Dünyada gözəl soprano səslər daha çoxdur

 

 

   Mavi gözlü, tünd-şabalıdı saçlı cavan qadın. Deyəsən, bir qədər avropalıdır. Bizim o qədər də soyuq saymadığımız payız günlərinin birində Bakı bulvarında boyun-boğazını iri şərflə möhkəm sarıyıb hər tərəfə sevgiylə baxır, gördüklərini təkcə göz yaddaşına yox, həm də smartfonun yaddaşına köçürür. Deyəcəksiniz ki, nə olsun? Günün istənilən saatında bulvara çıx, istənilən rəngdə, biçimdə, geyimdə o qədər əcnəbi görəcəksən ki!.. Hamısı da Bakı buxtasının gözəlliyindən həzz alır, gözlərinə xoş görünən nə varsa, şəklini çəkir. Razıyam. Sadəcə, bu qonaqla digərlərinin arasında bir fərq var: o, Bakıya təkcə məftun olmaq üçün deyil, həm də məftun etmək üçün gəlib. Belarus Milli Akademik OperaBalet Teatrının solisti Tatyana Qavrilova ilk dəfə idi ki, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında çıxış etmək üçün paytaxtımıza gəlmişdi.

  

   Karlovı Varıda (Çexiya, 2001) keçirilən A.Dvorjak adına vokalçıların beynəlxalq müsabiqəsinin diplomantı, Lvovda (Ukrayna, 2003) və Minskdə (2004) keçirilən beynəlxalq festivalların laureatı, şaqraq soprano səsli vokalçı... Tatyana Belarus və Azərbaycan operabalet teatrları arasında mübadilə proqramı üzrə C.Verdinin "Riqoletto" operasında Cildanın partiyasını ifa etmək üçün Bakıda idi. Biz də növbəti qonağımızla söhbət etmək fürsətini ötürməyib, tamaşadan əvvəl, məşq arası fasilədə onu söhbətə tutduq.

  

   - Tatyana, Bakıya xoş gəlmisiniz!

   - Çox sağ olun. Bizim teatrdan çox solist Bakıda olub, tamaşalarda çıxış ediblər. Mən isə ilk dəfə burdayam. Amma iki gün ərzində anladım ki, sənət yoldaşlarım niyə Bakını, bu teatrın kollektivini bu qədər sevir! Payız xəzan fəslidir, amma Bakının havasında bahar ətri var. Minskdəki qarlı havadan sonra Bakının ovqatı adamı heyran edir. Payızın axırında çiçəklərin açdığını görmək, ağacların rəngi al qırmızıdan sarıyadək dəyişən yarpaqlarını seyr etmək adamın ruhunu təzələyir. Biz şimallıyıq, ona görə belə xoş havanın, ilıq payızın qədrini yaxşı bilirik.

  

   - Bəs teatr, orkestr, dirijor, tərəfdaşlarınız barədə deyə bilərsiniz?

   - Yeni tərəfdaşlar, yeni səhnə, yeni dirijor - həmişə adamı həyəcanlandırır... Amma Cildanı davamlı olaraq oxuyuram deyə, özümü rahat hiss edirəm. Elə məşqdə bir-birimizi anladıq. Əminəm ki, Verdi bizim uğurlu çıxış etməyimizə imkan verəcək. Düzdür, bu, mənim Bakıda ilk çıxışım olsa da, teatrlarımızın arasında çox yaxşı yaradıcılıq münasibəti var. Buna görə solistlərin çoxunu şəxsən tanıyıram. Hətta Minskdə dirijor Əyyub Quliyevin idarə etdiyi orkestrin müşayiəti ilə oxumuşam razı qalmışam. Artıq Əyyubgillə ailəvi dostuq.

   

   - zaman bildiniz ki, səsiniz var, yoxsa bu kəşfi siz özünüz yox, yaxınlarınız etdi?

   - Ağlım kəsəndən oxuyuram. Hələ uşaq bağçasında səhərciklərdə mahnı oxuyardım, həvəslə səhnəciklərdə çıxış edərdim. Təbii ki, o yaşda kiminsə opera müğənnisi olacağı barədə proqnoz vermək olmaz. Amma musiqi duyumumum olduğu bəlli idi. Anam məni musiqi məktəbinə qoydu, piano sinfini bitirdim. Konservatoriyanın 3-cü kursunda özüm qərar verdim ki, fortepiano ilə birlikdə vokal təhsili almaq lazımdır. Beləcə, konservatoriyanı iki ixtisas üzrə bitirdim.

  

   - Sonra da müsabiqələr, yarışlar opera teatrı...

   - Bilirsiniz, bizim nəsil təhsilini başa vuran zaman beynəlxalq müsabiqədə iştirak etmək indiki qədər asan deyildi. Hətta müsabiqəyə getmək üçün vəsait tapmaq da çətin idi. O üzdən cəmi üç sənət yarışında iştirak edə bildim. Əgər bugünkü imkanlar 10-12 il əvvəl olsaydı, yəqin ki, nailiyyətlərimin siyahısı daha uzun olardı...

