Özünü türk dünyasına həsr etmiş nəslin nümayəndəsiyəm”

 

   “Yalçın bəy dedi ki, layihəni hazırla gətir, amma bir şərtlə, ilk tədbiri Azərbaycanda keçirəcəksən”  

   Türkiyənin tanınmış rejissoru Öner Kılıc son bir neçə ildə türk respublikalarında uğurla baş tutanTürk filmləri həftəsi” layihəsinin müəllifi və koordinatorudur. Layihə ilk dəfə Azərbaycanda gerçəkləşmişdi. Rejissorla söhbətimizdə sözügedən layihə, türk dünyasında müştərək film istehsalı, bu istiqamətdə gələcək planlarbaşqa məqamlara toxunduq.

  

   - Öner bəy, türk dünyası ilə bağlı fəaliyyətiniz bu layihə ilə başladı, yoxsa daha öncə də bu mövzuda işləriniz olub?

   - Türk dünyası ilə bağlılığım hələ uşaqlıq illərimdən başlayıb. Ulu babalarım Azərbaycanın Qazax bölgəsində yaşayıb. Qazax-Borçalı bölgəsi Rusiya işğalına qədər bir müddət Osmanlıya bağlı olub. Ulu babam Osmanlının orada kəşfiyyat agenti olaraq çalışırmış. Rus, erməni, gürcü, fars, ərəb dillərini bilirmiş. XIX əsrin əvvəlində çar Rusiyası o bölgəni işğal etdikdən sonra babamı Sibirə sürgünə göndərirlər. Tiflisdəki Osmanlı bəyliyi onun ailəsinə sahib çıxır. Ailə Qarsa yerləşir və bir ildən sonra babam da Sibirdən qaçıb gəlir. Sonralar, 1940-cı illərdə atam Ankaraya köçür. O, bizə daim türkçülük şüurunu aşılayırdı. Hər zaman Atatürkün bu deyimini bizə xatırladırdı: “Sovet Sosialist Respublikaları İttifaqı nə qədər mövcud olsa belə, bir gün oradakı türk respublikaları öz müstəqilliklərini qazanacaq, buna hazırlıqlı olun”. Sovetlər dönəmində türk diyarlarından radio vasitəsilə məlumatları böyük maraqla dinləyərdik. 90-cı illərdə türk respublikaları müstəqilliklərini əldə edəndən sonra qardaş ellərlə daha yaxından maraqlanmağa başladıq. O zaman mən TRT-də çalışırdım. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Xakasiya, Çuvaşiya və Tatarıstanı gəzdim, TRT üçün sənədli filmlər çəkdim. Sonra TRT-dən ayrıldım və özəl işimi qurdum. Amma zaman-zaman Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə televiziya kanallarına sənədli filmlər çəkdim. Bu filmlərin 90 faizi Orta Asiyadakı türk elləri, onların mədəniyyəti, adət-ənənəsi ilə bağlıdır.

  

   - “Türk filmləri həftəsi” layihəsi necə meydana gəldi və nə üçün ilk layihəni Orta Asiya respublikalarından birində deyil, məhz Azərbaycanda gerçəkləşdirdiniz?

   - Mən sonralar İstanbula köçdüm. Orada azərbaycanlı kinorejissor, rəhmətlik Tofiq İsmayılovla tanış oldum. O da özünü türk dünyasına həsr edən bir insan idi. Türk dünyası müştərək filmlər layihəsi və ya festivalı gerçəkləşdirə bilərikmi, deyə, çalışmalara başladıq. Bir-iki layihə gerçəkləşdirsək də, istədiyimiz nəticəni əldə edə bilmədik. Bir müddət bu işə fasilə verdik. 2010-cu ildə Ankarada təkrar Türk dünyası film festivalı keçirdim. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan rejissorları dəvət etdim. Amma yenə də istədiyim nəticə olmadı. Üç il öncə Yalçın Topçu Türkiyənin mədəniyyət və turizm naziri olduğu dönəmdə onunla bu məsələni danışdım. Dedim ki, dünyanın müxtəlif ölkələrində Türk filmləri həftəsi keçirilir. Amma bizim öz mədəniyyət coğrafiyamızda keçirilmir. Yalçın bəy dedi ki, layihəni hazırla gətir, amma bir şərtlə, ilk tədbiri Azərbaycanda keçirəcəksən. Beləliklə, üç il öncə Türk filmləri həftəsi ilk olaraq Bakıda reallaşdı. İnsanların türk filmlərinə böyük marağını gördük. Kino ilə əlaqəli qurumlarla görüşlər də keçirdik, müzakirələr apardıq.

   Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan rejissorları ilə bir araya gəlirik və ortaq filmlərin çəkilməsinin vacibliyini hər birimiz başa düşürük. Amma bu filmləri çəkmək üçün maliyyə dəstəyinə ehtiyacımız var. Bunu təkbaşına etmək mümkün deyil. Bunun üçün mən bir təklif verdim. 1989-cu ildən Avropa Şurasının nəzdində birgə kino istehsalı və yayımı üzrə fond - “Eurimages” fəaliyyət göstərir. Türkiyənin də üzv olduğu bu fonda Avropa ölkələri hər il pul köçürür. Sonra da layihə verirsən, əgər qəbul edərlərsə, oradan pul alıb filmi çəkirsən. Təəssüf ki, bu fondun pulu hesabına çox sayda Türkiyə əleyhinə filmlər çəkirlər. Dedim ki, türk cümhuriyyətlərinin belə bir fondunu quraq və hər bir ölkə öz imkanlarına görə, oraya vəsait ayırsın. Üzv ölkələrdən də ssenaristlər öz ssenarilərini təqdim etsinlər. Amma bir şərt var: film ortaq dəyərlərə bağlı olmalıdır. Bu ideyanı kino aləmində hər kəs dəstəkləyir. Əgər bu reallaşarsa, daha tez-tez bir araya gəlmək imkanımız olacaq.

  

   - Əgər dediyiniz fond qurularsa, onda ilk müştərək filmi hansı mövzuda çəkərdiniz?

   - Xoca Əhməd Yəsəvi haqqında. Mən özümü onun Anadoluya yolladığı ərənlərin qurduğu ulus məktəbi ilə yetişdirdim. Onun hikmətləri, baxışları universaldır. O, İslam xoşgörüsünü dünyaya yaymışdı, şagirdlərini göyərçinlər kimi Anadoluya yolladı.

   Bundan başqa, mən hər zaman demişəm, əgər biz bir eşq filmi çəksək, NizamininLeyli və Məcnun”u çəkilsin. Bu əsər bizim eşq filmlərimizin təməli olmalıdır. Qəhrəmanlıq filmi çəksək, “Koroğlufilmi çəkilsin. Xoca Nəsrəddin də bizim ortaq dəyərimizdir. Mənəviyyatda isə bizə yol göstərən gücümüz Xoca Əhməd Yəsəvidir. İlk addımda türk respublikalarının bir araya gələrək bu filmi çəkmələri lazımdır. Keçən il UNESCO tərəfindən “Xoca Əhməd Yəsəvi ilielan edilsə də, təəssüf ki, bu sahədə 10-15 salon toplantısından başqa heç bir görülmədi. Təbii ki, bu toplantılar da əhəmiyyətlidir. Amma kinonun gücü daha böyük və fərqlidir. Kino maraq, diqqət yönəltmə sənətidir. Niyə bu filmə ehtiyac var? Bilirsiniz ki, dünyada terror hadisələri törədilir. Terroru törədən xristian olarsa, ona ruhi xəstə deyirlər, amma müsəlman olarsa, islamçı terror deyirlər. Bizim bu deyimi aradan qaldırmağımızın ən gözəl yolu Əhməd Yəsəvinin və ya Yunus Əmrəni fəlsəfəsini anladan filmlərin çəkilməsidir. Mən bunu türk cümhuriyyətlərində keçirdiyim görüşlərdə də danışdım və razı olduqlarını bildirdilər.

   Son dövrlərdə Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə işləri olur. Amma bu işləri peşəkar görmək lazımdır. Məsələn, bu yaxınlarda “Yanlış anlama” adlı bir film çəkildi, amma onu da yanlış çəkiblər. Filmdə türklərlə azərbaycanlıları bir-birini başa düşməyən insanlar kimi göstərirlər, dilimizdə olan kəlmələrlə zarafat ediblər. Belə ortaq işlər görülməz.

  

   - Bu mənada düşünürsünüz ki, kino həm də güclü təbliğat vasitəsidir?

   - Təbii ki. Ümumiyyətlə, mədəniyyət ixracının ən yaxşı yolu kinodur. Lenin Oktyabr inqilabından sonra kommunizmlə bağlı kitablar yazdırır. Amma insanların yüzdə doxsanı oxuyub-yaza bilmədikləri üçün bu ideya müvəffəqiyyətsiz oldu. Lenin dünyada təbliğat filmlərini qavrama vasitəsi olaraq istifadə edən ilk siyasət adamıdır. İncəsənət növlərindən bizim üçün ən vacibi kinodur, deyirdi. Buna görə sovetlərin ilk illərindən kinoya böyük önəm verilirdi. Düşünürəm ki, ortaq filmlərimizi çəkib televiziyalarda da göstərdikdən sonra ortaq dəyərlərimizi daha çox təbliğ etmiş olarıq.

  

   Mehparə Sultanova

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.13.