Teatr tamaşaçıdan
başlayır
Türkiyənin dördüncü böyük şəhəri olan Adana teatral şəhərdir. Şəhərdə dövlət və bələdiyyə teatrları yanaşı fəaliyyət göstərir, həmin kollektivlər tamaşaçı sarıdan korluq çəkmirlər. Dünyanın hər bir ölkəsində həsəd aparılacaq tamaşaçı auditoriyasını məhz burada, Adanada müşahidə etmək olar. Yox, bu nə Vrotslavdır, nə Vyana, nə Panevejis, nə də Milan, amma həmin şəhərlər qədər teatraldır Adana.
Qeyri-təvazökar görünsə də deməliyəm ki, dünyanın ən məşhur rejissorları ilə təmaslarım, eləcə də müxtəlif teatr kollektivlərinin tamaşalarından bəhrələnmələrim zövqümü cilalamaqla bərabər, sənət meyarlarımın da yetərincə tələbkar səviyyəyə çatmasını təmin etmişdir. Odur ki, həmin meyarlarla bu şəhərin teatrlarının səhnə işlərini, o cümlədən Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində seyr etdiyim tamaşaları haqqında xüsusi fikir söylənməsinə layiq olan dəyərli mədəniyyət faktları hesab edirəm və bu yazıda iki tamaşadan aldığım təəssüratları bölüşmək fikrindəyəm.
Həmin tamaşalardan biri ayrı-ayrı vaxtlarda müxtəlif səhnələrdə biri digərindən fərqli yozumlarda təqdim edilmiş Q.Qorinin “Herostratı unudun” adlı pyesi əsasında hazırlanmışdır.
Hər şeydən əvvəl onu qeyd edək ki, süjeti bəşər tarixinə az qala mifoloji rəvayət qədər tanış olan Efesli bir luzerin (uğursuzun) dünyanın 7 möcüzəsindən biri sayılan Artemida məbədini yandırması ilə bağlı hadisələri əhatə edən bu pyesin səhnə təcəssümü bədii-fəlsəfi ideya aktuallığı baxımdan əsl zamanında realizə edilmişdir.
Maraqlıdır ki, yaradıcı heyət mövzunun müəllifdən gələn bədii çərçivəsini genişləndirməklə, lokal məsələləri deyil, bu gün insanlığı düşündürən, qlobal dəyərləri səhnə sənətinin ifadə imkanları ilə aşkarlayır, həyatın əbədi mənalarını, olum ya ölüm fəlsəfəsində, varlığın yaşam kontekstində düşüncə və əxlaq, inanc və qudsallıq kateqoriyalarını önə çəkir. İlk baxışda sadə görünən oyun tərzində təqdim edilən mətləblər əslində (bu, tamaşanın ayrı-ayrı səhnələri boyu öz təsdiqini tapır) yetərincə mürəkkəb, ümumbəşəri mahiyyətli ideya səhnə sənətinin bədii ifadə vasitələri ilə göz önündə vərəq-vərəq təqdim edilir. O da maraqlıdır ki, quruluşçu rejissor Cahangir Novruzov aktyorların ifası ilə bəyan etdiyi estetik konsepsiyasını, qudsal anlayışları, səmavi kitablardan şüurlara hopan hikmət dolu mənaları öz tamaşaçı auditoriyasına xatırladır, yaşadığımız dünyanın bugünkü paradoksal narahatlığını onunla paylaşır. Çünki yalnız öz evinin və həyətinin qayğılarını deyil, dünyanın dərd-qəmini çəkmək, bu həyəcanı estetik vasitələrlə səhnədən dörd bir yana bəyan etmək teatr sənətinin məslək xüsusiyyəti, sənətkarın mədəniyyət və müasirləri qarşısında tarixi missiyasıdır. Odur ki, sözügedən pyesin səhnə təcəssümündə Novruzov və yaradıcı heyət məhz bu missiyanı başlıca estetik hədəf olaraq şərəflə yerinə yetirmək yolunu tutur.
