Ömrün gözəl
çağında
Əməkdar
incəsənət xadimi, musiqiçi,
bəstəkar, tədqiqatçı Sərdar Fərəcovun
60 illiyi münasibətilə
İstedadlı, xalqa xidmət edən insanların keçdiyi ömür yolu zəhmətsiz, maneəsiz, çətinliksiz ötüşmür. Lakin Tanrı tərəfindən verilən istedad və insani keyfiyyətlər bu çətinlikləri və maneələri dəf etməyə kömək edir. Belə insanlar xüsusi missiya ilə gəlir dünyaya. Öz istedadı, zəkası və bütün qəlbi ilə vətəninin inkişafı naminə çalışmaq missiyası. Azərbaycan mədəniyyəti tarixində bir çox belə insanlar yaşayıb-yaratmışdır. Belə şəxslər haqqında təkcə keçmiş zamanda deyil, bugünkü günümüzdə də söz aça bilirik. Nə yaxşı ki, əlamətdar günlər, hadisələr var...
Sərdar Fərəcov belə şəxslərdəndir. Musiqiçi, bəstəkar, tədqiqatçı...
1957-ci ilin 8 dekabrında dünyaya göz açıb. Sənət yolunda addımları Asəf Zeynallı adına Musiqi Məktəbindən (1973) başlayır. Tar sinfində ustad sənətkar Bəhram Mansurovdan, 2-ci kursda oxuduğu zaman isə məktəbin müdiri, görkəmli bəstəkar Vasif Adıgözəlovun göstərişi ilə dahi Qara Qarayev məktəbini təmsil edən Əziz Əzizlidən bəstəkarlıq üzrə dərslər alır. Bu illərdə yazdığı fortepiano üçün “Prelüdlər”, “Variasiyalar” (1974-1975), violin ilə fortepiano üçün “Skertso” və “Elegiya”, xalq çalğı alətləri orkestri üçün “İki rəqs”, iki tar, iki kamança və fortepiano üçün kvintet və s. əsərlər nüfuzlu musiqiçilər tərəfindən yüksək qiymətləndirilir.
Belə şəxsiyyətlərlə ünsiyyətdə olmaq, onlardan dərs almaq gənc bəstəkarın formalaşmasında və gələcək yaradıcılığında əhəmiyyətli rol oynayırdı. Təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə görkəmli bəstəkar, professor Xəyyam Mirzəzadənin sinfində davam etdirən S.Fərəcov bu dövrdə də bir sıra maraqlı əsərlər yazır, müsabiqə və festivallara qatılaraq laureat diplomları qazanır. Daha sonra təhsilini aspiranturada davam etdirir, yaradıcılıq ezamiyyətlərinə, xarici ölkələrdə seminarlara, yaradıcı görüşlərə qatılır. Taleyin gənc bəstəkarı gətirdiyi və uzun illərdir çalışdığı məkan isə dahi Üzeyir bəyin ev-muzeyi olur: “Dahi Üzeyir Hacıbəylinin yaşadığı ev, buradakı şərait, ömrün eksponatlara dönmüş səhifələri məni əfsunladı, bu səliqə-səhmanın, təmizliyin içində bərqərar olmuş sakitlik, əmin-amanlıq sanki böyük ustadın müqəddəs ruhuna keşik çəkirdi. Hiss etdim ki, buradakı saflığa, qüdsiyyətə içimdə bir ehtiyac var və məhz həmin an burada qalıb çalışmağa özlüyümdə qərar verdim...” - Sərdar müəllim həmin vaxtları belə xatırlayır.
Əlbəttə, bir musiqiçi-bəstəkar üçün Üzeyir bəyin evindən daha doğma, müqəddəs bir məkan hara ola bilərdi ki?! İllər ərzində muzeyin fonoteka müdiri, elmi katibi vəzifələrində çalışaraq Üzeyir bəyi və onun yaradıcılığını daha dərindən öyrənir, tədqiq edir və muzey işində öz əməyini, zəhmətini əsirgəmir. 30 ildən artıq burada çalışan S.Fərəcov 2005-ci ildə muzeyin direktoru vəzifəsinə təyin olunur.
