Henrix Heyne -
“Məni alman dilində öpər və elə o dildə deyərdilər: “Mən səni
sevirəm!..” yazsa da, Fransada dəfn edilməyə məhkum şair...
Öz zərif şeirlərilə hərb havalı alman dilini xeyli lirikləşdirmiş, bənzərsiz felyeton, xəbər və səyahət publisistikası ilə həmin dilin daha aydın-anlaşıqlı şəkildə formalaşmasına töhfələr vermiş bu şair dövrünün qüdrətli tənqidçisi, siyasi jurnalisti, esseisti, satirik-polemiki kimi də tanınıb və bu gün də o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir.
Düsseldorf şəhərində tacir yəhudi ailəsinin ilk övladı kimi dünyaya gəlmiş H.Heyne ilk təhsilini yerli katolik liseydə alır və elə buradaca onun qəlbində xristian dininə rəğbət yaranır. Ancaq işə baxın ki, bu vətənpərvər gənc Almaniya-Fransa müharibəsində Napoleonun məğlubiyyətindən məyusluğa uğrayır. Səbəb? Müharibədən sonra burada (onun vətənində) qalib prussiyalıların feodal qayda-qanunları bərpa edilir, orada isə Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv olunur...
Bir vaxtlar onu Napoleon ordusunun generalı kimi görmək istəyən valideynləri də, həmin məğlubiyyətdən sonra Henrix üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o, milyonçu əmisinin yanına ticarət öyrənməyə yollanır, ancaq heç bir ümidverici fəaliyyət göstərə bilmir və elə ovaxtdan özünü yalnız şair kimi görüb-tanımağa başlayır.
Əmisi qızına olan qızğın (və nakam) məhəbbətindən bəhs edən silsilə şeir və məktublar “yaradıcılığından” sonra dəhşət-vəhşət romantikasına baş vuran bu gəncin növbəti ədəbi-bədii mərhələsinin özəyini məhəbbət-ölüm ikiliyi, sadədil oxucuları yağır-bağır edən bədii yuxu mövzuları təşkil edir.
Öz “qəribə Henrix”indən ticarət adamı alınmayacağını görən anası və qohumları onun universitet təhsili almasına imkan yaradırlar. O, Bonnda Şlegelin mühazirələrini dinləyir, romantik stilin incəliklərinə yiyələnir, Bayronun şeirlərini tərcümə edir, tələbə cəmiyyətlərinin fəalına çevrilir, liberal və milli axınlara qoşulur və s.
1820-ci ildə Heyne Qöttingen Universitetinə gedir, lakin bircə il sonra, tarixə düşmüş “duel əhvalatı”na görə oranı tərk etməli olur.
Bəli, o dövrdə Almaniyada yəhudilərə qarşı olan münasibətə görə öz əslini gizlətməyə çalışan Heyne onu yəhudi olduğuna görə təhqir edən tələbə yoldaşını duelə çağırır. Buna görə universitetdən xaric edilir (qarşı tərəf isə təhsildən vur-tut bir semestr kənarlaşdırılır). Nəticədə Henrix Berlinə köçür, məşhur filosof Hegelin yanında təhsil alır. Berlində onun iki kitabı (“Şeirlər” və “Fəlakət”) çap olunur.
1822-ci ildə Poznan şəhərinə səyahət edərək orada İudaizm ilə yaxından tanış olan Heyne bu dinə heyran qalsa da, özünü yəhudiliklə identifikasiya edə bilmir.
1825-ci ildə Henrix Heyne Qöttinqendə hüquq üzrə doktor elmi dərəcəsi alır. Bu sahədə böyük nailiyyətlər əldə etməkçün protestant kilsəsində xristian dinini qəbul edir və adının önünə "Kristian" ifadəsini əlavə edir.
Və bu “zorənxristian” arzulu şairin -
Ümuminsani taleyi...
Xristianlığı
qəbul etməsini özlüyündə Avropa
mədəniyyətinə qədəm
qoymaqçün formal bir
addım kimi qiymətləndirən və
“keşişin evində
kirvədən başqa
heç kim
olmasın” qənaətilə
gizli saxlamağa çalışan Heyne, vaxt ötdükcə, bunun “yad mədəniyyətdə”
istədiyi kimi qəbul edilmədiyini görür. Məsələn, millətçi şair Plattenin onun üstünə məhz yəhudi əsilli olmasına görə hücum etməsi (daha sonra bunu teatr
səhnəsi mövzusuna
çevirməsi) tarixə
bu “qəbuledilməzliyin”
bariz nümunəsi kimi düşüb.
