Xeyriyyəçi və ustad musiqiçi

 

 

 

   Şamaxı Azərbaycanın ədəbiyyat və mədəniyyət salnaməsini zənginləşdirən şairlər, musiqiçilər yurdu kimi tanınıb. Mahmud ağa Məmmədzadə də bu qədim elin yetişdirdiyi tanınmış musiqiçilərdəndir. O, şeiri, sənəti sevib, daha çox incəsənət himayəçisi olaraq ad çıxarıb.

   Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə 1826-cı ildə Şamaxı şəhərində dünyaya göz açıb. Mədrəsədə təhsil alır. Erkən çağlardan musiqiyə də maraq göstərir, muğam sənətini öyrənir. El şənliklərində məlahətli səsi ilə dinləyiciləri heyran edir.

   O, muğam sənətinin inkişafı məqsədilə öz malikanəsində musiqi məclisləri, müsabiqələr təşkil edir. Çox keçmir, Qafqazda görkəmli xanəndə və sənəti himayə edən xeyirxah əməllər sahibi kimi şöhrət tapır. Bununla da mahir tarzən, ustad xanəndə və muğam bilicisi olaraq adı musiqi tariximizə yazılır. Qaynaqlarda bildirilir ki, onun təşkil etdiyi müsabiqələrdə yerli musiqiçilərlə bərabər, Tiflisdən, İrandan da ifaçılar iştirak edib.

   Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmasında yazır ki, Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdıoğlu kimi dövrün məşhur xanəndələri Mahmud ağanın musiqi məclislərinin hörmətli qonaqları olub. O bu məclislərdə eyni zamanda istedadlı gənclərə klassik Şərq musiqisinin sirlərini də öyrədib. Həmin çağlarda Şamaxıda tanınan Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Humayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olub.

   O həmçinin istedadlı imkansız gənclərin də qayğısına qalıb, onlara maddi köməklik göstərib. Xeyriyyəçi kimi Şamaxı şəhərinin abadlaşmasında yaxından iştirak edib. Məlum olduğu kimi, o dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi “Beytüs-Səfa” adlı ədəbi məclis də fəaliyyət göstərib. Mahmud ağa o məclisə də himayədarlıq edib.

   XIX əsrin ikinci yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə də təşrif buyurublar. Həmin səyyahlardan fransız yazıçısı Aleksandr Düma (ata), Peterburq Rəssamlıq Akademiyasının prezidenti Q.Qaqarin və başqalarını göstərmək olar.

   Mahmud ağa 1858-ci il noyabrın 24-də A.Dümanın şərəfinə bir ziyafət təşkil edir. A.Düma bu haqda yazıb: “Bazarda gəzərkən zəngin Şamaxı tatarı (azərbaycanlı - red.) Mahmud bəydən dəvət aldıq. O, bizi şam yeməyinə dəvət etdi. Biz onun malikanəsinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici evlərdən biri idi. Orada bizə böyük xidmət göstərildi. Biz Şərq zövqündə bəzədilən zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri sözlə, qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilən tül üzlü atlas yastıqların üstündə əyləşmişdi...”

   Araşdırmalarda qeyd olunur ki, Qarabağın məşhur şairəsi Xurşudbanu Natəvan da Bakı və Şamaxı məclisləri ilə mütəmadi əlaqə saxlayıb. Xan qızı Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə yaxından maraqlanıb.

   Mahmud ağanın məclislərinin şöhrəti ilə bağlı araşdırıcı Ruqiyyə Rzayeva “Mirzə Fərəc haqqında xatirələrim” məqaləsində yazır: “Şamaxıda Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə adlı dövlətli və alicənab bir şəxs yaşayırdı. Onun çox təmtəraqlı bir musiqi məclisi vardı. Hər musiqiçi ora ayaq aça bilməzdi. Çünki Mahmud ağa musiqini dərindən bilirdi. Çıxış edən hər bir sənətkarı özü qiymətləndirirdi. Ona görə də onun musiqi məclisində yüksək musiqi mədəniyyəti olan bacarıqlı və istedadlı musiqiçilər iştirak edirdi”.

   Mahmud ağa Məmmədzadə 1896-cı ildə Şamaxıda vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.13.