Mingəçevir teatrında “Səhər
qatarı”
Mingəçevir Dövlət Dram Teatrında yazıçı-jurnalist Camal Yusifzadənin eyniadlı pyesi əsasında hazırlanmış “Səhər qatarı” tamaşasının ilk nümayişi olub.
Noyabrın 29-da təqdim edilən tamaşada şəhərdən ucqar bir məntəqəyə gedən qatarın kupesində baş verən hadisədən bəhs edilir. Yaxından-uzaqdan bir-birilərini yaxşı tanıyan, hətta müəyyən dərəcə qohumluq əlaqələri olan bu sərnişinlər, yolda olduqları müddətdən “səmərəli” istifadə etməyə qərar verərək, deyib-gülüb zarafatlaşır, içki məclisi açırlar. Dramatik hadisələr və tamaşanın əsas kolliziyası da buradan başlayır. Sərnişinlərin sərxoş vəziyyətdə vaqonun pəncərəsindən atdıqları butulkalardan biri çöldə quzu otaran uşağın başına dəyib onu öldürür.
Tamaşanın sonuna qədər sərnişinlər “kimdir cavabdeh” məsuliyyəti qarşısında qalır, mənəvi-psixoloji “dəyərlərini”, insani “keyfiyyətlərini” büruzə verərək, bir-birini günahlandırır, hər kəs yaxasını kənara çəkməyə cəhd edir.
Tamaşanın
quruluşçu rejissoru
Xəzər Gəncəlidir. Rolları Paşa
Salmanov, Ramil Ağayev, Asim Məmmədov,
Aydın Quliyev, Hüseyn
Mustafayev, Aytən Allahverdiyeva
və başqaları oynayırlar.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.7.