Elə tədqiqatlarda da vurğulanır ki, onun Fransaya köçmə
səbəblərinin kökündə
- siyasilikdən çox,
“mənşəvilik” dururdu.
Dostlarına “Mən xristian
dinini qəbul etdiyimə görə peşmanam” motivli məktublar yazan Heynenin Almaniyada hüquqşünas kimi çalışmaq cəhdi
bu sayaq həmlələrlə əlaqədar
boşa çıxır
və o, dolanışıq
xərclərini yalnız
yazıçılıq-jurnalistlik sahələrindən çıxarmaq
məcburiyyətində qalır.
“Su pərisi”...
Bu başdan
qeyd edək ki, bu şeirinin
motivlərinə unikal
bir heykəl də qoyulub.
Onun ilk şeirləri hələ 1816-cı ildə Hamburqda olarkən (Froydhold Rizenharf təxəllüsüylə) çap olunmuşdu. “Henrix Heyne” imzalılarının ilki 1821-də Berlində işıq üzü görür. Üç il sonrakı 33 şeirlik toplusunda yer alan “Su pərisi” şeiri isə onu bütün ədəbi aləmdə məşhurlaşdırır və o, bu eyforiya ilə elə həmin il Veymara - qəlbində böyük sayğılar bəslədiyi V.Hötenin yanına gedir. Lakin... böyük ümidlər bəslədiyi, hələ iki il öncə giriş sözlüylə birgə ilk şeirlər kitabını göndərdiyi bu dahi ilə görüş (qarşısındakı böyük vurğunuyla mədəni şəkildə məsafə saxlamağa çalışması səbəbindən) məyusedici keçir.
1826-cı ildə çap etdirdiyi “Harts səyahəti” kitabı Heyneyə daha böyük uğur gətirir. Şeirlərində siyasi motivlərin ironik təsviratına da yer verən Heyne 20-ci illərin sonunda London-İtaliya səfərinin ictimai-siyasi və ədəbi-bədii “qənimətlərini” “Səyahət təəssüratları” adı altında çap etdirir. “Le Grand” kitabında Napoleona rəğbətini açıqlayan, fransız inqilabının nailiyyətlərindən və s. aktual məsələlərdən söhbətlər açıb, bütün Avropada istedadlı şair kimi ad çıxaran bu şairin əsərlərinə Almaniyada yasaq qoyulur və o, 1831-ci ildə Parisə köçür. Burada başlanan “ikinci yaradıcılıq mərhələsi”ndə, onun dünyəvi küskünlüyündə az rol oynamamış Almaniya xiffəti də yer alır: “Mənim gözəl ana vətənim vardı, Orada hündür palıd ağacları bitərdi. Məni alman dilində öpər və elə o dildə deyərdilər: “Mən səni sevirəm!..”
Parisdə Heyne əsasən “Augsburger Allgemeine Zeitung" qəzetinin xarici müxbiri kimi çalışır. Avropanın məşhur şəxsiyyətləri ilə (Düma, Humboldt və b.) tanış olur. Ancaq iki il sonra, onu ölümə doğru aparan xəstəliyin simptomları başlanır; görmə qabiliyyəti tamamilə zəifləyir, işgüzarlığı məhdudlaşır, 8 illik yataq məhkumuna çevrilir.
1845-ci
ildən xəstəliyi daha da şiddətlənən Heyne
müxtəlif kurortlara getsə də, heç bir səhhət
irəliləyişinə nail ola bilmir. 1848-də əsəbləri
də tam pozulur, “son yatağa” düşür və şeirlərinin birində
bu illəri “Yataq qəbri”
adlandırır. Yaradıcılıqdan əl
götürməyən şair şeirlərini
diktə edərək, katibəsinin köməyilə
kağıza köçürtdürür,
1851 və 1854-cü illərdə siyasi məzmunlu
iki kitab (“Romaserro”, “Qarışıq yazılar”) çap etdirir. 1856-cı ilin
17 fevralında vəfat
edir, Parisin Monmartr qəbiristanlığında
dəfn edilir.
Tahir Əhmədalılar
Mədəniyyət.- 2017.- 13
dekabr.- S.14.