Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan dili və ədəbiyyat, ictimai fənlər və sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə “Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqumövzusunda elmi konfrans keçirilib.

   Konfransda İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova müasir tarixi mərhələdə əsas qlobal problemlərdən olan millətlərarası dialoqun inkişafından danışıb. O, bir-birindən təcrid edilmiş mədəniyyətlərin mövcud olmadığını, onların dialoq, ünsiyyət vasitəsilə bir-birinə yaxınlaşaraq fəaliyyət göstərdiyini vurğulayıb.

   Tədbirdə fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev “Milli mənlik və multikultural proseslər”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, professor Vəfa Əliyev “Azərbaycan mədəniyyətinin qloballaşmada iştirakı”, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Atababa İsmayıloğlu “Qloballaşma prosesi və sənətkarların adaptasiyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Müstəqillik dövrü Azərbaycan təsviri sənətində milli özünüdərk və vətənpərvərlik”, BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq Əbülfəz Babazadə isə “Qloballaşma dövründə xoreoqrafiya sənətinin inkişaf perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

   Çıxışlarda ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası, Azərbaycanda multikulturalizm və tolerantlıq, qloballaşma proseslərində mənfi və müsbət tendensiyalara münasibət, müxtəlif tarixi dövrlərdə qloballaşma meyilləri və onların fəsadları, qloballaşma dövründə mədəniyyət və incəsənət problemləri və həlli yolları əksini tapıb.

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.10.