Paytaxt muzeylərinin fəaliyyətinə
həsr olunan müşavirə keçirildi
Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə paytaxt muzeylərinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirlik Aparatının rəhbəri Rafiq Bayramov və müvafiq sahə üzrə struktur bölmələrin əməkdaşları, Bakı şəhərində fəaliyyət göstərən muzeylərin direktorları iştirak edirdi.
Əbülfəs Qarayev müşavirədə çıxış edərək ölkəmizdə müasir tələblərə cavab verən muzey fəaliyyətinin qurulması, muzey işinin təkmilləşdirilməsi istiqamətində atılması zəruri olan addımlardan danışdı: “İndi ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var. Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir”.
Nazir qeyd etdi ki, muzey işçilərinin bilik və bacarıqlarının artırılmasına daha çox diqqət verilməli, muzey işi üzrə yeniliklərin tətbiqi genişləndirilməlidir: “Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.
Əbülfəs Qarayev vurğuladı ki, son illər digər mədəniyyət ocaqları ilə bərabər, muzeylərdə də təmir-bərpa işləri görülüb, ekspozisiyalar yenidən qurulub: “Bu gün əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik”.
Nazir sonda muzey işinin təkmilləşdirilməsi və muzeylərə daha çox ziyarətçilərin cəlb olunması istiqamətində tapşırıq və tövsiyələrini verdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 13
dekabr.- S.3.