Azərbaycanlı pianoçunun
Berlin konserti
Avqustun 25-də həmyerlimiz Fidan Ağayeva-Edler Berlin Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Musiqi alətləri muzeyi”ndə konsert proqramı ilə çıxış edib.
Konsert Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Ziyalılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşib. Proqrama XX əsr Avropa bəstəkarlarının (L.Yanaçek, E.Qranados, M.Ravel) musiqisi ilə bərabər görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin də əsərləri daxil edilib.
“Konsertin keçirilməsində əsas məqsədim alman musiqisevərlərini Qara Qarayevin yaradıcılığı ilə tanış etmək idi”, - deyən ifaçı proqramda bəstəkarın 6 prelüdünü təqdim edib. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Fidan Ağayeva-Edler 1987-ci ildə Bakıda anadan olub. 7 yaşında böyük səhnəyə çıxan pianoçu Bakı Musiqi Akademiyasında professor Oqtay Abbasquliyevin sinfində oxuyub. 2009-cu ildə təhsilini QUOTA proqramı üzrə Norveçin Berqen şəhərində davam etdirib. Professor Y.Kölerin aspirantı olub. Aspiranturanı əla qiymətlərlə bitirən musiqiçi 2012-ci ildən Berlində yaşayır. 2016-ci ildə onun ilk diski işıq üzü görüb. Norveçdə, Finlandiyada, Belçikada, Rusiyada qastrol səfərində olan ifaçı bir çox müsabiqə və festivalların iştirakçısıdır.
Fidan Ağayeva-Edler gələn ilin baharında Albaniyada keçiriləcək “Piano Drob” festivalında ölkəmizi təbliğ edəcək.
L.Azəri
Mədəniyyət 2017.- 30 avqust.- S.5.