Quruluşçu rejissor üçün önəmli olan bu və ya digər konkret hadisə yox, insan psixologiyasının Höte, Freyd, Nitsşe, Cavid kimi mütəfəkkirlərin elmi-estetik düsturlarında yer alan düşüncə qatlarının izahı mümkün olmayan müəmmalarının bədii səhnə təfsiridir. Yəni, C.Novruzova görə, burada məsələ bir kəsin (möcüzə dolu məbəd olsa belə) bir binanı yandırmasından daha müdhiş, bəşəri miqyasda daha faciəli hadisə kimi qavranılmalıdır. Rejissor tamamilə haqlıdır ki, “Herostrat kompleksi”, “Edip kompleksi” qədər mühüm problem olaraq sıradan biri sayılacaq qədər sadə deyil.
Tamaşanın istər janr xüsusiyyətləri, istər aktyorların oyun tərzi rejissorun estetik niyyətinə tam müvafiqdir. Buradakı oyun ədalarında psixoloji zərifliklə, emosional partlayışlar, plastik ifadəliliklə, sözsüz “danışan” səhnələr ustalıq və məharət baxımdan təqdir edilə bilər. Tamaşanın minimalizmə əsaslanan, bununla bərabər funksional səhnəqrafiya tələblərinə müvafiq səhnə tərtibatı hadisələrin ardıcıllığını uğurla təmin etməklə bərabər aktyorların oyun meydanı üçün də əlverişlidir. Burada hər bir detal rejissor fikrinin bədii səhnə ifadəliliyinə xidmət etdiyi üçün təqdim edilən konsepsiya seyrçi tərəfindən aydın “oxunur”, bütövlükdə “Herostratı unudun” tamaşasının ali məqsədinin gur “səslənməsini” şərtləndirir.
* * *
A.P.Çexovun kiçik həcmli pyesləri əsasında triptix şəklində hazırlanan “Ah bu evlilik” adlı tamaşanın səhnə təcəssümü ilə bağlı rejissor yanaşması tamamilə fərqli şəkildə idi. Əgər “Herostratı unudun” pyesinin müəllifi qədim rəvayətin çağdaş dövrlə səsləşən həqiqətinin bədii-fəlsəfi təcəssümünü nəzərdə tuturdusa, Çexovun bəşəri qəhrəmanları, xislətinin hansı ictimai quruluşda, hansı cəmiyyətdə olmasına rəğmən öz yaşam mübarizəsinin, özünütəsdiq səylərinin psixoloji arqumentasiyasının, onların mənəvi və ruhsal resurslarının səhnə ifadəliliyindəki estetik təzahürü ilə maraqlı idi.
Bəli, çağdaş dövrdə Çexovun dramaturgiyasının bəzi hallarda Şekspirin səhnə əsərlərindən daha mürəkkəb olduğunu yaxşı bilən quruluşçu rejissor (C.Novruzov) seçdiyi müəllifin bəlli ədəbi-bədii çərçivələrə sığmayan fikir aləminin, ədəbi materialın struktur kreativliyinin aktyor ifaçılığı üçün əhəmiyyət dərəcəsini də yaxşı bildiyi tamaşanın elə ilk səhnələrindən aşkar görünür. Burada sadəcə süjetdə ustalıqla yerləşdirilən hadisələrin dramaturji ardıcıllığı deyil, bədii situasiya və rus adamının mənəvi-psixoloji təbiəti deyil, gülünc, eyni zamanda paradoksal qəribəliklər deyil, mövcud əxlaq prinsiplərindən qaynaqlanan yaşam tərzi rejissorun səhnə konsepsiyasının nüvəsini təşkil edir. Bu isə, özlüyündə ayrı-ayrı səhnələrin bədii həllinin zəncirvarı bağlılığında təzahür edən tamaşanın estetik yozumu, aktyorların, orijinal istedad sahibi olan cəmi dörd ifançının oyun məharəti ilə tamaşa salonuna yönəldilən estetik enerjinin başlıca mənbəyidir.
