Kimin üçün nəhəng, kimin üçün də cırtdan Qulliver

 

   Üç əsrə yaxındır əvvəlcə bütün ingilisdilli uşaqların, ardınca da dünyanın balaca kitabsevərlərinin sevimli ədəbi qəhrəmanı olmuş Qulliver ilə ilk tanışlığım şirin xatirə ilə bağlıdır. Sovet dövrünün uşaqları üçün sarı rəngli fonda klassik ingilis geyimli, parikli hündürboy kişi şəkli olan kağıza bükülmüş əl boyda "Qulliver" vaflili şokoladı ən şirin hədiyyə sayılırdı. "Qulliver"i bir dəfəyə yeməyə anamız da icazə verirdi, üstəlik, kiçik olduğundan onu bacı-qardaşla bölüşməyəndə də kimsə incimirdi...

   Elə həmin "Qulliver" şokoladı vəsilə oldu ki, Conatan Sviftin məşhur tetralogiyasının (dördlük) qəhrəmanı ilə tanış olum. Düzdür, Svift bütün macəra yazarları kimi daha çox oğlanların yazıçısı idi, nəinki qızların. Hər halda onun əsərlərini tanımağa dəyərdi.

   ...Bugünkü Azərbaycan uşaqlarının Qulliver ilə tanışlığı kitabdan savayı, təxminən 12-13 adda bədii və cizgi filmindən də başlaya bilər. Amma ən məsləhətli tanışlıq hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındakı “Qulliver cırtdanlar ölkəsində” tamaşasına baxmaqdır.

   Bəli, düz oxudunuz. Dəniz səyahətinə çıxmış gəmi həkimi Qulliverin fırtınaya düşərək qəzaya uğrayan gəmidən sahilinə çıxdığı cırtdanlar ölkəsində başına gələnlər teatr səhnəsində təqdim edilir. Tamaşada kukla teatrı elementlərindən istifadə edilsə də, iştirakçıların hamısı canlı aktyorlardır, həm də onlar baş qəhrəman Qulliverin yanında həqiqətən cırtdan kimi görünürlər.

   Quruluşçu rejissor Elşad Rəhimzadə həm də əsəri rus dilindən çevirib səhnələşdirdiyi üçün səhnə əsərini müəllif tamaşası hesab etmək olar. Rejissor kukla teatrındakı təcrübəsindən bu tamaşada yetərincə və yerində faydalanıb. Hadisələr dənizin sıldırım qayalığının üstündə (oxu: podiumun üstündə) cərəyan edir. Qulliver qayalığın üstündə gəzir, cırtdanlar isə onun arxasında: bu tapıntı artıq aktyorlar arasında əsərin tələb etdiyi boy fərqini nizamlayır. Amma cırtdan insanın obrazı uşaq üçün tam yaradılmasa, balaca tamaşaçı səhnədəki əhvalat ilə maraqlanmayacaq. Axı, uşaqlar şərtiliyi çətin qavradıqlarından onu sevmirlər. Azyaşlıların diqqətini səhnədə saxlamaq və onları aktyorların məhz bu boyda, yəni Qulliverin dizindən olmasına inandırmaq üçün cırtdan rollarında çıxış edən aktyorların geyiminə ayaqlar taxılıb ki, salondan baxanda qayalığa toxunan həmin qondarma ayaqlar bitkin cırtdan obrazını tamamlayır.

   Aktyor ifasına gəlincə, “Qulliver cırtdanlar ölkəsi”nin iştirakçıları - əməkdar artistlər Vahid Əliyevi və Nofəl Vəliyevi (hər ikisi Saray şairi rolunda çıxış edir) çıxmaqla - teatrın gənc və perspektivli aktyorlarıdır. Maraqlı cəhət budur ki, həmin gənclər yalnız uşaq tamaşalarında qapanıb qalmırlar. Şəxsən mənim üçün "Leyli və Məcnun"da Məcnun, "Xortdanın cəhənnəm məktubları"nda Fərman kimi faciə qəhrəmanı rolunda çıxış edən Bəhram Həsənovu cırtdanların imperatoru Molli rolunda görmək maraqlı idi. Hərçənd aktyor Ramil Məmmədovun qrotesk çalarlarla dolğunlaşdırdığı Mollisi də təbəələri ilə amansız davranışı üzündən kölgəsindən qorxan çox maraqlı və dolğun hökmdar obrazıdır.

