“Əzəli dostluq riştələri”

 

 

   Səmərqənddə Azərbaycan mədəniyyəti həftəsində sənədli filmin təqdimatı

  

   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyəti həftəsi çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunan “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatı olub.

   Mərasimdə Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrindən söz açan filmin ərsəyə gəlməsini müsbət qiymətləndirib, bu işə görə AMM-ə təşəkkürünü bildirib.

   AMM-in direktoru Samir Abbasov da iki xalq arasında mədəni-ədəbi əlaqələrdən danışıb. O, “Əzəli dostluq riştələri” sənədli filmində “Avesta”, “Kitabi-Dədə Qorqud” dastanı, Babək, Koroğlu, özbəklərin cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manguberdi kimi qəhrəmanlıq obrazlarının yaradıldığını vurğulayaraq, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi hökmdar və sərkərdələrin ekranlaşdırılmış səhnələrinə də yer verildiyini deyib.

   Sənədli filmin rejissoru Eldar Məmmədov filmdə ötən əsrin 70-ci illərində Azərbaycanda Özbəkistan, Özbəkistanda Azərbaycan mədəniyyəti günləri, ulu öndər Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair kadrların əksini tapdığını qeyd edib.

   Sonra sənədli film nümayiş etdirilib. Ekran əsərində Özbəkistanda yaşayıb-yaratmış tanınmış azərbaycanlılar, onların qardaş ölkənin mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr işıqlandırılıb.

   Filmdə Prezident İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.1516.