Salamat yat, ŞAİRimiz, salamat...
Səni çox incitmiş bu dünyada
buçağkı sayğı-sanın sarı arxayın ol, o dünyadan
muğayat...
Xeyli yava səslənir bu “ismarış”, Ustad, - özüm də bunun fərqində...
Amma “nə etməli” ki, neçə illik sənsizlikdə də bu xalq Səni hər gün-hər saat təbərrik kimi yad etmədə.
Bu, bir az da Sənin öz eldən-dildənyuxarı poetik səslənişlərin təsirinə düşməyimdən yanadır. Sən “qədim tarix dərəsi”ndəki “məndən ötdü” demişlərimizə demirdinmi “Adınızı tarixlərdən oğrayaram, Ruhunuzu qiymə-qiymə doğrayaram!” Sən analarından “oğrubaşı” olaraq “göyərmiş”lərə söylənmirdinmi: “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı”...
Sən elələrinə belənçik, belələrinə elənçik, bu dünyanın özünə “Ondan inciyənin beləsi belə!” deyirdin, adam balalarıyla rastlaşanda isə bu dünyanın sadəlik-vicdanilik-təvazökarlıq portretini yaradırdın:
Soruşdum birindən; şairəmmi mən?
Özüm ki özümü öyə bilmərəm.
Cavabı asanca qopdu dilindən:
Hələ ölməmisən, deyə bilmərəm...
Sən yazırdın ki:
“Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı, Bəs ondan şairə nə çatdı? Bir ovuc torpaq, - o da ki, şairin qəbrinə qismət oldu. Eşidirsən, Anadolu? Qəbrinə qismət oldu!..”
Bəs, Sənin - düz əlli il dünyanın o çağ-bu çağ (və bütün gələcəklər!) qəlblərinə təkrarsız, - təkrar edirəm, - təkrarsız poetik obrazlar bəxş etmişin ruhuna yuxarıdakı YUXARI etiketli xitablar etməyə çalışmayıb da, nə etməli, Məmməd Araz?! Ay qəni-qəni rəhmətlik İSİM! Səndən “yox” “zərf”ində danışmaq olmur. Heç “ulu” da demək mümkünsüz, - çünki Sən hər an, hər zaman OLUsan! Elə bunçu da, bu yazıya başlıq seçimi istixarəsində “Bir şair vardı - ömrü boyu tufan əydi, su yardı” kimi - daha poetik səslənən ifadələrdən çəkindim; “necə yəni “vardı”, bəyəm indi yoxdu?”-deyə. Ardınca da öz misrandan iqtibasla yazacaqdım: “Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı göyərdi...”
Bəli; -
bu böyük qəlb karandaşı bir xətt çəkdi - “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı” patriot-portreti yarandı. Can kətanına iki cızıq atdı - “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim!” avtoportreti donatdı. O karandaşın üçüncü çaba-çəkimində - “Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən, Balam çiçək, bir də öpüm telindən, salamat qal, salamat...” peyzaj-triptixi boy atdı...
Ataların “say cızığı”ndan çıxmaq cəhdilə söz havasını dəyişim. Yoxsa, bu ümummilli, ümumədəbi, “Ürəyimsiz kəlmə yazan deyiləm - Nə qədər ki, öz əlimdir yazanım!” yazmış karandaş yiyəsinin ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, eşq olmamalılara “eşq olsun!”, yaşamağa haqqı olmayanlara “yaşasın!” yazmağa məcbur-təhrik edilsə də, bu karandaşla “Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”, “İti bazarında atından baha - Mən belə dünyanın nəyindən küsüm?!” yazırdı. “Bir ağılın budağından sallanıb, Neçə-neçə ağlıdayaz yaşayır” rəsmləyirdi.
Hərdən də (guya) yaza bilmirdi:
Bu axşam...
Özümdə
yoxam bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş
başam,
Elə bil özümdə dəfn olunmuşam...
Ey ilham pərisi,
varsansa əgər,
Bu axşam üstümə qanadını
gər...