   Qulliver obrazı da iki aktyora həvalə edilib: truppanın ən boy-buxunlu aktyorlarından Elşən Hacıbabayev və Müşfiq Əliyev Qulliver kimi təkcə cırtdanlar ölkəsinin xəzinəsini "yeyib tükətmirlər", həm də onların özləri boyda olan düşmənlərini də asanlıqla məğlub edirlər. Tamaşa müəllifi bilərəkdən Qulliveri həm də libasına görə avtoritar rejimli ölkədə cırtdan imperatorun heç nədən insan qətlinə fərman verməsini adi qarşılayan, yaltaqlıq yarışına girən cırtdan əyanlarından fərqləndirir. Bizim Qulliver cins şalvar, futbolka, çəkmə geyinmiş müasir insandır. Baş qəhrəmanın bu cür təqdimatı isə balaca teatrsevərlərə səhnədən belə bir ismarış ötürür ki, Qulliver kimi aydın düşüncəli, geniş dünyagörüşlü olan hər kəs insanları incidən köhnəliklə mübarizə aparmağı bacarar. Balaca tamaşaçılarla səhnədən ünsiyyət yaratmağı yaxşı bacaran Elşən Hacıbabayevin (Müşfiq Əliyevi tamaşada görmədiyimiz üçün onun ifasını təhlil etmirik) öz Qulliverini onlara bəyəndirə bildiyinə əminik.

   Aktyorların podium arxasında dayanaraq obraza girməsi onların hərəkət imkanlarını xeyli məhdudlaşdırır. Bu üzdən də onlar səs çalarları və mimika ilə daha çox oynamağa, obrazın hiss və həyəcanlarını bildirməyə məcburdurlar. Əlbəttə, bu məqam onların öz aktyorluq potensialını məhdud priyomlardan istifadə etməklə də çatdırmağa alışdırır. Admiral (Elnur Hüseynov və Mirzəağa Mirzəyev), Xəzinədar (Nuranə HüseynovaAygün Fətullayeva) Məsləhətçi (Vüqar Məmmədəliyev və Ramiq Nəsirov) Şairə və Su pərisi (Asya Atakişiyeva və Xəyalə Meydanova) tamaşada şövqlə çıxış edir, hərəkət məhdudiyyətini ifa məziyyətinə keçirə bilirlər.

   Qulliver cırtdanlar ölkəsində” klassik uşaq tamaşasının təməl prinsiplərini (qısa vaxt, çevik davranış, birbaşa salona oynamaq, şərtiliyi qabartmamaq, dekorasiyaların bir neçə yüngül hərəkətlə transformasiyası və s.) gözləməklə bu günün uşaqlarına hesablanıb. Hətta tamaşanın proloqundaepiloqunda Qulliverin gəmisinin qəzaya uğramasına səbəb olan sualtı dünya məxluqlarının sevgi sərgüzəştinə eyham (onsuz da uşaqlar hər şeyi bilirlər) səhnəsi də tamaşanın ümumi ruhuna yad görünmür. Tamaşada İmperator Molli Qulliverə öz xalqının etnoqrafiyasını nümayiş etdirir: hinduAvstraliya aborigenlərinin rəqs elementlərinin bol olduğu maskalı rəqs tamaşaya şouluq gətirir və tamaşanın afişada göstərilən janr istiqamətini - əyləncəli macəra olduğunu təsdiqləyir.

   Bütün bunlar kitabdan daha çox internet mütaliəsinə, canlı tamaşadan daha çox virtual oyunlara meylli uşaqları 50 dəqiqə nəzərlərini səhnədən çəkməməyə vadar edir. Onların bu tamaşadan sonra Qulliverin digər sərgüzəştlərindən bəhs edən filmlərə tamaşa edəcəklərinə, Sviftin məşhur kitabını oxuyacaqlarına da inanıram.

   Tamaşa Lemyuel Qulliverin səyahətlərindən biri barədədir. Sviftin qəhrəmanı növbəti səfərlərində də cırtdanlar ölkəsindən az maraqlı olmayan məkanlara səyahət edir. Hətta elə bir yerə düşür ki, özü həmin ölkənin sakinləri arasında cırtdan kimi görünür...

   Yeri gəlmişkən, Qulliver boyca heçadi insanlardan çox hündür olmayıb. Odur ki, kiminsə sizə görə çox hündürboylu birisi üçün "Qulliver" deyəndə azca düşünün. Axı, Qulliver kimin üçünsə nəhəng, kimin üçünsə cırtdandır.

   Amma övladlarınızı bu tamaşaya mütləq aparın. Elə özünüzsalona keçib baxın. Çünki Qulliverin başına gələnlərdən bəhs edən tamaşada balacalar üçün baxmalı, böyüklər üçün də eşitməli çox şey var.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.11.