Milli maraqlar -
müstəqil siyasətin təməl şərti
Hər bir dövlətin inkişaf prioritetləri onun milli maraqları ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasının 2007-ci ildə qəbul olunmuş Milli təhlükəsizlik konsepsiyasında müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması birinci sırada olmaqla milli (dövlət) maraqlarımızın doqquz istiqaməti qeyd edilib. Ondan üç il öncə (2004) qüvvəyə minən “Milli təhlükəsizlik haqqında” qanunda ölkənin milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərindən biri kimi ictimai və dövlət maraqları arasında tarazlığın saxlanılması göstərilib.
Əslində, ictimai maraq heç də yekcins deyil və cəmiyyətin ayrı-ayrı kəsimlərinin maraq və mənafelərinin məcmusu kimi özünü büruzə verir. Milli və ya dövlət maraqları isə ictimai maraqların fövqündə dayanaraq xalqın fundamental dəyər və məqsədlərini, ölkənin tərəqqisi naminə siyasi, iqtisadi, sosial və sair tələbatları ehtiva edir. İctimai maraqlar dövlətin daxili, milli maraqlar xarici siyasəti ilə bağlıdır. Lakin bu fərqlərə rəğmən ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Azərbaycan Respublikasının milli maraqları və onun çərçivəsi” adlı məqaləsində (2010) bunu əsaslandıraraq yazır: “Çünki həm beynəlxalq aləmin və ölkələrarası münasibətlərin təsiri ictimai maraqlardan yan keçmir, həm də milli maraqlar ölkədəki sosial-iqtisadi vəziyyətdən, ictimai-siyasi sabitlikdən, mənəvi-əxlaqi mühitdən asılı olur. Azərbaycan kimi keçid dövrünü yaşayan ölkələrdə bu bağlılıq özünü daha qabarıq büruzə verir”.
Tarixin gərdişi elə gətirib ki, ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan Ermənistanın hərbi təcavüzü ilə üzləşib və bu problem milli maraqlarımıza qarşı ən böyük təhdid olaraq qalmaqdadır. Professor Əli Həsənov sözügedən məqaləsində Azərbaycanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən ikinci əsas məsələni də qeyd edir: ölkənin təbii ehtiyatlarını özünün müəyyən etdiyi xarici tərəfdaşlarla birgə işlətməsi, heç kimdən asılı olmayan, əlverişli yollarla dünya bazarlarına çıxarması, müvafiq nəqliyyat, tranzit-dəhliz kommunikasiyalarına malik olması. Bu müddəa yuxarıda isnad etdiyimiz “Milli təhlükəsizlik haqqında” qanunda da əksini tapıb.
Milli təhlükəsizlik və dövlət maraqları
Beləliklə, Azərbaycanın milli təhlükəsizliyi və dövlət maraqlarının bir-biri ilə sıx bağlı iki əsas məsələsi üzərində dayanırıq: ərazi bütövlüyümüzün bərpa olunması və ölkəmizin regional enerji-nəqliyyat dəhlizləri şəbəkəsində öncül rolu. Birinci üçün ikincinin nə qədər əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Son 10 ildə Azərbaycanın liderliyi ilə reallığa çevrilən transmilli layihələrin (neft-qaz kəmərləri) sırasına bu günlərdə əlavə olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bunun təsdiqidir. BTQ magistralı - iqtisadi perspektivləri, strateji-coğrafi imkanları və digər özəllikləri ilə bərabər - bizim üçün həm də (və ilk növbədə) geosiyasi layihə, işğalçı ölkəyə gözdağıdır. Üstəlik, Azərbaycan rəhbərliyi bunu heç vaxt gizlətməyib və ilk gündən açıq bəyan edib. Biz də bu yazıda BTQ layihəsini Azərbaycanın milli maraqları kontekstində nəzərdən keçirəcəyik.
“Regionda mövqelərimiz güclənir. Həyata keçirilən regional layihələr bizə imkan verir ki, milli maraqlarımızı daha əzmlə müdafiə edək. Bütün istiqamətlərdə Ermənistana təzyiqlər davam etdiriləcək”. Prezident İlham Əliyev bu sözləri 2004-cü il dekabrın 7-də Nazirlər Kabinetinin iclasında demişdi. İclasda Orta Asiya ölkələrindən Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyə və Avropa istiqamətində göndərilən tranzit yüklərin bir hissəsinin sonradan Ermənistana daxil olması məsələsi də gündəmə gəlmişdi. Gürcüstanla Türkiyə arasında dəmir yolu xətti yox idi, qatarlardan boşaldılan konteynerlər TIR-larla daşınırdı və bu zaman bəzi yüklərin Ermənistana göndərilməsinə dair məlumatlar vardı.
