Unudulmaz mahnılar müəllifinin yubiley gecəsi
Dekabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 80 illiyinə həsr edilmiş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə təşkil olunan tədbirdə qonaqlar öncə filarmoniyanın foyesində bəstəkarın ömür yolunu və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.
Yubiley gecəsində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə sənətkarın həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin Emin Sabitoğlunun 80 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən il ərzində bəstəkarın xatirəsinə həsr olunan çoxsaylı tədbirlər reallaşıb. Mədəniyyət müəssisələri, musiqi məktəbləri, kitabxana və muzeylərdə Emin Sabitoğlu yaradıcılığına həsr edilən gecələr sənətkarın zəngin irsinin təbliğinə, o cümlədən yetişməkdə olan nəslə çatdırılmasına xidmət edir. Görkəmli bəstəkarın mahnıları, unudulmaz melodiyaları daima səslənir, musiqisevərlərin zövqünü oxşayır. Bu bəstələr hər zaman qəlbimizlə, ruhumuzla bizimlədir.
Vurğulandı ki, Azərbaycanda nəğməkar bəstəkarlar az olmayıb. Cahangir Cahangirov, Süleyman Ələsgərov, Oqtay Kazımi və bir çox başqa bəstəkarlarımızın mahnılarını hər zaman sevə-sevə dinləmişik: “Emin Sabitoğlu 60-lar nəslindən olan yaradıcı insanlardandır. Bu nəsil ədəbiyyatımıza yeniliklər gətirdiyi kimi musiqimizə də yeni bir nəfəs gətirdi. Xalq yazıçısı Anar, Vaqif Səmədoğlu və digərləri həmin dövrün Bakı mühitini əsərlərində təqdim edirdilər. Onların sayəsində yeni sözlər (taksi, telefon) musiqimizdə, mahnılarda da yer aldı, mahnı janrında yeni intonasiyalar yarandı”.
Qeyd olundu ki, Emin Sabitoğlunun musiqimizə bəxş etdiyi mahnılar Mirzə Babayev, Flora Kərimova kimi tanınmış müğənnilərin ifasında populyarlıq qazanaraq sevildi: “Onun bəstələri bu gün də müğənnilərin repertuarında mühüm yer tutur, sevilir və sevilərək də yaşayır”.
Firəngiz Əlizadə çıxışında Emin Sabitoğlu ilə bağlı şəxsi xatirələrini də bölüşdü. Bildirdi ki, dahi Qara Qarayevin sinfində təhsil aldığı zaman Emin Sabitoğlu bəstəkarın yanında assistent kimi çalışırdı. O, hər zaman sakit, təmkinli görünürdü. Çox xeyirxah, tələbələrə hər zaman dəstək olan bir insan idi.
Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Gecədə 55 illik fasilədən sonra Emin Sabitoğlunun
simfonik musiqisi yenidən filarmoniyanın səhnəsində səsləndi.
Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri Xalq artisti Rauf
Abdullayevin dirijorluğu
ilə bəstəkarın
III hissəli simfoniyasını
ifa etdi. Gecənin yaddaqalan anlarından biri də bəstəkarın
“Dədə Qorqud” filmi üçün yazdığı musiqinin əsas süitasının
səslənməsi oldu.
Daha sonra bəstəkarın romansları, violin və orkestr üçün poeması, “Simfonik suitası” təqdim edildi.
İkinci hissə F.Əmirov adına Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblının (bədii
rəhbər və baş dirijor Xalq artisti Ağaverdi
Paşayev) və tanınmış müğənnilərin
ifasında Emin Sabitoğlu yaradıcılığından
unudulmaz mahnıların
təqdimatı ilə
davam etdi.
Qeyd edək ki, 1937-ci il noyabrın
2-də yazıçı-dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan bəstəkar 1954-cü ildən
Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında (indiki
Bakı Musiqi Akademiyası) böyük
bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Daha sonra P.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında Yuri Şoporinin
bəstəkarlıq sinfində
təhsilini davam etdirən E.Sabitoğlu yaradıcılıq fəaliyyəti
ilə yanaşı müxtəlif illərdə
Azərbaycan Dövlət
Filarmoniyasında bədii
rəhbər, konservatoriyada
müəllim işləyib.
600-dən artıq mahnının müəllifi
olan bəstəkar 9 musiqili komediya və 40-dək filmə musiqi yazıb. “Dərələr”, “Bakı,
sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “Bu dənizin gözü yaşlı sənsiz” və digər onlarla mahnısı dinləyicilərinin qəlbini
fəth edərək əbədi sənət ömrü qazanıb. Bəstəkarın kino yaradıcılığı
da zəngindir. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “Təhminə”,
“Həm ziyarət, həm ticarət” və digər filmlərə yazdığı
mahnılar onu xalqın yaddaşında əbədi olaraq yaşadır.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 6 dekabr.-
S.6.