Görkəmli ədəbiyyatşünasın yubileyinə həsr olunmuş elmi sessiya

 

 

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli görkəmli alimin zəngin elmi yaradıcılığından bəhs edib. Onun Ədəbiyyat İnstitutunun sabiq direktoru vəzifəsində çalışdığını, elmi kadrların hazırlanmasında yorulmadan fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik bildirib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınan M.Quluzadənin Nizami Gəncəvi, Əvhədi Marağayi, Nəsimi, Həbibi, Füzuli kimi klassiklərimizin yaradıcılığı haqqında dəyərli tədqiqatları var.

   Elmi sessiyada filologiya elmləri doktorları Fəridə Əzizova "Klassik irsimizin tədqiqatçısı", Məmməd Əliyev "Professor Mirzağa Quluzadə", İmamverdi Həmidov “Mirzağa Quluzadənin elmi-təşkilati fəaliyyətinə dair", Zaman Əsgərli “Mirzağa Quluzadə və dünya ədəbiyyatı”, Mahirə QuliyevaMirzağa Quluzadə Məhəmməd Füzulinin sənətkarlıq xüsusiyyətləri və şeirinin ənənələri haqqında” mövzularında məruzələrlə çıxış ediblər.

   Filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov və başqaları alim haqqında xatirələrini bölüşüblər.

 

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.6.