Sənətə bağlı ömür

 

 

   Müəllimlik şərəfli və məsuliyyətli peşədir. Musiqi sahəsində fəaliyyət göstərənlərin bir çoxu eyni zamanda müəllim kimi də çalışıblar. Onlar sələflərinin mənəvi mirasını yeni nəslə ötürmək üçün yorulmadan bu missiyanı yerinə yetiriblər. Əməkdar mədəniyyət işçisi Elxan Məmmədov da belə insanlardandır.

   Bütün varlığı ilə mədəniyyətə, sənətə dərin tellərlə bağlı olan Elxan Əyyub oğlu Məmmədov 30 noyabr 1947-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarından radio dalğalarından musiqi proqramlarını sevə-sevə dinləyib, get-gedə musiqiyə könül verməyə başlayıb. 1955-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbinə violonçel ixtisası üzrə daxil olub. 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının İfaçılıq fakültəsinə qəbul olunub. Burada görkəmli musiqiçilər Cövdət Hacıyev, Azad Əliyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Soltan Hacıbəyov, Süleyman Ələsgərov və başqalarından ifaçılığın sirlərini öyrənib.

   1966-1971-ci illərdə Azərbaycan Dövlət Simfonik Orkestrində (violonçel qrupu) fəaliyyət göstərib. 1971-1973-cü illərdə Azərbaycan TeleviziyaRadiosunun Simfonik orkestrində çalışıb, 1974-cü ildən teleradionun Kamera orkestrində ifa edib.

   1973-cü ildə hərbi xidmətdə olduğu dövrdə Elxan Məmmədov yüksək peşəkarlığı sayəsində Rusiyanın Yeysk şəhər Uşaq musiqi məktəbi ilə müqavilə bağlayaraq burada təhsil alan şagirdlərdən ibarət simfonik orkestr yaradıb. Kollektivin müxtəlif səhnələrdə konsert proqramları maraqla qarşılanıb, Elxan Məmmədov fəxri fərman və döş nişanları ilə təltif olunub.

   Elxan müəllim ifaçılıqla yanaşı, qazandığı təcrübəni yeni nəsillərlə bölüşmək qərarına gəlir. 1976-cı ildə Bakı şəhəri 15 nömrəli Uşaq musiqi məktəbində violonçel müəllimi olaraq pedaqoji fəaliyyətə başlayır. İki il sonra Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mədəniyyət şöbəsində musiqi məktəbləri üzrə inspektor, 1979-cu ildə isə şöbənin müdir müavini vəzifələrində işləyir.

   1980-ci ildə Bakı şəhəri 1 nömrəli Uşaq musiqi məktəbinin (təhsil ocağı 1988-ci ildə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi adlandırılır) direktoru təyin olunur. 35 il bu məktəbə rəhbərlik edən Elxan müəllim 2015-ci ildən təqaüddədir.

   Elxan Məmmədov təşkilatçılıq bacarığına və musiqi tədrisinə görə dəfələrlə təltif olunub. O ən böyük mükafatını isə 2007-ci ildə alıb, Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

   Elxan müəllim fəaliyyəti dövründə təşkilatçı rəhbər, pedaqoq, gözəl ziyalı kimi kollektivin rəğbətini qazanıb. O, dünyagörüşünün formalaşmasında aldığı təhsilin, topladığı təcrübənin böyük əhəmiyyəti olduğunu deyir. Hesab edir ki, həyat və sənət yollarında qeyri-adiliklər, uğurlar, zirvələr o zaman olur ki, bu cığırı məhz özün salasan.

   O, 1966-cı ildə, hələ konservatoriyanın birinci kursunda oxuyarkən filarmoniyanın nəzdində maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrinin solisti kimi kollektivlə birlikdə bir çox ölkələrdə qastrol səfərlərində olub. Q.Qarayev adına Kamera orkestri ilə birlikdə Polşanın paytaxtı Varşavada konsertlərdə çıxış edib.

   Onun məktəbə rəhbərliyi dövründə təhsil ocağının məzunları daim yüksək nəticələri ilə seçiliblər. Elxan müəllimin yaratdığı “Aysel” rəqs ansamblı Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda dəfələrlə çıxış edib, müxtəlif mükafatlara layiq görülüb.

   Öncə qeyd etdiyimiz kimi Elxan Məmmədov konservatoriyada violonçel sinfini bitirmiş, Qərb musiqi sistemini öyrənmişdi. Lakin o, milli musiqi irsimizə dərindən bələd olduğuna görə təhsil ocağında həmişə milli musiqimizin inkişafı naminə mühüm işlər aparıb. Hər bir şagirdin ilk öncə milli musiqimizi və Azərbaycanın dünya şöhrətli bəstəkarlarının əsərlərini ifa etməsini diqqətdə saxlayıb. Azərbaycan bəstəkar və xalq musiqisi onun dünyasında ayrıca yerə sahibdir. Elxan müəllim musiqimizin təəssübkeşi olması, işgüzarlığı, qabiliyyət və istedadı sayəsində paytaxtın musiqi ictimaiyyətinin dərin hörmət və məhəbbətini qazanıb.

   İnsan övladı dünyaya gəlir ki, gözəl əməlləri, saflığı, sadəliyi ilə yaddaşlarda qalmağı bacarsın. Bunun üçün elə yaşamalı, elə işləməlisən ki, görkəmli şairimiz Rəsul Rza demişkən, “Sən olmayanda yerindəki boşluq görünsün”. Elxan müəllim zəngin mənəvi dünyası olan ziyalı, xeyirxah insan kimi tanınıb. Mənəvi zənginlik düşünən insan üçün böyük nemətdir. Elxan Məmmədov o xoşbəxt insanlardandır ki, onun üçün mənəviyyat hər şeydən yüksəkdə dayanır. Bu onun musiqinin, ümumiyyətlə, sənətin fəlsəfəsini dərindən duyması ilə bağlıdır. Ömrünün çox hissəsini musiqi mədəniyyətimizin inkişafı və təbliğinə həsr edən Elxan müəllimi 70 yaşı münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq.

  

   Kəmaləxanım Əsədullayeva

   sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.13.