O karandaşın
yaratdığı yüzlərlə
təbiət tablosu nümunələrindən bir
cəmiyyət üzvlü
portretə - şairin
özünün də
elm və ədəbi-mədəni-mənəvi
təfəkkür korifeylərimizdən
biri, milli ziyalılıq meyarı kimi qiymətləndirdiyi Xudu Məmmədova ithaf etdiyi üç
şeirinin (beş bəndlisinin) birindən bir “beşxətli”sinə
keçək:
Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir
içiboş şöhrət
yükünə,
Ömür karvanının sənət
yükünə
Bir-iki qeyrətli söz yükləməsək -
Sən kimə gərəksən,
mən kimə gərək?..
Bu misradan sonra bir an
əl (və göz) saxlayıb, düjün-düjün düşüncələrə
dalmaq savabdı...
İndilər ürəklərimizə yürü-yüngüllüklər gətirən müstəqil
ölkəmizin o çağlarkı
ağırlığı, ağrıları elələrinin
çiyinlərində dövr,
ürəklərində qövr
edirdi. O halətlər
elələrinin şaxını-şuxunu
əzirdi. Və dillərdə “Sıx gözünü - hansı
daşda su yansa, o daş altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik “nekroloq”lar gəzirdi.
O tay-bu tay - Güney-Quzey arasında inşa edilən “Arazstroy”a alatoran nəzərlərlə baxıb,
yarı qəlbən,
yarı qəlpən sevinənlərin, dəvələngəri
axan Araz çayı sahillərində
sayrışan işıqlara
birləşməyimizin ilk qaranquşu kimi baxanların xiffət menyularına: “İşıqlar
da ayrılığa öyrəşəcək, Yükünü
çək, dəvə
qardaş, yükünü
çək” kimi təəssüb-təəssüflər sızılırdı. Bu ölməz
şairin doyulmaz alim tərəf-müqabilinin
sözləri də
el dilindən, elita düşüncələrindən düşmürdü: “Adətən
ev-eşikdə nə
çatışmazsa, nədən
çox danışılarsa,
uşaq ondan istəyər. Bir gün üç yaşlı oğlum mənə qayıtdı ki, ata, mənə
Vətən al...”
...Hərdən
adama elə gəlir ki, 1933-cü il 14 oktyabr - 2004-cü il 1 dekabr ömürlü
Məmməd Araz bizim eradan əvvəl,
yaxud ən azı, orta əsrlərdə doğulub
və hələ yaşayır. Nədən
ki, onun “Ey Xan Eyvaz,
Dəli Domrul, Fətəli xan, İbrahim xan, sizinləyəm!”, “Danış
görək, a daş
qardaş” kimi “daş dövrü” dialoqları, “Ey daşlaşan, torpaqlaşan
ulu babam, Bu günümdən dünənimə
uzaqlaşan ulu babam!” kimi xitabları
özündən üzügerikilərdən
çox, qarşısındakılara
(hətta bəzən,
sabahkılara!) səsləniş
kimi səslənir.
Şərikim olsaydı, deyərdim,
mənə belə də gəlir ki, o, tək elə Şahbuz rayonunun Nursu kəndində yox, Azərbaycanın bütün
el-obalarında dünyaya
gəlib. Nədən ki,
onun şeirlərinin dilində, hal-xasiyyətində,
təhər-tövründə bir cıqqan da olsun ləhcə-şivəlik,
bölgəvilik, etnos-etniklik
yoxdur. Onun “ulu babam!” deyə müraciət etdiyi kişilər hamımızın cılxa-çuxa
babamız kimi canlanmırmı? “O gündənmi
bitdi bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi bizim dilimizin
“haralısan?” qabarı
da?!” sual-qınağında
hamımızın payı
yoxmu?..
Hələ mənim təəccüb
və heyranlığım
davam edir. Məsələn, bu böyüklükdə
fikir-düşüncə-hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurdun məktəbində müəllim işlərkən
o kəndin özündən
də min dəfə balaca olan o sinif
otaqlarına necə sığıb? Təəccüblənilməyəsi
məsələlər də
var ki, biri
də onun öz kitablarına seçdiyi milli doğal-sığallı adlar:
“Anamdan yadigar nəğmələr”, “Atamın
kitabı”, “Üç
oğul atası”, “Oxucuya məktub”, “Dünya sənin, dünya mənim”, “Dünya düzəlmir”, “Daş harayı”, “Qanadlı qayalar”, “Araz axır”, “Qayalara yazılan səs”, “Ağlayan qayalar”, “Əsgər andı”, “Vətən deyin”, “Sənətdə
son mənzil olmur”...
