Tək elə dil-dodağıyla yox -
əl-qolu,
bər-bədəni, qaş-gözüylə
də oxuyub getmiş, səs-avazısa
əbədi qalmış
Baba Mirzəyev...
Bir qədər lokal Azərbaycan AŞIQlığının
gözünə dünyəvi
sənət AŞİQliyi
də qatıb, bu ana sənətimizi
xeyli qloballaşdırmış,
Saz-Söz yurdu, qələm-qaltan məkanı
kimi tanınan Qazax-Ağstafa elatını
öz şaqraq səs-avazıyla muğam-məqam,
mahnı-təsnif və...
milli-kolorital əba-çuxasından
çıxmamağa çalışıban,
Qərb-Şərq qovuşuğunda
ifa etdiyi ariyalarla dünyəvi
opera başarılılığına da qovuşdurmuş Baba Mirzəyev...
Bəri başdan deyim
ki, oxuları dillər əzbəri, efir-ekran bəzəyi olan bu sənətkarın
ifanamə nümunələrini
sadalayıb, bu yazının həcminə
“xələl” gətirmək
fikrində deyiləm.
Bir bunu qeyd edim
ki, bu təpədən-dırnağa
xalqavuz, el-obahəngi sənətkar tək elə xalq mahnıları
və aşıq havalarını təbliğ
etməyə çalışanlardan
deyil, həm də, məhz bu zəngin və ölməz milli irslə tanınıb-sevilmək arzululardan
idi. Mənim bu qənaətimi ciddiyə almayanlar onun “Misri Koroğlu”,
“Koroğlu qaytarması”,
“Ay bala gəlin”, “Durnalar” kimi nümunələrdə necə
vokal “pəstah”lar çıxarmasını xatırlasalar,
bəs edər.
1940-cı ildə
Ağstafanın Muğanlı
kəndində doğulub,
orta məktəbi qızıl medalla bitirib, neftçi-mühəndis
olmaq arzusuyla Bakıya gələrək
AZİ-yə (indiki Neft Sənaye Universitetinə) qəbul olunan Baba Mirzəyev ad-soyadlı bu özünəməxsus oğlan,
bir xeyli fərdi gərdiş-“gərənay”dan sonra, bütün Azərbaycana,
ümumən Türk dünyasına “Baba Mahmudoğlu”
kimi tanındı, sevildi, məşhurlaşdı.
Amma bu nəticə oqədər də “atüstü”-asan başa gəlmədi; lap dördoktavalı səs-avazındakı
zəngulələr kimi,
-
Pillə-pillə...
Neftçilik tələbəsi ikən yoldaşları onu S.Şuşinskinin yanına aparıb və böyük Ustad onu “muğamnəfəs
oğlan” adlandırıb.
Sonra bu oğlan A.Zeynallı
Məktəbinə ayaq
açıb, Ə.Məmmədov,
Z.Xanlarova, S.Abdullayev, N.Məmmədova və b. ilə birgə muğamları öyrənib.
Ardınca S.Rüstəmovun orkestrində efirə çıxıb, Ə.Bakıxanov,
B.Salahov və (bir qədər sonra) Ə.Dadaşovun ansamblları ilə ekranda görünməyə
başlayıb. 1962-də
Akademik Opera və Balet Teatrının stajoru, bir müddət
keçmiş solisti olub. “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Xanəndənin
taleyi” operalarında baş rolları oynayıb, “Koroğlu”da isə - bir şahid kimi deyim ki, misilsiz
(!) bir “Təlxək” obrazı yaradıb. Sağlığında yaratdığı ansamblla neçə-neçə
xarici səfərlərdə
olub, bənzərsiz musiqi və səsimizi başqa xalqlara da çatdırıb.
Çox şirindil, eyniaçıq,
söhbət-xatirəçil olmuş bu sənətkar
haqda xatirələr də çoxdur və onlardan dördünün - xalq artistləri Şəfiqə
Axundova, Canəli Əkbərov, Yasin Qarayev (tələbə yoldaşı) və Qəndab Quliyevanın dediklərindən fraqmentləri
sayın oxucularımızın
diqqətinə çatdırmaq
istəyirəm:
“Baba çox
gözəl səsli,
orijinal maneralı sənətkar idi. Onunla yaradıcılıq ünsiyyətim,
daha çox, mənim “Gəlin qayası” operamla başlandı. Bu operanın ərsəyə
gəlməsində onun
zəhmətini heç
vaxt unutmaram. İlk tamaşada Camal rolunu Baba oynadı.
O, bu obraza da böyük məsuliyyətlə yanaşdı,
ən xırda detalları belə tamaşaçıya çatdırırdı;
axı, Babanın gözəl aktyorluğu da vardı!”
“Baba Mahmudoğlu
ilə 40 ildən çox dostluq etmişəm. O bir sənətkar kimi də, şəxsiyyətcə
də özünəməxsus
adam idi.
Uzun illər Opera və Balet Teatrında birgə çalışmışıq
və onun, demək olar, bütün rollara hazırlığı mənim
gözümün qabağında
olub. Baba kimi məsuliyyətli sənətkar
çox az
tanıyıram. Bütün
bunlarsa onu xatirəmdə ən yaxşı sənətkar,
ən yaxşı
dost, ən yaxşı
insan kimi yaşadır. Əminəm
ki, onun səsi və yaratdığı sənət
nümunələri, musiqi
xəzinəmizin qiymətli
inciləri kimi, xatirə və lent yaddaşlarından heç
vaxt silinməyəcək”.
