İslam həmrəyliyi incəsənətdə

 

 

   Sərgidə 20-dən çox müəllifin əsərləri nümayiş olunur

  

   Dekabrın 7-də paytaxtımızdakı “Qalereya 1969” salonunda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərginin açılışı keçirildi.

   Tədbiri giriş sözüylə nazirliyin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov açaraq sərginin önəmi haqqında danışdı. Bildirdi ki, ölkə başçısının sərəncamına əsasən 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ilielan edilib. Bu münasibətlə ölkəmizdə müxtəlif mədəni tədbirlər həyata keçirilib. Artıq il başa çatır, ona görə bu sərgini yekun tədbirlərdən saymaq olar. Qeyd edildi ki, sərgidə 22 müəllifin 30-a yaxın əsəri nümayiş olunur.

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov əlamətdar illə bağlı müxtəlif sərgilər keçirildiyini, rəssamların bu işdə yaxından iştirak etdiklərini vurğuladı. O, sərgilənən əsərlərin Azərbaycanın məşhur rəssamlarının fırçasından çıxdığını qeyd edərək sərgini həm də korifey sənətkarlarla mənəvi görüş adlandırdı.

   Sərgidə Tağı Tağıyev, Maral Rəhmanzadə, Salam Salamzadə, Ağa Mehdiyev, Məmmədkərim Quliyev, Etibar Aslanov, Tofiq Qəzənfərov, Təbriz Abdullayev, Anar Hüseynzadə və başqa rəssamların əsərləri yer alıb.

   Bildirək ki, ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan mədəniyyəti və incəsənətində dərin izlər buraxıb. 2017-ci ilinİslam həmrəyliyi ilielan olunması ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, eləcə də milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verir.

   Sərgi rəssamlarımızın yaradıcılığının təbliği, Azərbaycan Dövlət Rəsm Qalereyasında qorunub saxlanılan İslam mədəniyyətini əks etdirən incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması məqsədilə təşkil edilib.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.3.