İdman, təhsil və elmin inkişafına həsr olunmuş ömür

 

 

   Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevin yubileyi qeyd edilib

  

   Dekabrın 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, professor, “Şöhrət” və “Şərəf” ordenli Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib.  

   Mərasimdə ömrünün böyük hissəsini ölkəmizdə idmanın, təhsilin və elmin inkişafına həsr edən Əməkdar elm xadimi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Ağacan Abiyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Videoçarxda A.Abiyevin idmançı, hakim kimi fəaliyyəti, beynəlxalq konfranslarda çıxışları ilə yanaşı, bacarıqlı rəssam kimi çəkdiyi rəsmlərə də yer verilib.

   MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın Əməkdar elm xadimi Andrey Qudin, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi Fərhad Xəlilov, Milli Məclisin deputatı Hadi Rəcəbli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və başqaları tədbirdə çıxış edərək 80 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar elm xadimiidman ustasının həyat yolundan və çoxşaxəli fəaliyyətindən söhbət açıb, A.Abiyevi 80 illik yubileyi münasibətilə təbrik ediblər.

   Bildirilib ki, yubilyar 80 illik həyatında idman, elm, təhsil, jurnalistika, televiziyas. sahələrdə uğurlara imza atıb. Onun Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkili işində də əvəzsiz xidmətləri olduğu bildirilib.

   Qeyd edilib ki, professor Ağacan Abiyev yüksək idman nailiyyətlərinə görə SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim fəxri adlarına layiq görülüb. Avropa Boks İttifaqının vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin və Hakimlər Komissiyasının üzvü kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. 1987-2015-ci illərdə ADBTİA-nın rektoru işlədiyi dövrdə Azərbaycanda həm gənc idman mütəxəssislərinin, həm də dünya miqyasında tanınmış görkəmli idmançılar nəslinin yetişməsində misilsiz xidmətlər göstərib. A.Abiyev Azərbaycanda Olimpiya hərəkatının təbliğinə və inkişafına da mühüm töhfələr verib. Onun xidmətləri ölkə rəhbərliyi tərəfindən də daim yüksək qiymətləndirilib.

   Yüksək diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən A.Abiyev bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilməsini onun fəaliyyətinə verilən ən ali qiymət olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin idmançılara və gənclərə, eləcə də onun ictimai-siyasiidman fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini söyləyən yubilyar bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

   Sonda yubilyara xatirə hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.4.