Modelyer Fəxriyyə Xələfovanın
geyim nümunələri Ermitajda
sərgilənəcək
Sankt-Peterburqda Dövlət Ermitajının direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Piotrovski ilə Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfova arasında saziş imzalanıb.
Razılaşma çərçivəsində Fəxriyyə Xələfovanın kolleksiyalarından üç paltar dekabrın 8-də Ermitajda “Kostyumun tarixi” sərgisində təqdim ediləcək və sonra muzeyin fondunda yer alacaq. İki nümunə dizaynerin “Şərqin cazibəsi” kolleksiyasındandır. Unikal milli ornamentlərimizlə bəzədilmiş bu paltarlar 2014-cü ilin dekabrında Parisdə «Oriental Fashion Show» Şərq geyimi festivalında nümayiş etdirilib. Modelyerin toy kolleksiyasından olan daha bir paltar XIX əsrin rokoko üslubunda yaradılıb.
Fəxriyyə Xələfova deyib: “Dövlət Ermitajı Rusiyanın və dünyanın ən iri və ən sanballı bədii və mədəni-tarixi muzeylərindən biridir. Mənim üçün böyük şərəfdir ki, işlərim bu muzeydə nümayiş etdiriləcək və sonra da onun fonduna daxil olacaq. Paltarlar muzeyin ekspert komissiyası tərəfindən səylə seçilib. Muzeyə axışan insanlara Azərbaycan geyiminin, milli kostyumlarımızın səciyyəvi elementlərinin nümayiş etdirilməsi, şübhəsiz ki, irsimizin və incəsənətimizin təbliğinə xidmət edəcək”.
Qeyd
edək ki, dekabrın 5-dən “Ermitaj” hotelində Fəxriyyə Xələfovanın
kolleksiyalarından libasların nümayişinə
başlanıb və bu da
moda həvəskarları tərəfindən
böyük maraqla
qarşılanıb. Moda nümayişi
dekabrın 9-dək davam edəcək.
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.16.