Paytaxtda yenilənən mədəniyyət ocaqları

 

 

   Maştağa Mədəniyyət mərkəzinin və Rostropoviçlər adına Musiqi məktəbinin yeni binaları istifadəyə verilib

  

   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 6-da Xalq artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib.  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verib. Bildirib ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Buna görə də mədəniyyət mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açır.

   Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binasının tikilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.

   Qeyd olunub ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada Azərbaycan filmləri həftələrinin də keçirilməsi planlaşdırılır.

   Maştağa qəsəbəsində mədəniyyət ocağının əsası 1921-ci ildə qoyulub. Buradakı dram dərnəyinin hazırladığı tamaşalara baxmaq üçün Bakının digər kəndlərindən də gəlirdilər. Əhali arasında geniş mədəni-maarif işləri aparılırdı. 50-ci illərdən başlayaraq mədəniyyət evinin fəaliyyəti daha da genişlənib, burada xalq çalğı alətləri ansamblı, həmçinin Poeziya teatrı yaradılıb. 80-ci illərdə Maştağa Mədəniyyət evi klassik poeziya həvəskarlarının toplaşdığı əsas məkanlardan birinə çevrilib. Burada Üzeyir Hacıbəylinin 100 illiyi münasibətilə “Leyli və Məcnun” əsəri səhnəyə qoyulub. 1987-ci ildən bu mədəniyyət ocağında Kukla teatrı da fəaliyyət göstərir.

   Mədəniyyət mərkəzində yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlar verib.

   * * *

   Həmin gün Bakıdakı LeopoldMstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin yeni binasının da açılış mərasimi olub. Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Mehriban xanım Əliyevaya məlumat verərək bildirib ki, musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə məktəbə LeopoldMstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb.

   Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 14 avqust tarixli sərəncamına əsasən musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün vəsait ayrılıb. Qısa vaxt ərzində görülən işlər nəticəsində məktəb şagirdlərini yenidən qəbul etməyə hazırdır.

   Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış olub.

   Məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim - professor, Bakı Musiqi Akademiyasının müəllimləri, əməkdar incəsənət xadimləri, xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, inzibati otaqlar, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən 12 royal, 24 fortepiano alınıb. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb. Son iki ildə 25 şagird beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar - saksofon, fleytatrambon üzrə qalib olanlardır. Musiqi məktəbinin məzunları simfonik, kamera orkestrlərində ifa edirlər, Bakı Musiqi Akademiyasında fəaliyyət göstərirlər. Vətəni Azərbaycanla hər zaman fəxr edən Mstislav Rostropoviç etiraf edirdi ki, onun enerjisinin sirri - genetika və Bakı iqlimindədir. Azərbaycana olduqca bağlı olan dahi musiqiçinin xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatirə yerləri var. Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalının keçirilməsi də bir ənənəyə çevrilib. LeopoldMstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəbi isə dahi sənətkarın xatirəsinə hörmətin daha bir təzahürüdür.

   Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.3.