Prezident bununla bağlı Azərbaycan-Gürcüstan sərhədində yük qatarlarının ciddi şəkildə yoxlanılması barədə göstəriş vermiş, hətta sərhəddən yüklərin keçməsi bir müddət dayandırılmışdı. Xatırladaq ki, Azərbaycan 1998-ci ildə Bakıda təməli qoyulan TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramına o şərtlə qoşulmuşdu ki, ölkəmiz üzərindən daşınan yüklər Ermənistana keçməyəcək. “Odur ki, biz buna imkan verə bilmərik və bunun üçün müxtəlif tədbirlər görürük”, - deyən dövlət başçısı əlavə etmişdi ki, bu tədbirlərdən biri Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkəsinin birləşdirilməsi olacaq. Prezident Gürcüstan və Türkiyə arasında magistralın (Axalkalakidən sərhədədək) tikintisi üçün Azərbaycanın vəsait ayırmağa hazır olduğunu da bildirmişdi.
Bakı-Tbilisi-Qars layihəsi - Azərbaycanın geosiyasi həmləsi
Qeyd edək ki, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası davam edirdi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də layihə mərhələsində idi. Yəni Azərbaycanın sözügedən vəsaiti ayırmağa hələ büdcəsi imkan verməsə də, bir-iki ilə bu, mümkün olacaqdı. Beş ay sonra, 2005-ci ilin 25 mayında Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan hissəsinə neftin vurulması mərasimində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə də yaşıl işıq yandırıldı: Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən birgə bəyannamə imzalandı.
Gözlənildiyi kimi, erməni lobbisi dərhal BTQ əleyhinə hərəkətə keçdi, ABŞ Konqresində Ermənistanın regional təcridini gücləndirəcək layihənin əngəllənməsi üçün qətnamə hazırlandı. 2006-cı ilin iyulunda Nümayəndələr Palatası ABŞ hökumətinə və maliyyə qurumlarına bu layihəyə dəstək verməməyi tövsiyə edən qətnamə (5068 saylı) qəbul etdi. Hələ 2004-cü ildə BTQ-yə dəstək ifadə edən Avropa Birliyindən də maliyyə məsələsində səs çıxmırdı. Ermənistan beləcə BTQ-nin iflasa uğrayacağını güman edirdi. Amma Bakı bu gedişata hazır idi. 2006-cı ilin 13 iyulunda Ceyhan limanında Azərbaycan neftinin dünya bazarına nəqli başlanmışdı və yeni layihə üçün maliyyə ayırmaq artıq problem deyildi.
“Bizim imkanlarımız var. Azərbaycan öz maliyyə öhdəliyini yerinə yetirməyə hazırdır. Ona görə də Ermənistanın bu cəhdlərinin heç bir uğuru olmayacaq. İşğalçı ölkə regional layihələrdən təcrid olunmuş vəziyyətdə qalacaq”, - deyə Prezident İlham Əliyev türkiyəli jurnalistlərin dəmir yolu layihəsi ilə bağlı sualına cavabında bildirmişdi.
2007-ci ilin fevralında Gürcüstan paytaxtında BTQ-nin tikintisinə dair saziş imzalandı. Azərbaycan Gürcüstan ərazisində yeni dəmir yolu xəttinin (Türkiyə sərhədinədək) tikintisi və mövcud magistralın rekonstruksiyası üçün ilkin olaraq 200 milyon dollar güzəştli kredit ayırdı. Həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində ilk relsin təməli qoyuldu. 2008-ci ilin iyulunda Türkiyə tərəfi layihənin Qars-Gürcüstan sərhədi hissəsinin inşasına başladı.
Sonrakı müddətdə həm işlərin maliyyətinin artması, həm də inşaatın uzanması xeyli diskussiyalara, hətta bu layihənin lazımlığına dair skeptik fikirlərə meydan açdı. O cümlədən Türkiyə tərəfdə işlərin ləngiməsi BTQ-nin açılışını bir neçə il ertələdi. Azərbaycanın layihənin Gürcüstan hissəsi üçün ümumilikdə 775 milyon dollar güzəştli və uzunmüddətli (25 illik) kredit verməsi bu gün də bu diskussiyaların əsas mövzularındandır. Qonşu ölkə 25 ilə həmin vəsaiti BTQ-dən əldə edəcəyi tranzit gəlirlərlə rahat ödəyəcək. Yəni layihənin Gürcüstan hissəsi (263 kilometr) faktiki olaraq bizim hesabımıza ərsəyə gəlib. Bu bir gerçəkdir. Çünki, qeyd etdiyimiz kimi, BTQ ilk başdan həm də geosiyasi bir layihə idi və onun gerçəkləşməsi Gürcüstandan (elə Türkiyədən də) daha çox Azərbaycana lazım idi.