Vaxtilə bir tələbə dostumla bir neçə
il hər
Novruz bayramında onu ziyarətə gedər, şeirlərilə
nəfəs aldığımızı
bildirər, haqq-halal təriflərlə öyər,
titrəyən əllərinə,
“aran-dağ” düşüncələrinə,
milli azadlıq arzu-istəklərinə sığal
çəkməyə çalışardıq.
Bu gedişlərimizin birində
soruşdum ki, niyə “Yer üzünün Qarabağ
düzü”, “Kür Salyana qovuşur” kimi publisistik yazılarına ara
verib? Bizə bir dəftərçə
göstərib: “Bu səpkidə
əlli mövzu gözaltılamışdım... - dedi və qırıq-qırıq
əlavə etdi: - ...amma, heyf, bu
“ali” xəstəlik...”
Dedim, Məmməd müəllim, nə etməli, görünür,
“ali” xəstəliklər
də özünə
ali canlar
arzulayır... Ki, onlardan “heyf, ey eyş-işrətli dövranlarım!” kimi sızıltılar əvəzinə,
“heyf, ey yazmadığım mövzular!”
sayaq qızıl-qızıl
milli-əxlaqi giziltilər
eşitsin...
Sonra günlərin bir günü onu küçədə görürkən,
tələbə yoldaşım
(rəhmətlik) Mirzə
Dəmirli ilə (“dahi”liyi yalnız “böyük qardaş”larımız
arasında axtaran) bir neçə tələbə yoldaşımıza
dediyimiz bu sözləri ona eşitdirdik: “Yadda saxlayın, indi bizim yanımızdan otuz beş yaşlı
bir dahi ötüb-keçdi...” Əlavə etdim
ki, həmin o dostum Sizin “Məndən
ötdü, qardaşıma
dəydi...” şeiriniz
“Azərbaycan” jurnalında
çap olunan günün sabahısı
şadlığından yataqxanada
yekə bir qazan asıb, Vətənə, millətə
dəxli olan tələbələri başına
yığdı. O şeiri
xüsusi bir məhəbbət və bəlağətlə oxuyub,
o tay-bu tay
Azərbaycanın artıq
bu poetik “qərar”-möhürlə
birləşdiyini söylədi.
Sonra əslən o taylı tələbə yoldaşımız
Rəhim Huşiməndinin
“Mirzə, əgər
Azərbaycan reallıqda
da birləşsə,
neylərsən” sualını
nağıllardakı (su
verməsi üçün
hər dəfə bir gözəl istəyən) əjdaha epizodu ilə cavablandırdı. “Özümü o əjdahanın
bir günlük övnəsi kimi - Araza atıb qurban gedərəm!”
- dedi...
Qələmi əlimə aldığım
andan yaddaşımda cərgələnən, xəyalımda
sərgilənən yüzlərlə
şeirindən hansı
birinin adını çəkim? Yəqin
(və vacib) ki, “Haqqın var yaşamağa”! Nədən ki, üsyankarlıq ustadlığı
ilə bahəm, həm də təvazökarlıq meyarı
olan bu əbədiyaşar
nəğməkarın özünü
daha çox “haqqın yox” deyə vurğuladığı
həmin şeirdə,
sanki Haqdan gələn bir “Haqqın var” da var.
Beləliklə,
“Haqqın var, Məmməd Araz, haqqın var - yaşamağa”! Bir də ona görə
ki o çətin, milli yas-yasaqlı illərdə Sən bizə bu kimi
gələcəklər yaşatmısan:
Aşıq Cavan sarılmışdı
sazına,
Toy qurmuşdu dünəninin yasına,
O, qəzəbi
ya sındıra, ya sına -
Təbriz ağlayırdı dağlar
başında...
“Təbriz ağlayırdı” dedim -
nə
dedim?!
Ağlayan bir sazın telinə dedim,
Ağlayan bir elin dilinə
dedim!..
Sən ovaxtlar cürbəcür elələr dedin, bizlər də hər zaman, sələflərindən birinin
sözünə qızmanıb,
bu şair də “kainat olduqca” olacaq, deyəcəyik...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 1
dekabr.- S.15.