MDB-nin yaradıcı və elmi ziyalılarının forumu

 

 

   Tədbir çərçivəsində “Birlik ulduzları” mükafatının növbəti təqdimatı olub

  

   Dekabrın 11-12-də Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının XII Forumu keçirilib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təşkilatçılığı ilə keçirilən forumda ölkəmizdən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, millət vəkilləri və digər nümayəndələr iştirak edib.

   Tədbirin açılışında Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets Prezident Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

   DHƏF-in İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimdə çıxış edərək bildirib ki, MDB ziyalılarının forumu fikir mübadiləsi aparmaq, düşündürən və narahat edən məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Hazırda dünyada, eləcə də MDB məkanında proseslər olduqca sürətlə inkişaf edir. Odur ki, ziyalılar, nüfuzlu ictimai xadimlər cəmiyyətlərimizə xas yüksək mənəvi dəyərləri təbliğ etməli, gələcək nəsillərə ötürməlidirlər. MDB ölkələrində dövlət səviyyəsində zəngin mədəni irsin qorunub saxlanması üçün böyük işlər görülür. Dünyada multikulturalizmin iflasa uğradığı bir vaxtda biz bu yolla qətiyyətlə irəliləyirik. “Əminəm ki, biz şəxsi nümunəmizlə öz xalqlarımıza, ilk növbədə gənc nəslə qarşılıqlı ehtirama əsaslanan dialoq aparmaq mədəniyyəti nümunəsi nümayiş etdirməliyik”, - deyə o bildirib.

   Tədbirdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev və MDB ölkələrinin təmsilçiləri çıxış ediblər.

   Forum iştirakçıları iki gün ərzində “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolumövzusunda müzakirələr aparıb, təhsil və gənclər siyasəti, 2018-ci ilin MDB məkanında “Mədəniyyət ilielan edilməsinə hazırlıq məsələlərini nəzərdən keçiriblər.

   Forum çərçivəsində “Birlik ulduzları” mükafatının növbəti təqdimatı da olub. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi mədəniyyət, incəsənət və humanitar fəaliyyətə görə mötəbər mükafat 2016-cı ilin yekunlarına görə səkkiz nəfərə təqdim olunub. Laureatlar arasında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilov da var. Mükafatı Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets təqdim edərək, Fərhad Xəlilovun yaradıcılığını yüksək qiymətləndirib.

   Xalq rəssamı Fərhad Xəlilov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, eləcə də Aleksandra Paxmutova, Nikolay Dobronravov, Vladimir Spivakov, Yuri Qriqoroviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin layiq görüldüyü mükafatı almaq onun üçün böyük şərəfdir.

   Rəssam qeyd edib ki, Rusiya və Azərbaycan yaradıcı və elmi ziyalılarını uzun illərin dostluq əlaqələri birləşdirir. Bu il Moskvanın bir çox tanınmış mədəniyyət məkanlarında fərdi sərgilərim açılıb.

   Birlik ulduzları” dövlətlərarası mükafatı 2009-cu ildə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Bu il mükafatı alanlar sırasında Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko (Belarus), “Astana-Opera” teatrının direktor müavini Toleubek Alpiyev (Qazaxıstan), Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev, SSRİ Xalq artisti, moldovalı bəstəkar Yevgeni Doqa, SSRİ Xalq artisti, görkəmli baletmeyster Yuri Qriqoroviç və başqaları var.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.5.