“Mən
Xarici Dillər İnstitutunun 3-cü kursundan
İncəsənət İnstitutunun
(ADMİU) Musiqili-komediya aktyorluğu
fakültəsinə keçəndə
Baba da AZİ-ni bitirib həmin fakültəyə gəlmişdi.
Diplom tamaşamız olan “Arşın mal alan”da Baba Əsgər
obrazını, Nəsibə
xanım Xalanı, mən - Vəlini oynadıq. Sən demə, onun
səhnə qabiliyyəti
müəllimlərimizdən Şəfiqə Axundovanı
elə məftun edir ki, “şəxsən
Babanın benefisinə”
bir opera yazmaq qərarına gəlir.
Bəli,
həmin illər Şəfiqə xanım dərsdə bizə tapşırıqlarını verər,
yeni mahnılarını
Baba ilə məşq
etməklə yanaşı,
məqamı gəldikcə,
“Gəlin qayası” operasından parçaları
da yazırmış.
Əsər hazır oldu,
Opera Teatrına verildi
və baş rolu, ovaxtadək orada stajor-yarımştat işləyən Baba Mirzəyevə
həvalə etdilər.
O tamaşaya biz də
baxdıq və böyük qürur hissi keçirtdik. Bəs necə, sabahısı bütün qəzetlər
“Alqış, səhnəyə
istedad gəlir!” kimi rubrikalar altında bizim tələbə yoldaşımız
Baba Mirzəyevdən yazmışdı!”
“Çox səmimi dost, aydan arı-sudan duru bir ömür yaşamış Baba Mahmudoğlu
ilə səhnə tərəf-müqabili olmaq
özgə bir aləm idi. Bu
çox savadlı, geniş mütaliəli, səhnə sələflərindən
gördüyü bütün
müsbətləri götürən
sənətkar öz xələflərindən heç
nəyi əsirgəmirdi.
Yeri gəlmişkən, mən
sizə Baba sənətkarlığının
“bais” olduğu bir “minus”umu da deyim. Belə ki, mən
Baba ilə səhnə
duallığında olarkən,
bəzən, onun sənət “əsarət”inə
- yüksək peşəkarlıq
“labirint”inə düşüb,
səhnədə olduğumu
unudar, vurğun tamaşaçılarından birinə
çevrilərdim. Bu böyük istedad Babaya Tanrı bəxşişi idi.
Yaxşı sənətkar olmaq
həm də yaxşı insanlıqdan başlayır. Baba çox gözəl insan idi. Ailəsində də, dostları
arasında da onun yeri göz
üstə, hörmət-izzəti
qəlb içində
idi. Bu, onun cismani yoxluğunda da belədir...”
Sonuncu xatirədəki son cümləni
- “yad” (uzun zaman səhnə tərəf-müqabili olsa
da) bir xanımın
bu çəki-zəkili
qədir-qiymətini məhrəm
bir xanımın - xanəndənin öz həyat yoldaşı Amalya Cəfərzadənin
mətbuata müsahibələrindən
birində (xeyli ixtisarla) -
“Yoxlayaq”...
"Onunla
tanışlıq anlarını
heç vaxt unutmaram. Bizim yataqxanamız (indiki
Azadlıq prospektindəki)
Neft-Kimya İnstitutunun
yataqxanası ilə üzbəüz idi.
Bir çox tələbələr
kimi, mən də, bəzən axşamlar səsi aləmi başına götürən Babanı
yaxşı tanıyırdım.
Bir gün (təbii ki, onun uzun
“pusqu”sundan sonra) bu səs sahibinin
özüylə də
rastlaşdım və
elə ilk görüşümüzdəncə
mənə evlənmək
təklifi etdi. Heç kimə qəribə gəlməsin, bu, Babanın xarakterindən irəli gəlirdi. Birgə yaşadığımız illərdə
şahidi oldum ki, Baba sözün ağını da, qarasını da adamın gözünün
içinə qıpqırmızı
deyən adamdı.
Nəysə... Elçi göndərdi,
ailə qurduq, başladıq ev-eşik qurmağa. Mən “quru” texniki sahədə,
o, böyük sənət-musiqi
aləmində...
Uşaq kimi təmiz,
halal möminlər kimi səmimi idi. Evimizdə bədii, tarixi,
fəlsəfi, siyasi əsərlərdən ibarət
zəngin bir kitabxana qurmuşdu. Dünya fəlsəfə tarixinin incəliklərinədək maraqlanırdı,
fəlsəfədən dissertasiya
yazıb-müdafiə etmək
istəyirdi. Çoxu Moskva
nəşrləri olmaqla,
30-dək qəzet-jurnala abunə
idi. Bizi də mütaliə
xəstəsi etmişdi.
Nəvələrimizin bu
hər iki mənalı Babaları çox həssas bir ürək sahibi, xoşniyyət, xoşüz-xoşsöz bir
insan idi...
Qohum-əqrəba da çox istəyirdi onu. 1962-dən 78-ə qədər birotaqlı darısqal (Nəsimi bazarının yanı) evdə yaşamışıq. Ömrümün ən gözəl çağları olub o illər...
Dövlətimizin qayğısı həmişə onun da üzərində olub. Sağlığında mənzillə təmin edildi, yubileyi, anım günləri keçirilir.
Ancaq... çətindir onsuz, çox çətindir... Hara gedirəm səsi qulağımdadır.
Yadigarlarının - övladlarımızın, nəvələrimizin uğurlarına yaşayıram...”
Öz ev-eşiyilə bahəm, böyük səhnə sənətimizin də kamlı Məcnunu olmuş bu sənətkar bu əsrin 6-cı ilinin 6 dekabrında - 66 yaşında (bu rəqəmlərdə də bir “zəngulə”vilik...) vəfat edib.
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 6
dekabr.- S.15.