəfindən işğalından sonra kommunist ideoloqların narahatçılığına səbəb olmuşdu. Kremldən idarə olunan din əleyhinə təbliğat otuzuncu illərdə çox güclü şəkil aldı və bütün SSRİ ərazisində dini tikililərin uçurulması prosesinə başlandı. Başqa sözlə desək, təkcə islamla bağlı inanc yerləri yox, digər dinlərlə əlaqədar olan tikililər də hədəfə alınmışdı. Bakıda pravoslavların Cənubi Qafqazda ən böyük dini tikilisi olan Aleksandr Nevski kilsəsinin, eləcə də polşalıların katolik kilsəsinin məhv edilməsi bunun təzahürü oldu.

   Bu yerdə əlavə edək ki, otuzuncu illərdə Bakıdakı digər məscidlərin də üzərini qara buludlar almışdı. O vaxtlar Azərbaycan KP MK-nın qərarı ilə İçərişəhərdəki Cümə və məşhur Təzəpir məscidi təsis olunmasına hazırlıq işləri aparılan Azərbaycan Rəssamlar İttifaqının istifadəsinə verilməsi də bunun görüntüsü idi. Amma araşdırmalara əsasən müəyyən edilmişdir ki, Rəssamlar İttifaqı heç vaxt bu iki məsciddən istifadə etməmişdir. Buradan belə nəticə çıxır ki, bu qərar əslində onları qorumaq üçün qəbul olunubmuş. Başqa sözlə desək, yerli hakimiyyət orqanları bunu həmin iki məsciddən dindarların artıq istifadə etmədiyi barəsində Moskvaya hesabat vermək üçün ediblərmiş. Qənaətimizcə, lap yuxarıları aldadan bu məntiqli addım ilk növbədə Bakının mərkəzində yerləşən məscidlərin dağıdılmasının yerli müsəlmanlar tərəfindən narazılıqla qarşılanacağından qaynaqlanırdı. Onlar əmin idilər ki, bunların əvəzində şəhərdən kənarda - bir qədər gözdən uzaq olan yerdəki Bibiheybət məscidinin uçurulması az hay-küyə səbəb olar. Beləliklə, 1935-ci ildə Azərbaycan MİK və Bakı sovetinin rəyasət heyəti Stalin adına neft mədəninin 300 fəhləsinin müraciətini nəzərə alıb Bibiheybət məscidinin bağlanması barəsində qərar çıxarır. 1936-cı ildə Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırovun göstərişi ilə yerli müsəlmanların inanc yeri olan məscid dağıdılır. Deyilənə görə, məscid kompleksinin bir çox hissələri elə ilk partlayışdan məhv olmuşdusa, məscidin minarəsi yalnız üçüncü partlayışdan sonra yerlə yeksan olmuşdu. Bundan sonra məscidin yerində nəqliyyat yolu salınmışdı.

   Elə həmin ildə MoskvadaTarixi əhəmiyyətli memarlıq abidələrinin saxlanılması” haqqında qərarın qəbul olunması isə əslində “Daldan atılan daş topuğa dəyər” məsəlinə bərabər bir addım idi. Ən maraqlısı isə Bibiheybət məscidinin uçurulması prosesinə məsul olan şəxsin cəzalandırılması və ömrünün 20 ilini Sibir həbsxanalarında keçirməsi idi...

   Məşhur tikilinin vəhşicəsinə dağıdılmasına baxmayaraq inanclı insanlar sovet dönəmində artıq yer üzündə olmayan Bibiheybət məscidinin məkanını müqəddəs sayıb bura gəlməkdə idilər. Bunu Azərbaycanda kommunist rejiminin bütün mövcudluğu dövründə müşahidə etmək mümkün idi. Etiraf edək ki, yerli orqanlar dəfələrlə bunun qarşısını almağa səy göstərsələr də, heç bir müsbət nəticə alınmamışdı.

   Əgər sovet dönəmində bu ziyarətgaha “ikinci ömür” vermək mümkün deyildisə, ölkəmizin müstəqillik qazanmasından sonra bu işi ümummilli liderimiz Heydər Əliyev görmüşdür. Müstəqillik illərində o, zamanında baş verən bu ədalətsizliyin aradan qaldırılması yönündə qətiyyətli addım atmış və 1994-cü ildə əvvəlki məscidin yerində yenisinin tikilməsinə sərəncam vermişdir. 12 iyul 1998-ci ildə - Həzrət Peyğəmbərin (s.ə.s.) mövludu günü ölçü etibarilə əvvəlkindən daha möhtəşəm olan üç günbəzli, iki minarəli məscidin təntənəli açılışı olmuşdur. 2008-ci ildən isə kompleks şəklini alan məscid əhatəli ziyarətgah kimi fəaliyyət göstərməkdədir.

