Azərbaycanın özü
qədər əbədi
Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət, müdrik siyasət və dövlət xadimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycanı 1970-1980-ci illərdə SSRİ-nin ən qabaqcıl respublikaları sırasına çıxarmışdı. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin yayında, müstəqilliyinin ikinci ilində Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Ulu öndər zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur və 14 ildir ki, ulu öndərin əbədiyyətə qovuşduğu 12 dekabr tarixi onun əziz xatirəsinin anım günü olaraq qeyd edilir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər. Mərasimdə Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin kollektivi də Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib. Nazir müavini Ədalət Vəliyev, nazirlik Aparatının rəhbəri Rafiq Bayramov, nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzüblər.
Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, turizm ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə Azərbaycan mədəniyyətinin əsl himayədarı olub. Mədəniyyətin müxtəlif sahələrinin inkişafına töhfə verən insanlar həmişə dahi rəhbərin diqqət və qayğısı ilə əhatə olunub. Sənət adamlarının yubileyləri təntənə ilə qeyd edilib, adları əbədiləşdirilib, abidələri ucaldılıb.
Ulu öndər Azərbaycan musiqisinin, təsviri sənətinin, teatr və kinosunun beynəlxalq aləmdə təbliğini də diqqətdə saxlayıb. İncəsənət ustalarının xarici ölkələrə qastrol səfərlərinə getməsinə önəm verib. Böyük şəxsiyyətin sənətə olan həssas münasibəti onun qayğısını görən mədəniyyət və ədəbiyyat xadimləri tərəfindən minnətdarlıqla xatırlanır.
Heydər
Əliyevin Azərbaycanın parlaq gələcəyinə
hesablanan ideyaları, müəllifi olduğu uğurlu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir. Ulu öndərin
adını daşıyan fond Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə çoxəsrlik mədəni irsimizin
öyrənilməsi, qorunması, ölkəmizdə və
beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ
olunmasına mühüm töhfələr
verir, xalqımızın mədəni
irsi UNESCO-nun müvafiq siyahılarında təmsil olunur.
Mədəniyyət.- 2017.- 13
dekabr.- S.2.