Görkəmli rəqqasə Xumar Zülfüqarovanın yubileyi
münasibətilə tədbir keçirilib
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xalq artisti, “Şöhrət” ordenli rəqqasə, baletmeyster Xumar Zülfüqarovanın (1927-2017) 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə X.Zülfüqarova ilə uzun illər çiyin-çiyinə çalışmış incəsənət xadimləri, sənətkarın tələbələri, ailə üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova açaraq Xumar Zülfüqarovanın bu təhsil ocağında pedaqoji fəaliyyətindən bəhs edib, bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxunun Xumar xanımın yetirmələri olduqlarını vurğulayıb.
Prorektor X.Zülfüqarovanı Azərbaycan balet və xoreoqrafiya sənətinin gözəllik simvolu adlandıraraq, bu tədbirin sənətkarın unudulmaz xatirəsinə, onun həmkarlarına, tələbələrinə, davamçılarına həsr olunduğunu deyib.
BXA-nın Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli çıxışında Xumar xanımın quruluş verdiyi rəqs nümunələrindən, ifa etdiyi rollardan söz açıb, onun keçdiyi zəngin həyat yolu haqqında danışıb.
Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, vaxtilə Xumar xanımın tələbəsi olmuş Xalq artisti Təranə Muradova müəlliməsi ilə bağlı xoş xatirələrini paylaşıb.
Milli rəqs kafedrasının müəllimi, Əməkdar artist Tamilla Məmmədova da xatirələrini bölüşərək X.Zülfüqarovanın Q.Qarayevin “Yeddi gözəl” baletində, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahiranə çıxışından bəhs edib.
Sonra lirik musiqi sədaları altında Xumar xanımın səhnə həyatını əks etdirən, qastrol səfərlərində olarkən, doğmaları ilə, mükafatların təqdim olunması zamanı çəkilmiş fotoşəkillərdən ibarət çarx nümayiş etdirilib. Tələbə Sabrina Cavadzadə “Ürkək gözlü” rəqsini məharətlə ifa edərək tədbir iştirakçılarının alqışını qazanıb.
Tədbirdə daha sonra Milli rəqslər kafedrasının baş müəllimi, Xalq artisti Yusif Qasımov, X.Zülfüqarovanın sənət yoldaşları - konsertmeysterlər Şəlalə Səfiyeva və Pərvin Bayramova, Xalq artisti, rəqqasə Roza Cəlilova əvəzolunmaz sənətkarla bağlı xatirələrini dilə gətirib, onunla birgə xarici ölkələrə qastrol səfərlərindən bəhs ediblər.
Xalq artisti Roza Cəlilovanın quruluş verdiyi “Lirik rəqs” tələbə Lalə Aslanova tərəfindən ifa olunaraq, tədbirə xoş ahəng qatıb.
Tədbirin sonunda X.Zülfüqarovanın nəvəsi Eldar Zülfüqarov tədbirin təşkilatçılarına, nənəsi haqda xoş xatirələrini bölüşən incəsənət xadimlərinə dərin təşəkkürünü bildirib.
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.10.