Bəli, Azərbaycan bu layihədən real gəlirləri (ona qoyulmuş maliyyəti çıxarandan sonra) hələ 10-15 il gözləyəcək, amma onun siyasi dividentlərini artıq hesablamaq olar. BTQ Azərbaycanın işğalçı Ermənistana qarşı təzyiq siyasətinin mühüm bir vektorudur, dövlətimiz üçün milli maraq məsələsidir. Məhz bu səbəbdən dəmir yolunun inşası başlamamış (may 2007) Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyasına bu layihə ilə bağlı ayrıca bənd salınmışdı.
Konsepsiyadakı diqqətçəkən məqamlardan biri də BTQ-nin təkcə Şərq-Qərb istiqamətində deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanın tranzit ölkə kimi potensialını gücləndirəcək rolu ilə bağlıdır. Yəni hələ 10 il əvvəl bu layihə Azərbaycanın regionda nəqliyyat-tranzit mərkəzinə çevrilməsində mühüm arteriya kimi nəzərdən keçirilib. İnşası davam edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt qəsəbəsi) Xəzər üzərindən hər iki istiqamətdə yükdaşımaları üçün ana qovşaq olacaq.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 30-da BTQ dəmir yolunun açılış mərasimindən iki gün sonra Tehranda İran və Rusiya prezidentləri ilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsini sürətləndirmək barədə danışıqlar apardı. Qeyd edək ki, ölkəmiz bu istiqamətdə də öz öhdəliyini yerinə yetirib. Azərbaycanın və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan) - Astara (İran) xətti (8,7 km) inşa edilib. Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi istismara hazırdır.
Siyasi və iqtisadi maraqlar bir rels
üzərində
Beləliklə, BTQ layihəsi Azərbaycanın
siyasi və iqtisadi maraqlarına cavab verməklə yanaşı, regional əməkdaşlığa
da geniş zəmin yaradır.
O, Çin və Mərkəzi Asiya üçün Avropaya ən qısa yol, Rusiya üçün
Türkiyə və Cənubi Avropa ölkələri ilə,
İran üçün
Gürcüstanla dəmir
yolu əlaqəsi, yaxın-uzaq bir çox başqa ölkələr üçün
sərfəli nəqliyyat
şəbəkəsidir.
“Ermənistan
ticarət yollarından
kənarda qalmağa davam edəcək. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan özünə aydın bir gələcək inşa edir. Bizimlə dost olanlar qazanar, düşmən olanlar itirər”. Prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın
3-də Türkiyənin Ermənistanla
sərhəd Ağrı
bölgəsində dediyi
sözlər həm də BTQ reallığına
işarədir. İrəlidə bu dəmir yolunun
Qarsdan Naxçıvana
qədər uzanması
və muxtar respublikanın Ermənistanın
blokadasından çıxarılması
perspektivi də var.
Bu reallığı,
əslində, Ağrı
dağının bu tayındakılar da dərk edirlər.
BTQ layihəsinin işə
düşməsini Ermənistanın
məğlubiyyəti kimi
dəyərləndirən erməni
şərhçiləri arasında
regional enerji-nəqliyyat dəhlizlərinin
bu ölkədən niyə yan keçdiyini
etiraf edənlər də var. “Ermənistan hakimiyyətinin mövcud siyasəti dəyişməyincə
bu fonda
ölkənin izolyasiyası
da real görünür”,
- deyə 1in.am saytında
Sarqis Artsruni adlı şərhçi
yazır. İşğalçı ölkədə belə düşünənlərin
sayı nə qədərdir, demək çətindir. Bu artıq erməni cəmiyyəti üçün
müstəqil, yoxsa forpost ölkə olmaq arasında bir seçimdir.
Azərbaycan dövləti üçünsə prioritet və maraqlar prizmasında heç vaxt belə seçim olmayıb və olmayacaq. Prezident İlham Əliyevin sözləri bunu bir daha ifadə edir: “Müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz ləyaqətli yoldur. Azərbaycanın dünya miqyasında rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir”.
Vüqar
Əliyev
Mədəniyyət.- 2017.- 6
dekabr.- S.12.