Turizm imkanlarımız Varşavada beynəlxalq sərgidə nümayiş olunub

 

 

   Polşanın Varşava şəhərində keçirilən “TT Warsaw 2017” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizin turizm şirkətləri də iştirak edib. 23-25 noyabrda gerçəkləşən tədbirə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, Azərbaycan Turizm Assosiasiyası, “Turizm.az”, “Azerbaycan travel”, “Aristokrat travel”, “Rumires travel”, “Greenwich travel club”, “Pasha travel”, “Gilan hospitality”, “Geo travel”, “Xəzər travel” və “Azerbaijan guide travel” şirkətlərinin nümayəndələri qatılıb.

   Beynəlxalq sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 35 kvadratmetr sahədə stendimiz qurulub. Stendimizə baş çəkən ziyarətçi və iştirakçılara müxtəlif növ reklam-çap məhsulları təqdim olunub, videoçarxlar nümayiş etdirilib.

   Sərgi müddətində ziyarətçilərlə işgüzar görüşlər keçirilib, turizm təmsilçilərimiz əcnəbi həmkarlarla əməkdaşlıq müzakirələri aparıblar. Azərbaycanın Polşa Respublikasındakı səfiri Həsən Həsənov stendimizi ziyarət edib.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri ikinci dəfədir ki, “TT Warsaw” beynəlxalq turizm sərgisinə qatılır.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.9.