Qalın rənglərin gözəlliyi
“Bu da mənim yolumdur. Rəngləri qatbaqat
vururam. İstədiyim alınana kimi belə edirəm”
Nağdəli Xəlilov çağdaş rəssamlarımız arasında özünəməxsus rəng texnikası ilə seçilən sənətkardır. Ötən il 70 yaşını qeyd edən rəssam yubiley sərgisini keçirməklə sənətsevərlərlə dolğun bir görüşə gəlmişdi.
Bugünlərdə qocaman sənətkarla görüşmək üçün yaşadığı Mərdəkan qəsəbəsinə yollandım. Buraların rəssam üçün öz cazibəsi var. Nağdəli müəllim deyir ki, indiyəcən evində emalatxanası olmayıb. Bütün əsərlərini evin qabağındakı üstüörtülü kiçik bir yerdə - talvarda yaradıb. Yayın qızmarında, qışın sazağında da. Rəssamın oğlu bu il atası üçün həyətdə yaxşı bir emalatxana tikib. İndi qalır işləmək. Qocaman rəssam deyir ki, sərgidən sonra səhhətindəki problemlərdən, bir də rəngsizlikdən işləyə bilməyib. Bu müddətdə cəmi iki əsər çəkib. Çəkmədiyinə görə özünü rahatsız hiss edir.
N.Xəlilov 1946-cı ildə qədim İrəvan şəhərinin yaxınlığındakı Qəmərli rayonunun Sarıcalar kəndində aşıq Xəlilin ailəsində anadan olub. 1972-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1980-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1984-cü ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1993, 1996, 2016-cı illərdə Bakıda fərdi sərgiləri keçirilib.
Onun taleyi və rəssamlığa gəlişi də əzablı olub. Doğulandan bir neçə il sonra Ermənistandan deportasiya olunan soydaşlarımızla bərabər onun ailəsi də dədə-baba torpaqlarını tərk etməli olub. Beyləqan rayonunda məskunlaşıblar.
Atası rəssam olmağını istəmirmiş. Ancaq sonradan oğlunun istəyinə qarşı çıxmayıb. Rəssamlıq Məktəbində dövrün tanınmış rəssamları Lətif Feyzullayev və Kamil Xanlarovdan dərs alıb. Sonra ali rəssamlıq təhsili almaq üçün Tbilisiyə yollanıb. Rəssam o günləri belə xatırlayır:
“Orada bir il hazırlıq
kursunda oxudum. Həm işlədim,
həm də akademiyaya hazırlaşdım.
Müxtəlif kurslarda oxuyan
tələbələrlə birgə işləyirdim.
Bununla da məndə psixoloji hazırlıq da yaranmışdı.
İmtahanları uğurla verib
qəbul olundum. Qəbul imtahanlarının
birindən akademiya üzrə tək mənə beş
yazmışdılar. Tələbəlik illərim çox məhsuldar keçib.
Əsas məqsədim rəngkarlığı
öyrənmək idi.
Müəllimlərimdən biri rəngə
olan həssaslığımı
görüb demişdi
ki, sən güclü rəngkar olacaqsan”.
Nağdəli müəllimin yaradıcılığı
üçün xarakterik
olan başlıca cəhət kətan üzərində yaxmaları
qalın vurmasıdır.
Bu, dünya təcrübəsində
var. Azərbaycanda isə
bunu bir ilk saymaq olar. Rəssam işlədiyi texnikasını belə izah edir: “Bu da mənim yolumdur.
Rəngləri qatbaqat vururam.
İstədiyim alınana kimi
belə edirəm.
Bəzən istədiyimi ala bilmirəm,
onda rəngi qaşıyıb götürürəm,
yerinə başqasını
vururam. Başqa cür rəng
vurmağı xoşlamıram.
Rembrandt da yaxmaları
qalın vururmuş.
O qədər qalın
ki, rənglər ağırlıqdan kətanın
üzərində dayanmır,
yerə tökülürmüş.
Hər rəssam bir cür işləyir.
Məsələn, Səttar rəngi
çox duru işlədirdi. Onun əsərlərində boyanın
təbəqəsi hiss edilməyəcək
dərəcədə nazikdir”.
