“Cəngi” qrupu Paris cazsevərlərinin qəlbini fəth edib
Muğamdan etno-caza qədər ən müxtəlif janrları birləşdirən “Cəngi” qrupu Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun 15-ci “Jazzycolors” caz festivalında iştirak edib.
Konsertdən əvvəl səfirliyimizin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova “Cəngi” qrupunu təqdim edərək, Azərbaycan caz musiqisi haqqında məlumat verib. Bildirib ki, caz musiqisi ölkəmizdə populyardır. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş ənənəvi Azərbaycan muğam musiqisi ilə sintezdə son dərəcə yüksək improvizasiyalarla dolu caz-muğam yaradılıb.
Keçən əsrin 60-cı illərində Vaqif Mustafazadə caz-muğamın əsasını qoyub. 90-cı illərdə caz musiqiçisi Rafiq Babayev etno-caz “Cəngi” qrupuna yeni həyat verib, 2002-ci ildən qrup Azərbaycanın Əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir.
Sonra “Cəngi” qrupunun üzvləri Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) və Vasif Hüseynli (piano) Azərbaycan və Fransa bəstəkarlarının musiqilərini səsləndiriblər. “Mahur”, “Çahargah”, “Sirli gecə”, “Mən səni araram” musiqiləri tamaşaçıların alqışları ilə qarşılanıb.
Parisdəki Goethe İnstitutunda səfirliyimizin mədəniyyət işləri üzrə attaşesi Günay Axundovanın təşkilatçılığı ilə keçirilən konsertdə kollektivin festival üçün etno-caz musiqisi üzrə proqramı cazsevərlərin zövqünü oxşayıb.
Parisdə Slovakiya Mədəniyyət Mərkəzinin direktoru Daniel Jurkoviç “Cəngi” qrupunu 3 il əvvəl “Jazzycolors” festivalı çərçivəsində dinlədiyini və həmin vaxtdan da qrupun ifasına heyran olduğunu deyib. “Bu müddət ərazində qrup yüksək səviyyə əldə edib. Tarzən Mircavid Cəfərov gənc olmasına baxmayaraq, bu müddət ərzində keçdiyi karyera yolu qibtə oyadır. Onun ifasını çox bəyəndim. Tar və ud musiqi alətlərinin səsinə isə valeh oldum”, - deyə o bildirib.
Tamaşaçı Polin Ferron konsertdə əsl Azərbaycan ruhunun olduğunu, milli çalarların duyulduğunu qeyd edərək, ondan xüsusi zövq aldığını vurğulayıb. Azərbaycan musiqiçilərinin konsertinə böyük məmnuniyyətlə gəldiyini və həmişə olduğu kimi, yenə də xoş təəssüratla qayıtdığını söyləyib.
Konsertin
sonunda Azərbaycan tarixinin
və mədəniyyətinin dünyada təbliğində
xüsusi rolu olan “İRS” jurnalı fransız cazsevərlərə
hədiyyə edilib.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.8.