Sərdar Fərəcovun Üzeyir Hacıbəylinin unudulmuş, tamamlanmamış bir sıra əsərlərinin bərpa olunması və səsləndirilməsində göstərdiyi təşəbbüsləri, əməyini qeyd etməmək mümkün deyil. O, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Arşın mal alan” operettasının not və librettosunun yer aldığı (ingilis dilində) kitabın (2003) redaktoru, Üzeyir bəyin vətənpərvərlik mahnılarından ibarət “Vətən, millət, ordu” not kitabının (2005) tərtibçisi və redaktoru, 2007-2008-ci illərdə nəşr olunmuş “O olmasın, bu olsun” operettasının və “Leyli və Məcnun” operasının klavirlərinin redaktoru olub. Üzeyir Hacıbəylinin “Milli marş”ı, “Azərbaycan marşı” (dövlət himnimiz), “İki rəqs”i, simli kvartet üçün miniatürləri, “Səni gözləyir”i, “Bahar nəğməsi”, “Çırpınırdı Qara dəniz”i S.Fərəcov tərəfindən tədqiq olunub, tamamlanıb, redaktə edilib, partitura və ya klavir şəklində ictimaiyyətə təqdim edilib. O, dahi bəstəkarın özü tərəfindən məhv edilmiş “Şeyx Sənan” operasından 3 fraqmenti bərpa edərək, yeni redaktədə solistlər, xor və simfonik orkestr üçün işləyib. Həmçinin Üzeyir bəyin unudulmuş “Azərbaycan çölləri” (ilk adı “Kolxoz çölləri”) əsərini “Kontempo” instrumental ansamblı üçün işləyib, “Ər və arvad” operettasının həm klavirinin, həm də partiturasının yaradılmasında və onun səhnələşdirilməsində böyük əmək sərf edib. Bu, 2010-cu ildə “Ər və arvad” operettasının 100 illiyinə və Üzeyir Hacıbəylinin 125 illik yubileyinə böyük bir hədiyyə idi. Onun Üzeyir bəyin xatirəsinə həsr etdiyi “Qu nəğməsi” radio-pyesi, “Koroğlu əfsanəsi” adlı simfonik uvertürası böyük bəstəkarın şəxsiyyətinə, yaradıcılığına bəslədiyi sonsuz ehtiramının nişanəsidir. Bütün bunlarla yanaşı, S.Fərəcov həmçinin “Şəngül, Şüngül” uşaq rok-operası, 4 operetta (“Səhnədə məhəbbət”, “Müsyö Jordan”, “Şəhərdə manyak var”, “Birgünlük siğə”), “Matəm harayları” simfonik freska, “Şah Xətai” proqramlı simfoniya, a capella xor üçün “Diptix” adlı konsert, xalq çalğı alətləri üçün “Bayatı-Şiraz” rapsodiyası, TÜRKSOY-un 20 illiyinə həsr edilmiş “Türk bayramı” simfonik uvertürası, tar və simfonik orkestr üçün “Qarabağnamə” və başqa əsərlərin, 40-dan artıq tamaşaya, 2 kinofilmə musiqinin müəllifidir.
Sərdar Fərəcov bəstəkar, tədqiqatçı olmaqla yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur. Şeirlər, hekayələr, səhnə əsərləri, Üzeyir bəyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız” (2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı” (2014) filmlərinin ssenari müəllifidir. 1986-cı ildən mətbuatda elmi araşdırmaları nəşr olunur. 1996-cı ildə nəşr olunmuş “Üzeyir Hacıbəyli ensiklopediyası”na 30-a yaxın elmi məqalə yazıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş Üzeyir bəy haqqında məqalələr toplusundan ibarət “Üzeyir işığında” və Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş “Üzeyir Hacıbəyli xatirələrdə” adlı kitabları xüsusilə diqqətəlayiqdir. Bu məqalələrdə o həm də illər boyu muzeydə keçdiyi yolda öyrəndiklərini, eşitdiyi maraqlı xatirələrini bir daha yada salır. Yazdığı məqalələrində, çıxışlarında, tədqiqatlarında mövzuya hər zaman öz yanaşma tərzi, fikrinin orijinallığı, dərin təhlil etmə bacarığı ilə oxucunu, dinləyicini düşündürməyə sövq edir.
İllərlə öz üzərində əzmlə çalışan bəstəkar bu gün də özünə qarşı son dərəcə tələbkardır. Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru kimi səmərəli fəaliyyəti, çoxcəhətli yaradıcılığı ilə gördüyü hər bir işə böyük məsuliyyətlə yanaşır.
Ömrünün gözəl çağını - 60 illiyini yaşayan bəstəkar həm də bu il baba olmaq sevincini yaşadı. Ü.Hacıbəylinin ev-muzeyinin kollektivi adından Sərdar müəllimi yubileyi münasibətilə təbrik edir, ona hələ neçə belə nəvə-nəticə sevinci yaşamağı diləyir, möhkəm cansağlığı, tükənməz güc, yeni əsərlərlə daha yüksək nailiyyətlər arzulayırıq.
Aytən Heydərova
Üzeyir Hacıbəylinin ev muzeyinin baş mühafizi
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.12.