   Otuzuncu illərdə insafsızcasına dağıdılmış məscidin real təsvirinin bizə gəlib çatması isə maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində olmuşdur. Deyilənə görə, Bakıdakı ingilis konsulu Mak Donnelin mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı pul verib “Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır” deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bu tablo da Milli İncəsənət Muzeyində göstərilir.

   Yeri gəlmişkən deyək ki, bu mənzərənin ikinci müəllif variantı da mövcuddur. Əsər uzun illər hazırda rəssamın İstanbulda yaşayan qızı Feyzavər Alpsarın şəxsi kolleksiyasında olmuşdur. Bu il Feyzavər xanımın ata yurduna - Azərbaycan İstiqlal Muzeyinə ərməğan etdiyi çoxsaylı əşyaların və sənət əsərlərinin arasında həmin nisbətən kiçikölçülü olan mənzərə də vardır.

   “Bibiheybət məscidi”nin çoxsaylı bədii-tarixi məziyyətlərinin arasında ilk növbədə diqqət çəkəni onun tariximizin yaddaqalan bir səhifəsini əks etdirməsidir. Belə ki, bu memarlıq tikilisi Bakıda Sınıqqala məscidindən (XI əsr) sonra inşa olunmuş ikinci qədim abidədir. Əsərin digər əhəmiyyəti də vardır. Bu da onun XX əsr Azərbaycan rəngkarlığında mənzərə janrında yaradılan ilk əsər olması ilə bağlıdır. Onun 1905-1907-ci illər arasında çəkildiyinə rəğmən demək olar ki, bu tablo XX əsr təsviri sənətimizdə mənzərə janrında ərsəyə gətirilən ilk sənət nümunəsidir.

   Onun bədii-estetik dəyərlərindən söz açmalı olsaq, onda ilk növbədə əsərin bədii həllində müəllifinin realizm ənənələrinə bələdçiliyinin duyulduğunu qeyd etməliyik. Tablonun ümumi koloritini yığcam rənglər təşkil edir. Bu rənglərin həmin məkan üçün daha səciyyəvi olduğunu vurğulamaqla, demək lazımdır ki, bu cür ram olunmuş rənglərin uyarlığında kompozisiyaya daxil edilmiş bütün detallar yaxşı “oxunur” və cəlbedici görünür. Qayalarla tamamlanan dağın ətəyində qərarlaşan bəyaz məscid binasının yay mənzərəsi çox yaddaqalandır, desək, yanılmarıq. Əsərin məkana xas olan relyefin axıcı ritmini vurğulamasının ilk növbədə müəllifin sənətkarlığından qaynaqlandığını söyləməliyik...

   Yeri gəlmişkən deyək ki, xüsusi rəssamlıq təhsili görməyən Əli bəy Hüseynzadə bu bədii-texniki vərdişləri ana babası, Qafqaz şeyxülislamı Əhməd Salyaninin himayəsində Tiflisdə yaşadığı vaxt təhsil aldığı gimnaziyada əldə etmişdi. Təbii ki, onun belə bir hazırlığı olmasaydı, o, Peterburq Rəssamlıq Akademiyasına qəbul olunmağı arzulamazdı. Lakin son anda o, tərəddüd keçirmişPeterburq Universitetinə imtahan verməyə üstünlük vermişdi.

   Sovet dönəmində onun bədii irsi barəsində tam məlumat yox idi. Odur ki, 1989-cu ildə Bakıda təşkil olunan xaricdə yaşayan azərbaycanlıların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı” sərgisində onun cəmisi üç əsəri (“Bibiheybət məscidi”, “Əhməd Salyaninin portreti” və “Qohumlarım”) göstərilmişdi. Amma bu üç əsərin özü həm bədii, həm də yaranma və Vətəndə qalma tarixçəsi baxımından çox maraqlı idi. Sonralar rəssamın İstanbulda yaşayan qızı Feyzavər xanımla əlaqənin yaradılması onun digər əsərlərinin mövcudluğunu üzə çıxardı.

   Həmin əsərlərin arasında “Atatürkün portreti”, “Şeyx Şamilin portreti”, “Oğlum Məhəmmədsəlimin portreti”, “Mənzərə ilə natürmort”, “Qadın portreti”, “Əylənən uşaqlar”, “Çeşmə başında”, “Qızım Səidənin portreti”, “Topqapı sarayı”, “Qızılgül və bülbül”, “İstanbulda Azərbaycanlı xalça taciri Hacıbaba Məmmədzadənin portreti”, “Bəkirağa bölüyündə”, “Hacıbaba Məmmədzadənin oğlu Mehmet Məmmədzadənin portreti”, “Şah Abbas Səfəvinin portreti”, “Topqapı sarayı ətrafında mənzərə” və s. tabloları bədii tutumunun kamilliyinə görə diqqət çəkir. Əli bəy Hüseynzadə ötən yüzilliyin ilk illərində yaratdığı bu əsərləri ilə özünün XX əsr Azərbaycan rəngkarlığının banisi olduğunu təsdiqləmişdir...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət  2017.- 30 avqust.- S.12.