Yuğ səhnəsində “Quş dili”ndə danışdılar
Dekabrın 7-də Yuğ Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçirilib. Yazıçı-jurnalist Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Yaqut Paşazadə, Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə rol alıb.
Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Qoca bağban həm də həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgi ilə sınanacaq... Tamaşada cavabı olmayan çoxlu suallar var.
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.5.