Vətəni coşqun
məhəbbətlə sevən səhnə xadimi
Xalq artisti Mikayıl Mirzənin 70 illiyi qeyd olundu
O, tribuna, meydan adamı idi. İstər səhnəyə çıxanda, istərsə
də kürsü arxasına keçəndə
səsi ilə fırtına qoparır, vulkantək püskürür,
insanların hislərinə,
duyğularına hakim kəsilə
bilirdi. Vətən nidalı şeirləri
elə səsləndirirdi
ki, dinləyicilər,
tamaşaçılar özünü
əsgər zənn edirdi. Görkəmli aktyor, bədii
qiraət ustası.
O, emosional, pafoslu, çılğın çıxışları
ilə hər kəsin qəlbində özünə əbədi
məskən salan Mikayıl Mirzə idi...
Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Mikayıl
Mirzənin (1947-2006) 70 illiyinə
həsr olunmuş gecə keçirildi.
Tədbir iştirakçıları əvvəlcə
teatrın foyesində
sənətkarın həyat
və fəaliyyətini
əks etdirən fotolardan ibarət sərgi ilə tanış oldular.
Gecənin qəhrəmanı yenə səhnədən
zala doğru kəskin nəzərlərlə
“boylanırdı”. Ömrü
boyu sükunətin nə olduğunu bilməyən Mikayıl Mirzə sanki gözləri ilə
“...Mən bu əsrin gur
səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!”
- deyə hayqırırdı...
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi
ilə təşkil olunan tədbirin aparıcısı Milli Məclisin Mədəniyyət
komitəsinin sədri,
akademik Rafael Hüseynov
idi. O, çıxış
edərək sənətkarın
ömür yolundan danışdı, onunla bağlı xatirələrini
bölüşdü.
Bildirdi ki, Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Mədəniyyət və
İncəsənət Universiteti)
Adil İsgəndərov,
Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov
kimi görkəmli sənətkarlardan dərs
alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək
dram və kino aktyoru ixtisasına yiyələnib. İnstitutun Səhnə danışığı
kafedrasında müəllim,
eyni zamanda Tədris teatrında çalışan Mikayıl
Mirzə bir qədər sonra Akademik Dram Teatrında işə qəbul olunub.
Vurğulandı ki, oynadığı
rolları təbii, inandırıcı şəkildə
tamaşaçılara çatdıran
sənətkar özünəməxsus
ifa üslubuna malik idi. O, bədii filmlərdə, televiziya tamaşalarında,
səhnə əsərlərində
yaddaqalan obrazlar yaradıb. Mikayıl Mirzənin teatrın səhnəsində ustalıqla
canlandırdığı Kürd
Musa, Fərhad (“Vaqif”,
“Fərhad və Şirin”, S.Vurğun), Muratov, Eyvaz (“Qəribə oğlan”, “Bizim qəribə taleyimiz”, İ.Əfəndiyev”),
Elxan (“Od gəlini”, C.Cabbarlı), İxtiyar (“İblis”, H.Cavid), Aslan (“Kəndçi qız”, M.İbrahimov), Cinli Mustafa
(“Dəli yığıncağı”,
C.Məmmədquluzadə), Zahid
(“Fəryad”, B.Vahabzadə)
və s. obrazlar tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Qeyd olundu ki, Mikayıl Mirzə Azərbaycan Televiziyasının
ədəbi-dram verilişləri
baş redaksiyası ilə də sıx əlaqə saxlayırdı. Ötən əsrin
80-ci illərində məhz
onun təşəbbüsü
ilə Azərbaycan televiziya məkanında “Bir aktyorun teatrı”
verilişi ekrana çıxıb. Aktyorun
ifasında Aleksandr Puşkinin “Motsart və Salyeri”, “Qaraçılar”, Hüseyn
Cavidin “Azər”, Rəsul Rzanın “Qızılgül olmayaydı”,
Xəlil Rza Ulutürkün “Məhəbbət
dastanı”, Cabir Novruzun “Qərbi Berlin” əsərləri “qızıl
fond”da dəyərli sənət əsərləri
kimi saxlanılır.
O, Mehdi Məmmədov, Əli Zeynalov, Səməndər
Rzayev kimi sevilən bədii qiraət ustaları ilə bir sırada
dayanırdı. Əli Kərimin,
Səməd Vurğunun,
Məmməd Arazın,
Xəlil Rzanın bir çox əsərlərini əzbər
bilirdi.
Əməkdar rəssam Rais Rəsulzadə Mikayıl Mirzə haqqında fikirlərini bölüşərək onunla birlikdə keçən gənclik illərini xatırladı: “Mikayıl Mirzə ilə tanış olanda bizim 18-19 yaşımız var idi. Biz ömrümüzün ən gənc, ən gözəl çağlarında tanış olmuşduq. Tələbə ikən qonşuluqda yaşayırdıq. Burada Mikayılla yanaşı, Azərbaycanın böyük aktyorları kimi şöhrət qazanan Səməndər Rzayev, Rasim Balayevlə də tanış oldum. 4 il qonşu olduq. Bu illər ərzində onların tez-tez hansısa tamaşaya hazırlaşdığını, məşq etdiklərini, püxtələşmək üçün yorulmadan çalışdıqlarının şahidi olurdum. Mikayıl həmişə odlu-alovlu insan idi. Bu xüsusiyyət ömrünün sonuna kimi onu tərk etmədi”.
Xalq artisti Nurəddin Mehdixanlı Mikayıl Mirzəni özünün sənət müəllimi, böyük ustadı kimi xatırladı: “Mikayıl Mirzə Tanrının Azərbaycan xalqına bəxş etdiyi dəyərli, istedadlı bir şəxsiyyət idi. Ölkəmizin mədəniyyəti tarixində, sənət salnaməsində Mikayıl Mirzənin imzası daim qalacaq. O, təkcə özü üçün yaşamayan, dostları, tələbələri üçün örnək ola bilən insan idi. Mikayıl Mirzə gözəl müəllim idi. Mən və mənim sənət dostlarım bu gün hansısa yerə sahib olmuşuqsa Azərbaycanın teatr nəhəngləri Adil İsgəndərova, Əzizağa Quliyevə və Mikayıl Mirzəyə borcluyuq”.
Aktyor qeyd etdi ki, Cəfər Cabbarlının “Aydın” pyesini səhnələşdirən zaman tamaşada baş rolu - Aydını məhz Mikayıl Mirzə oynamalı idi: “Məşqlər başlayanda da Mikayıl müəllim o rola hazırlaşırdı. Hansısa səbəbdən rolu mənə - öz tələbəsinə hədiyyə etdi. Bu mənim həyatımda böyük hadisə idi. Hər insan bunu etməzdi. Xatirimdədir ki, həmin tamaşaya ümummilli lider Heydər Əliyev də gəlmişdi. Tamaşa bitdikdən sonra səhnəyə qalxıb bizi təbrik etdi”.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, xalq artistləri Səidə Quliyeva, Ağakişi Kazımov, Ramiz Həsənoğlu və başqaları çıxış edərək görkəmli sənətkarın həyat və yaradıcılığından, onunla bağlı xatirələrindən danışdılar. Onu təkcə peşəkar aktyor deyil, həmçinin vətənini sonsuz məhəbbətlə sevən, dostlarına, tələbələrinə daim yardımçı olmağa çalışan xeyirxah insan kimi xarakterizə etdilər.
Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzənin rol aldığı filmlərdən, tamaşalardan fraqmentlər nümayiş olundu, müxtəlif bədii kompozisiyalar təqdim edildi.
Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsini əziz tutduqlarına görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.6.