C.Novruzov intellektuallığa, bədii səhnə improvizasiyasına meyilli rejissordur. Bəlkə elə bu səbəbdəndir ki, Çexovla asan dil tapa bilib, müəllifin dramaturji labirintlərinə belə ərklə daxil olur, onun intellektual mənasından ustalıqla baş çıxara bilir. Rejissor öz müəllifinin qüssə qarışıq komizminin ifadə çalarlarının, ilk baxışda yanlış olaraq sadə görünən semantik sayrışmalarının bədii səhnə ekvivalentini uğurla tapa bildiyi üçün türk səhnəsində rus dahisi Çexov azərbaycanlı rejissorun təqdimatında bu qədər təsirli, bu qədər munis və anlaşıqlıdır. Çağdaş dünyanın ən məşhur teatr truppalarının Çexov dramaturgiyasının səhnə təcəssümündə çox zaman uğursuzluğa düçar olduqlarını nəzərə alsaq, onun Adana teatr səhnəsindəki təqdimat səviyyəsini yalnız təqdir etmək olar.
Əlavə edək ki, Çexov yüksək əyarlı klassika müəllifidir və o, yalnız yüksək professionallara təbəssüm bəxş edir. Çünki klassika özünə qarşı naşı münasibəti bağışlamır. Bəli, bütün zamanların dramaturqu səlahiyyətini qazanmış Çexovun əsərinə səhnə həyatı yaşatmaq ağır yükdür və həmin yükün altına girməyin Atlant qüdrəti tələb etdiyi mülahizəsi onun ədəbi irsinin tədqiqatları ilə də təsdiq edilir. Çexovun yaradıcılıq fenomeninə yaxından bələd olduqları üçün istər quruluşçu rejissor, istərsə də ifaçı aktyorlar müəllifin bədii fikir qatlarında mövcud olan ifadə boyalarını, mətn vurğularını, sətiraltı mənaları plastik oyun tərzi vasitəsilə, “təklif edilmiş vəziyyət”lərin (K.S.Stanislavski) məntiqi ifa tərzi ilə təqdim edə bilirlər.
Tamaşanın maraqlı və dəyərli estetik keyfiyyəti olaraq onu da qeyd etmək lazımdır ki, müxtəlif tamaşaçı nəslinin yaddaşlarında iz buraxan stereotip təəssüratlar bu yozumla alt-üst edilir, bədii improvizasiya, personajların dinamik dialoqlarda açılan qarşılıqlı münasibətləri, xarakterlərin özünəməxsusluğu hadisələr boyunca, qırılmaz əməl bağlılığında bəyan edilir. C.Novruzov müəllifin üç kiçik həcmli əsərini bir konsepsiyaya uyğunlaşdırıb hiyləgər uzaqgörənliklə, yozum ustalığı ilə tamaşaçı auditoriyasını öz ideyasına “yoluxdurur”, ona öz oyun qaydalarını qəbul etdirib, sadə görünən mətləbləri tamamilə fərqli baxış bucağı altında dəyərləndirməyə, ali məqsədə doğru yönəltməyə nail olur.
