Mədəniyyət və turizm
ölkələrarası əlaqələrdə xüsusi yer tutur
Nazir Əbülfəs Qarayev
Türkiyə, Böyük Britaniya və Yunanıstanın Azərbaycandakı
səfirləri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 12-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.
Nazir bu günlərdə türkiyəli həmkarı ilə Sudanda və Ankarada keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparıldığını bildirib.
Görüş zamanı həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi müzakirə olunub.
* * *
Dekabrın 13-də nazir Əbülfəs Qarayev Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım Karol Kroftsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əlaqələrdən söhbət açılıb, əməkdaşlığın daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.
Əbülfəs Qarayev ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, turizm əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb. Bu məqsədlə qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də turistlərin sayının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi təklifləri irəli sürülüb.
Nazir ölkəmizin mütəmadi olaraq Londonda keçirilən WTM beynəlxalq turizm sərgisində iştirakı, bu çərçivədə keçirilən ikitərəfli görüşlər və təqdimatlar haqqında nümayəndə heyətini məlumatlandırıb. Bununla yanaşı, ölkəmizin regionlarının geniş turizm potensialına malik olduğu bildirilib, Şahdağ Turizm Mərkəzində qış turizm mövsümünün açılışından bəhs olunub.
Böyük Britaniya səfiri ölkəmizin zəngin mədəniyyət və turizm potensialının olduğunu qeyd edərək ikitərəfli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını deyib.
* * *
Həmin gün Mədəniyyət və Turizm Nazirliyində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos ilə də görüş keçirilib. Görüşdə ikitərəfli mədəni və turizm əlaqələri, əməkdaşlığın inkişaf etdirilməsi barədə danışılıb.
Nazir Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycana Yunanıstandan gələn turistlərin sayının daha da artırılması üçün qarşılıqlı turizm təqdimatlarının keçirilməsi vacibdir. Bu, həmçinin inkişafda olan turizm ölkəsi kimi Azərbaycanın daha da tanıdılmasına xidmət edəcək. Eyni zamanda mədəni əlaqələrin inkişafından söhbət açan nazir Yunanıstan nümayəndə heyətini gələn il keçiriləcək “Bakı Prosesi”nin 10 illik mərasiminə dəvət edib.
Səfir Nikolaos Kanellos hər iki sahədə əməkdaşlığın inkişafı üçün işlərin həyata keçiriləcəyini qeyd edib.
Görüşdə Azərbaycan və Yunanıstan arasında mühüm turizm və mədəniyyət tədbirlərində qarşılıqlı iştirak və birgə layihələrin həyata keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2017.- 15
dekabr.- S.5.