Ulu öndərə ithaf olunmuş musiqi axşamı

 

   Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə rəsmilər, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

   Gecədə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdi.

   Əvvəlcə orkestr Fikrət Əmirovun "İthaf" əsərini səsləndirdi. Əməkdar artist Aqşin Abdullayevin ifasında Üzeyir Hacıbəylinin "Sənsiz" romansı, Əməkdar artist Aleksey Miltıx (violonçel) ifasında Sergey Raxmaninovun "Vokaliz", Qara Qarayevin "Prelüd" əsərləri təqdim olundu.

   Proqramda, həmçinin Əməkdar artist Sahib Paşazadənin ifasında Hacı Xanməmmədovun "Tarorkestr üçün 2 hissəli konsert"i, Vasif Adıgözəlovun "Laylay" əsərləri yer almışdı. Ulu öndərin xatirəsinə həsr olunan gecədə P.İ.Çaykovskinin "Elegiya", "Melanxolik serenada", İ.S.Baxın "Ariya" əsərləri də tamaşaçılar tərəfindən dərin hüznlə dinlənildi.

   Musiqili xatirə gecəsi Nicat Məsimovun (balaban) ifasında F.Əmirovun "Mən səni araram" mahnısı ilə yekunlaşdı.

  

   Lalə Azəri

  

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.2.