Nar bağı” və “Üçüncü günün adamı” Türkiyədə festivalda

 

   Nar bağı” və “Üçüncü günün adamı” filmləri Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının tammetrajlı müsabiqə proqramında yer alıb. Dekabrın 6-da başlanan festival ayın 12-dək davam edəcək.

   “Azərbaycanfilm” kinostudiyası və “Buta filmkino şirkətinin birgə istehsalı olanNar bağı” filminin quruluşçu rejissoru İlqar Nəcəf, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

   “Azərbaycanfilm” kinostudiyası tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən “Üçüncü günün adamı” filminin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

   Filmdə Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Məmməd Səfa, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova və başqaları çəkilib.

  

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.16.