Mədəni irsimizin dünyada növbəti təntənəsi
Milli mətbəximizin
ləziz nemətlərindən dolmanın
hazırlanma-paylaşma ənənəsi və musiqi irsimizin ecazkar nümunəsi olan
kamançanın hazırlanması və ifaçılıq
sənəti UNESCO-nun siyahısına
salınıb
Xəbər verdiyimiz kimi, Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir. Sessiya zamanı Azərbaycanın qədim və zəngin mədəni irsinin daha iki nümunəsi bəşəriyyətin irs xəzinəsində öz yerini alıb.
Dekabrın 6-da sessiyada Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasına dair qərar qəbul edilib.
Mətbəx mədəniyyətimizin nümunəsi və mədəni kimliyin ifadəsi
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.
Qiymətləndirici Orqanın müsbət rəyinə baxmayaraq, müzakirələr zamanı Ermənistan tərəfi Hökumətlərarası Komitə üzvlüyündən öz təxribatçı məqsədləri üçün yararlanaraq fayla qarşı çıxış edib. Lakin Azərbaycan nümayəndə heyətinin səyləri və komitənin digər üzvlərinin konstruktiv mövqeyi nəticəsində fayla heç bir müdaxilə edilməyib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov çıxış edərək Azərbaycan xalqının qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin bir ifadəsi kimi dolmanın bişirilmə və paylaşma ənənəsinin ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə etdiyini, yüzilliklər boyu nəsildən-nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan hökuməti adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyəri olan bu mətbəx nümunəsini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Səfir həmçinin Ermənistanın, həmişə olduğu kimi, bu dəfə də çirkin siyasi oyun aparmaqda və əsassız iddialarını irəli sürməkdə davam etdiyini, işğalçılıq siyasətini mədəniyyət sahəsində də tətbiq etdiyini vurğulayıb, bu cəhdlərə rəğmən komitə tərəfindən nominasiya üzrə ədalətli qərarın qəbul edilməsini alqışlayıb. Həmçinin nominasiyada ölkəmizin Qarabağ bölgəsinə istinadlara dair Ermənistan tərəfinin əsassız etirazlarına cavab olaraq səfir Anar Kərimov qəti şəkildə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində sual altına qoyula bilməz və BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı məlum dörd qətnaməsi (1993) var. Bu səbəbdən nominasiyada Azərbaycan Respublikasının Qarabağ bölgəsinə istinadlar heç kimdə sual doğurmamalıdır.
Kamança - qonşu xalqların mədəniyyət nümunəsi
Hökumətlərarası Komitənin 12-ci sessiyasının növbəti iş günündə mədəni irsimizin daha bir nümunəsi - Azərbaycan Respublikasının İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb.
Qurumun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya faylına dair qərar 7 dekabr tarixində elan edilib.
Nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib.
Nümayəndə heyətimiz adından çıxış edən səfir Anar Kərimov kamança sənətinin Azərbaycan musiqi mədəniyyətində və ifaçılıq sənətində mühüm yer tutduğunu deyib, nominasiya faylının birgə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib. Səfir xalqımızın mədəni dəyəri olan bu sənət nümunəsinin dəstəklənməsinə görə Azərbaycan hökuməti adından UNESCO-nun müvafiq orqanlarına təşəkkürünü bildirib.
Komitə iclasında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qərarın nəticəsini şərh edərək bildirib ki, UNESCO tərəfindən kamançanın həm ifaçılığının, həm də hazırlanmasının Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcək. O həmçinin, bu faylın İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyətin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu qeyd edib.
* * *
Beləliklə,
bəşəriyyətin mədəni irs
xəzinəsi Azərbaycan mədəniyyəti və milli-mədəni
kimliyinin daha iki nümunəsi ilə zənginləşib.
Qeyd edək
ki, UNESCO ilə əməkdaşlığın
inkişafında və mədəni irsimizin
qorunması və dünya miqyasında təbliğində
müstəsna rolu olan
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun rəhbəri,
UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın
dəstəyi ilə ötən illərdə
Azərbaycan muğam
ifaçılığı, lavaş
bişirmə və paylaşma ənənəsi,
Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça
sənəti, tar
ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına, həmçinin
çövkən - Qarabağ ənənəvi
atüstü oyunu qurumun Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi
mədəni irs siyahısına daxil edilib.
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.8.