Muzey işi onun həyatı idi
Xalq rəssamı Kazım Kazımzadə zəngin yaradıcılığı ilə bərabər ölkəmizdə muzey işinin inkişafı yolunda xidmətləriylə də yada düşür. Adət-ənənələrimizi, etnoqrafiyamızı, geyim tariximizi dərindən bilən sənətkar teatr tamaşalarına və kinofilmlərə də maraqlı geyim eskizləri çəkib.
Kazım Məmmədəli oğlu Kazımzadə 10 avqust 1913-cü ildə Bakıda dünyaya göz açıb. Pedaqoji Texnikumdan məzun olduqdan sonra təyinatla Dəvəçi rayonuna (indiki Şabran) göndərilir. Kənd məktəbində bir müddət müəllim, sonra direktor işləyir.
O, erkən çağlardan rəssamlığa maraq göstərib. Tələbə ikən sənət dərslərini tədris edən müəllimləri onun rəssamlıq istedadını görür və bu sahə üzrə də təhsil almasını tövsiyə edirlər. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumuna daxil olur. Sonra İ.Y.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alır. Nizami Gəncəvinin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkir.
Böyük Vətən müharibəsi (1941-1945) başlayanda o da cəbhəyə yollanır. Qayıtdıqdan sonra “Cəbhə yollarında” rəsmlər silsiləsindən müharibənin fəlakətlərini göstərən əsərlər yaradır.
Sənətkar əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində çalışıb. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat tamaşaçılar və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd olub. “Kitabi-Dədə Qorqud” eposuna, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə müraciət edib.
Rəssamın əsərləri keçmiş SSRİ-nin müxtəlif guşələrində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Onun eskizləri əsasında həm də gözəl xalçalar toxunub. Sənət sahəsində uğurlarına görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, orden və medallarla təltif edilib.
K.Kazımzadə 1942-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru təyin edilir. Onun rəhbərliyi dövründə muzeyin fondları dəyərli sənət əsərləri ilə zənginləşir, bu nümunələr Azərbaycanla yanaşı, müxtəlif ölkələrdə təqdim olunur. O, təsviri sənətimizin təbliği sahəsində uğurla fəaliyyət göstərib. 1954-cü ildə Beynəlxalq Muzeylər Şurası (İCOM) Sovet Komitəsinin üzvlüyünə qəbul olunur. Bakıda Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını verir.
Bu işlərlə yanaşı, yaradıcılığa da vaxt ayırıb. 1952-ci ildə “Kirpi” jurnalı ilə əməkdaşlığa başlayır. Tarixi-inqilabi mövzuda silsilə rəsmlər (“Bakıda inqilabi-tarixi hadisələr”, “416-cı diviziya döyüşdə”, “Azad Kubada”, “İraq lövhələri” və s.) yaradır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir bəyin “Leyli və Məcnun”, “Koroğlu” operaların geyim eskizləri hazırlayır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra K.Kazımzadənin rəhbərliyi ilə qısa müddətdə muzeyin yeni ekspozisiya bölmələri təşkil edilir. Fond və xidmət otaqlarının sayı artırılır. Uzun illər saxlanclarda qalan qiymətli sənət əsərlərinin geniş tamaşaçı kütləsinə çatdırılmasına şərait yaradılır. Muzey əşyalarının mühafizəsi və əməkdaşların iş şəraiti yaxşılaşdırılır. O, respublikada sənətşünas və muzey üzrə mütəxəssislərin yetişdirilməsinə də mühüm töhfələr verib.
Sənətşünas Ziyadxan Əliyev rəssamın 80 illik yubileyi münasibətilə nəşr olunan “Sənətkar ömrü» kitabında yazır: “Bu gün İncəsənət Muzeyinin divarlarında Kazım müəllimin nəfəsi, hər eksponatda əllərinin hərarəti, sənət yanğısı duyulmaqdadır. Sənət fədaisinin doğma evindən də artıq sevdiyi, ömrünün ən gözəl günlərini bəxş etdiyi muzey ölməz sənətkarın ənənələrini qoruyub saxlamalıdır”.
Görkəmli rəssam, bacarıqlı təşkilatçı və fədakar muzey mütəxəssisi 4 oktyabr 1992-ci ildə dünyasını dəyişib.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.10.