Teatrkinoda unudulmaz imza

 

 

   Ötən əsrin ikinci yarısında Azərbaycan teatr sənətinə öz töhfəsini verən sənətkarlardan biri də Əməkdar mədəniyyət işçisi, tanınmış rejissoraktyor Məmmədkamal Kazımov olub.

   Məmmədkamal Allahqulu oğlu Kazımov 27 avqust 1929-cu ildə Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta təhsilini 187 saylı orta məktəbdə alıb. Erkən çağlardan teatra maraq göstərib. Məktəbin dram dərnəyində yaxından iştirak edib.

   Orta məktəbi bitirdikdən sonra Akademik Dram Teatrının nəzdində açılmış aktyorluq studiyasına qəbul olunur. Görkəmli aktyorrejissor Adil İsgəndərovun rəhbərlik etdiyi studiyada üç il oxuyur. Müəyyən təcrübə əldə etdikdən sonra teatrın köməkçi heyətinə işə götürülür. Əvvəlcə epizodik rollarda səhnəyə çıxır. Qısa müddət ərzində kollektivin sevimlisinə çevrilir. Səhnə sənətinə dərin marağını görən rejissorlar tamaşalarda rejissor köməkçisi, rejissor assistenti kimi onunla əməkdaşlıq edirlər.

   M.Kazımov 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dramkino aktyorluğu fakültəsinə daxil olur. O, sonra həmin təhsil ocağının Rejissorluq fakültəsini də bitirir.

   Akademik teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar hazırlayır. A.ArbuzovunTanya”, H.MuxtarovunKimdir müqəssir?”, E.RyazanovunSevgi-sevgi”, A.S.Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, İ.Səfərlinin “Yol ayrıcında”, S.Dağlının “Kölgələr pıçıldaşır”, Q.Qorinin “Görünməmiş toy”, M.F.Axundzadənin “Xırs quldurbasan”, A.Şaiqin “Fitnə” kimi əsərlərinə verdiyi quruluşlar özünəməxsusluğu ilə seçilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

   Araşdırmalarda qeyd olunur ki, istedadlı rejissorun fəaliyyəti Milli Dram Teatrı ilə məhdudlaşmayıb. O, eyni zamanda Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun “Anna məhəbbəti”, “Tənqid-təbliğ teatrı”nda Q.Rəsulovun “Məhəbbət oyunu”, “Əhli-beyt teatrı”nda Ş.Nəzərlinin “Mücdədin yuxusu” əsərlərinə səhnə həyatı verib.

   Mədəniyyət Nazirliyinin göndərişi ilə M.Kazımov 1983-cü ildə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsinə təyin olunur. O, bu kollektivdə beş il çalışır. Bu illər çox məhsuldar və maraqlı olur. Yaradıcı sənətkar yalnız tamaşalara quruluş vermir, həmçinin teatrın repertuarını müəyyən edir, aktyorların püxtələşməsinə, tanınmasına böyük səy göstərir. M.Kazımov Ağdam teatrında işlədiyi müddətdə M.Hüseyn və İ.Əfəndiyevin “İntizar” pyesinə, S.Rüstəmin “Qaçaq Nəbi”, Ə.Fərzəlinin “Yurdda kim qaldı”, Ə.İlhamın “Qızıl əjdaha” və “Nərgiz ana”, İ.Məlikzadənin “Son gecə”, M.Lermontovunİki qardaş”, S.Vurğunun “Fərhad və Şirin” və s. əsərlərə quruluş verir.

   Görkəmli sənətkar Bakı şəhər Xətai adına Mədəniyyət sarayında fəaliyyət göstərən S.Vurğun adına Xalq teatrına 20 ilə yaxın rəhbərlik edib. Burada da bir-birindən maraqlı 40-dan artıq tamaşa hazırlayıb.

   Əməyi yüksək qiymətləndirilən sənətkar 24 may 1978-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif edilib.

   M.Kazımov eyni zamanda kino sahəsində uğurla fəaliyyət göstərib. Çəkildiyi kinofilmlərin əksəriyyətində epizodik rollar yaratsa da, tamaşaçıların rəğbətini qazanmağı bacarıb. OnunBir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ümid”, “Mənim şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “QaraVolqa” və s. bədii filmlərdə, eləcə də “Ac həriflər” televiziya tamaşasında həyat verdiyi obrazlar kinosevərlərin qəlbində əbədilik qazanıb.

   Sənətkar ömrünün son günlərinə qədər teatrdan ayrılmayıb. Sonuncu yeri Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” teatrı olub. Burada baş rejissor kimi fəaliyyət göstərən M.Kazımov S.VurğununVaqif”, C.Cabbarlının “Solğun çiçəklər” və s. əsərləri səhnələşdirib.

   Ömrünün 61 ilini Azərbaycan teatrkino sahələrinin inkişafına həsr edən Məmmədkamal Kazımov 13 dekabr 2005-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

Mədəniyyət  2017.- 30 avqust.- S.15.