“Yenə iki od arasında” romanının təqdimatı və
imza günü
Noyabrın 29-da Sumqayıt şəhəri Əli Kərim adına Poeziya evində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçirilib. Tədbir şəhər İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi, Əli Kərim adına Poeziya evi və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutub.
Poeziya evinin direktoru şair İbrahim İlyaslı roman və onun müəllifi barədə ətraflı məlumat verib. Bildirilib ki, bu il 130 illiyi qeyd edilən böyük ədib Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü Xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Arif Vəliyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Əməkdar müəllim və şairə Ofeliya Babayeva çıxışında qeyd edib ki, roman Qarabağ dərdimizi anlatdığına görə çox qiymətlidir və aparıcı xarici dillərə tərcümə edilməlidir.
Yazıçı-tərcüməçi Əyyub Qiyas, şair-publisist Əli Nəcəfxanlı roman barədə mülahizələrini bildiriblər.
Sonda
Elçin Hüseynbəyli oxucular üçün öz kitabını imzalayıb və onlarla xatirə şəkli çəkdirib.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.7.