  

   - Bildiyim qədər, siz klassik operalardan başqa barokko musiqisini ifa edirsiniz...

   - Bəli, barokko musiqisini çox sevirəm. Əgər belə demək olarsa, bu, mənim peşəkar hobbimdir. Kamera musiqisindən ibarət xüsusi proqramlar üzərində işləyirəm. Qarşıdakı günlərdə fransız musiqisindən ibarət konsertim olacaq. Onun ardınca F.Şubertin "Qış yolu" kimi böyük bir silsiləsini hazırlayıram (F.Şubertin 1827-ci ildə yazdığı, hər biri 12 nəğmədən ibarət 2 hissəli mahnı silsiləsi. Bu əsər öz janrının ən mükəmməl klassik nümunəsi sayılır - G.M.). Belə əsərlərin vokalçının repertuarında olması onun hərtərəfli ifaçı olduğunu göstərir.

  

   - Teatrınızın saytını nəzərdən keçirəndə görünür ki, Minskdə opera tamaşaları çox oynanılır. Siz necə, repertuarda çoxmu məşğulsunuz?

   - Teatrımızın rəhbərliyi repertuarı təkcə öz solistlərimizin çıxışları üzərində yox, həm digər teatrlardan solist dəvət etməklə qurur. Bu, tamaşaçı üçün çox yaxşıdır. Onu teatra daha tez-tez gəlməyə həvəsləndirir. Bizim isə məsuliyyətimizi artırır. Deməli, öz teatrında elə işləməlisən, hər tamaşanı premyera kimi oxumalısan ki, başqa teatrlar da səni öz tamaşasına dəvət etsin. Avropada, postsovet məkanında elə gözəl soprano səslər var ki, müəyyən yaş həddinə kimi ürəyin istəyən, potensialın çatan qədər səhnəyə çıxmaq, oxumaq artıq bir şansdır. Bu şansı dəyərləndirmək lazımdır.

  

   - Soprano demişkən, bir çox Avropa rus bəstəkarları da operalarında əsas qadın partiyalarını bu səslər üçün bəstələyiblər. Bir bəstəkarlar adətən soprano partiyalarına tərəf-müqabil kimi tenorları seçirlər. Bu səslər həqiqətən bir-birini gözəl tamamlayır. Bəs ailədə necə, soprano ilə tenor "eyni tonallıqda" anlaşa bilirmi?

   - Konservatoriyada oxuyanda qızlar arasında sevgidən, ailə qurmaqdan söz düşəndə qəti deyərdim ki, heç vaxt tenorla ailə qurmaram! Amma biləydim ki, vaxt gələcək, bir tenorla bir-birimizi sevəcəyik, evlənəcəyik...

 

   - Birgə çıxışlarınız necə, olurmu?

   - Həyat yoldaşım Eduard Martınyuk Avropada çox tələb olunan tenorlardandır. Müxtəlif teatrlarda davamlı çıxış edir. Minskə gələndə çox vaxt eyni tamaşada oxuyuruq. Moskvada Çaykovski adına müsabiqəyə qoşa getmişdik. Amma heç birimiz üçüncü tura keçə bilməmişdik. Sonra Şimali Koreyada keçirilən festivalda ikimiz uğur qazandıq. Sonra eyni teatrın solisti olduq. Yəni ailə düzəninə sənətin, səs tembrinin heç bir dəxli yoxdur. Yaxşı yola gedirik. Sofiya adlı 9 yaşında, atasına çox oxşayan bir qızımız var.

  

   - Qızınızda necə, səhnə sənətinə meyl, gələcəyin vokalçısının işartılarını hiss edirsiniz?

   - Bunu demək çətindir. Hələ ki, Sofiya musiqi məktəbində təhsil alır, teatrın nəzdindəki uşaq opera studiyasına da həvəslə gəlir. Opera tamaşalarında uşaqların da iştirak etdiyi kütləvi səhnələrdə yer alır. Amma onun musiqi ilə ciddi məşğul olmağa hövsələsinin çatacağını, vokalçı olmaq üçün yetərli səsinin olacağını indidən demək çətindir. İndiki uşaqlar klassik musiqiyə o qədər bağlı deyillər.

   ...Söhbətimizin ertəsi günü qonağımızı "Riqoletto" tamaşasında dinləmək şansımız oldu. Bu barədə qəzetimizin ötən saylarında yazı dərc olunduğundan Tatyana Qavrilova haqqında bir cümlə ilə sözümüzü bitiririk: həmin tamaşadan sonra onun ifasınıYoutube”da axtaranların, adını afişada görmək istəyənlərin sayı artdı.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.12.