Bəs, görəsən, qalın yaxmaların gələcəkdə çatlamaq
və qopmaq təhlükəsi varmı?
N.Xəlilov: “Düzgün əməl edilərsə, heç bir qopma təhlükəsi
ola bilməz.
Əksinə, belə əsərlərin
daha çox qalmaq imkanı var. Gördüyünüz kimi,
hələ hansısa
əsərimdə belə
bir təhlükə yoxdur”.
Qalın yaxmalar rəngin
daha çox işlədilməsini tələb
edir. İlin-günün
bu vaxtında, rəssamlıq ləvazimatının
od qiymətinə
olduğu bir çağda rəngi qalın vurmaq sənətkarın büdcəsinə
çox ziyandır: “Elə bilirlər çox imkanlıyam, ona görə rəngdən gen-bol istifadə edirəm. Halbuki rəngsizlikdən bu il işləyə bilməmişəm.
Sadəcə başqa cür
edə bilmirəm.
İldə iki min manat rəngə pul verirəm. İnanmıram, kimsə ildə
rəngə bu qədər pul xərcləsin. Sovet dönəmində
rəssamların bədii
fondundan çoxlu rəng alırdım.
Elə bilirdilər ki, aparıb başqa yerdə satıram”.
Rəssamın hər hansı
əsərini qaldırdımsa,
çəkisi çox
ağır gəldi.
Çərçivəsiz kətanların ağırlığı
1,5-2 kq olar.
Nağdəli müəllimin əsərlərinin
öz cazibəsi var. Bunu yaradan səbəblərdən
biri yaxmaların qalınlığıdırsa, başqa səbəb isti və soyuq
rənglərin ahəngdarlığı,
parlaq rənglərlə
tutqun çalarların
uğurlu uyğunluğudur.
Əsərlərində tündlük çox
güclüdür. Sanki
əsərlərin təsvir
olunduğu mühitlərdə
işıq öləzimiş
kimidir və oradakı gözəlliyi,
işığı rəssam
göstərməyə çalışır.
N.Xəlilov: “Bir dəfə mərhum Xalq rəssamı Toğrul Nərimanbəyov mənim
əsərlərimə baxdı
və dedi: “Məndə rənglər
çox açıqdır,
üzdədir, səndə
gizli. Və bu çox gözəldir. Onunla bizim
zahiri oxşarlığımız
da vardı. Əsərlərimdəki tutqunluğa gəldikdə
isə, məndə bütün rənglər
təbiidir, heç bir qondarma rəng
yoxdur. Bəzi rəssamlar olmayan
rəngləri işlədirlər,
yalançı effektlər
yaradırlar”.
Rəssam aşıq ailəsində
böyüdüyündən ozan sənətinə, folklora, ədəbiyyata çox yaxındır.
Aşıq Ələsgərə ayrıca rəğbəti
var. Akademiyada diplom işi kimi Dədə
Ələsgərin portretini
çəkib. Onun portretlərinin
çoxu tarixi şəxsiyyətlərlə bağlıdır.
Məhəmmədhüseyn Şəhriyar, Cəlaləddin
Rumi, Nəsirəddin Tusi, Xəstə Qasım, Mir Möhsün Nəvvab, Məhəmməd
Füzuli və başqalarının portretlərini
çəkib.
Rəssamın yaradıcılığında
mənə ən çox təsir edən isə natürmortlarıdır. Bu
əsərlərdə sənətkarın
yüksək rəng duyumu elə qabarıqdır ki, istər-istəməz tamaşaçıya
təsir edir.
Sənətkarın
“İki ağac”, “Quş yuvası”, “Heyratı”, “Balıqçılar”,
“Bəy quşlar”, “Dəniz gecə vaxtı”, “Sübh çağı”, “Qızılgüllər”,
“Xanımımın çırağı”
əsərləri də
diqqətçəkəndir.
Nağdəli müəllimin avtoportretləri də var. Bunların hər biri sənətkarın ayrı-ayrı çağlarının ovqatını ifadə edir. Bu çağında yaratmaq duyğusuyla yaşayan qocaman sənətkara cansağlığı diləyirik.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 13
dekabr.- S.15.