Səs operatoru Əsəd
Əsədovun yubileyi qeyd
olunub
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafında xidmətləri olan istedadlı səs operatoru Əsəd Əsədovun 70 illiyi münasibətilə tədbir keçirilib.
Kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, xalq artistləri Rasim Balayev, Oqtay Mirqasımov və başqaları yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.
Bildirilib ki, 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirdikdən sonra kinostudiyada əmək fəaliyyətinə başlayan Əsəd Əsədov 100-dən artıq bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs operatoru olub. O, “Firəngiz”, “Onun bəlalı məhəbbəti”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Cin mikrorayonda”, “Yaramaz”, “Güllələnmə təxirə salınır”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Məhkumlar” və digər filmlərdə səs tərtibatı sənəti və texnikası sahəsində professionallığını, parlaq yaradıcılıq istedadını nümayiş etdirib.
Diqqətə
çatdırılıb ki, Əsəd
Əsədov 1991-ci ildə “Yaramaz” filminə
görə yaradıcı heyətlə birgə Dövlət
mükafatına, 2003-cü ildə “Ailə” bədii filmində
işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl
çıraq” mükafatına, 2000-ci ildə Əməkdar mədəniyyət
işçisi fəxri adına layıq görülüb.
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.12.