Vyanada görkəmli bəstəkar Tofiq Quliyevin yubiley gecəsi
Noyabrın 29-da Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onun müasir Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olduğunu, XX əsrdə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Tofiq Quliyevin geniş yaradıcılığı yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmayıb, o, eyni zamanda gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycanın ictimai həyatında özünəməxsus yeri olan mədəniyyət xadimi idi. T.Quliyev çoxlu sayda bədii filmlərə bəstələdiyi musiqiləri ilə dillər əzbəri olan neçə-neçə əsər yaradıb. Onun mahnıları zamanında görkəmli müğənnilərin ifasında insanların qəlbini fəth edib və bu gün də Azərbaycan milli musiqisinin inciləri sırasında yer alır. Qeyd edilib ki, sənətkarın 100 illiyi ilə bağlı ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda yubiley tədbirləri keçirilir.
Konsertdə gənc Azərbaycan musiqiçisi, dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi “Xəzər virtuozları“ orkestri Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Bəstəkarın mahnı, vals və müxtəlif filmlər üçün yazdığı əsərləri səsləndirilib.
Bakı
Musiqi Akademiyasının tələbəsi
Orxan Cəlilov və Vyana
Musiqi və İncəsənət Özəl
Universitetinin tələbəsi Mərziyə
Hüseynova T.Quliyevin
“Sənə də qalmaz”, “Neftçilər
mahnısı”, “Axşam mahnısı”, “Sevgi valsı”, “Qızıl üzük”
mahnılarını, eləcə də “Görüş“, “Telefonçu
qız“, “Bəxtiyar“ filmlərinə yazdığı
mahnıları oxuyublar. Vyana
Musiqi və Səhnə Sənətləri
Universitetinin tələbəsi, gənc pianoçu Abuzər Manafzadə bəstəkarın
fortepiano üçün
yazdığı bir neçə əsəri
ifa edib.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.8.