Bəstəkar Sərdar Fərəcovun
yubileyinə həsr edilən konsert
Dekabrın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda ittifaqın katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr edilən kamera konserti oldu.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə yubilyarın zəngin yaradıcılığından söz açdı. Bildirdi ki, Sərdar Fərəcovun yaradıcılığı janr baxımından çoxşaxəlidir. O, istər kiçik, istərsə də irihəcmli əsərləri ilə uğur qazanıb, daim öz üzərində çalışan və nailiyyətlərinə arxalanmayan bir sənətkardır. Vurğulandı ki, Sərdar Fərəcov görkəmli müəllimlərinin ənənələrini öz yaradıcılığında uğurlu şəkildə əks etdirərək dəyərli musiqi nümunələri yaradıb. Firəngiz Əlizadə yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı.
Sonra yubilyar bəstəkarın əsərlərindən ibarət konsert başlandı. Sevinc Kərimova (fortepiano), Ümid Mustafazadə, Zərrin Əliyeva, Nərgiz Hüseynzadə (violonçel), Orxan Zeynalov (tar), Mədinə Şahgəldiyeva, Gülarə Ramazanova (kamança), Leyla Haşımova (qanun) və başqaları Sərdar Fərəcovun “Prelüd və fuqa”, “Skertso”, “Rondolentto”, “Unutma”, “Sentimental vals”, “Qarabağnamə”, “Ulduzlu gecələr”, “Şərq bazarı”, “Qayıt gülüm” , “Bahar nəğməsi” və s. əsərlərini ifa etdilər.
Çıxışlar alqışlarla qarşılandı.
Sonda yubilyar çıxış edərək tədbir iştirakçılarına təşəkkür etdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 6 dekabr.-
S.3.