ATMU-da ulu öndərin anım günü

 

   Azərbaycan TurizmMenecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub. Mərasimdə çıxış edən rektor İlham Mədətov ümummilli liderin müdrik siyasətindən, müstəqil dövlət quruculuğu sahəsində tarixi xidmətlərindən bəhs edib. Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

   ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekan müavini Anar Fərmayılov çıxışında ümummilli liderin hər zaman gənclərə qayğı ilə yanaşdığını vurğulayıb.

   Bildirilib ki, bu sahədə Dövlət Proqramının həyata keçirilməsi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

   Dillər kafedrasının müdiri Kəmalə Kərimova çıxışında Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində xidmətlərindən bəhs edib.

   Tədbir ATMU tələbələrinin çıxışları və ümummilli liderə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.6.