* * *
Mən qəsdən ifaçı aktyorları adbaad qeyd etməyə lüzum görmədim. Çünki hər iki tamaşada oyunçuları fərqləndirmək, birini digərindən ayırmaq yanlış bir iş olar və quruluşçu rejissorun səhnə təcəssümü prosesindəki fəaliyyətinin əhəmiyyətli seqmenti olan ansambl oyunu prinsipinə xələl gələ bilər. Yuxarıda yozum və ifa dəyərini qeyd etdiyim, haqqında müntəxəbat həqiqətləri ilə bərabər müqayisəli elmi təhlilə səy göstərdiyim mətləblər məhz yaradıcı heyətin həmrəy oyun üslubuna köklənməsi, vahid orkestrə bənzər ifa məharəti ilə əlamətdar idi. Hər iki tamaşanın quruluş strukturunda ekspozisiyaya önəmli yer ayrılması sadəcə epik müqəddimə kimi qəbul edilmir və bu tamamilə təbiidir. Çünki rejissor, teatral təbirlə desək, öz tamaşaçı auditoriyasını tərəf-müqabil hesab etməklə, onda gələcək tamaşanın ideya-fəlsəfi məramına maraq oyadır, tamaşaçının həmrəyliyinə nail olub passiv müşahidəçidən iştirakçıya çevirir. Odur ki, quruluşçu rejissor üçün ekspozisiya sadəcə tamaşanın struktur elementi yox, fitilin alışqanı funksiyasını daşıyır. Yeri gəlmişkən, qeyd edək ki, C.Novruzov teatr sənətinin iyerarxiyasında bir qayda olaraq sonuncu yer ayrılan tamaşaçı komponentinə xüsusi dəyər verir və göründüyü kimi funksional baxımdan onu birinci yerə təyin edir.
Öz ideya-estetik düşüncələrinin səhnə ölçülərinə sığınan C.Novruzovun həmin əraziyə dünya məsələlərini də yerləşdirmək cəhdi, bəşəriyyətin həyatı, illüziyaları və aqibəti haqqında öz auditoriyası ilə bölüşmək təmənnası olduqca mənalıdır.
Teatr mədəniyyətinin son yüz ilinin təcrübəsindən bəllidir ki, rejissor tərəfindən istənilən bir tamaşa, əsasən, üç sual ətrafında təcəssüm etdirilir: Nə? Nə üçün? Necə? Bu, bilməcə olmasa da, şərhə ehtiyacı var. Nə? - tamaşanın mövzusu ilə bağlıdır; Nə üçün? - tamaşanın ali məqsədilə, yəni bu gün bu əsərlə teatr tamaşaçıya nə demək istəyir; niyə bu gün məhz o tamaşa ilə öz pərdələrini açır və nəhayət, Necə? - yəni bunu hansı şəkildə, başqa sözlə desək, hansı janrda təqdim edir.
Artıq təsdiqini tapmış fakt olaraq qeyd etmək lazımdır ki, XXI əsrin çağdaş dövrünün ictimai-mədəni inkişaf mərhələsinin rejissor sənəti özünün klassik anlamda qavranılması ilə barışmaq fikrindən uzaqdır. Belə ki, yeni dövrün rejissurası bədii-reflektiv düşüncənin diametral fərqli ideoloji-estetik ifadə arsenalını nümayiş etdirməklə aktyorla işi yox, tamaşaçı ilə dialoqu nəzərdə tutan səhnə oyunu imkanları yaratmağa meyillidir.
“Herostratı unudun” və “Ah bu evlilik” tamaşalarının quruluşçu rejissoru C.Novruzov Nə üçün? sualının yerini qəsdən dəyişib, onu birinci pilləyə qoyur. Hətta bir qədər irəli gedib onu da iddia etmək olar ki, bu zaman o, K.S.Stanislavskinin “Teatr asılqandan başlayır” fikri ilə virtual polemikaya girişib, özünəməxsus hikkə ilə “Teatr tamaşaçıdan başlayır” alternativ ideyasını irəli sürür. Və nəinki nəzəri mülahizə ilə, konkret teatr təcrübəsində bu fikrin təsdiqinə nail ola bilir. Söz yox ki, cəsarətli iddiadır. Söz yox ki, bu cəsarət sağlam professional ambisiyadan qaynaqlanır. Rejissor həmin qənaətlərini uzunillik sənət təcrübəsi ərzində əldə etmişdir. Haqlıdırmı? Bilmirəm. Onu siz deyəcəksiniz. Cahangir Novruzovun teatr sənətində başlıca önəm verdiyi tamaşaçıları...
İsrafil İsrafilov
Əməkdar incəsənət xadimi,
filologiya üzrə fəlsəfə doktoru,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Mədəniyyət.- 2017.- 13 dekabr.- S.11.