“Mənim
ancaq bir arzum var: Şuşada
konsert vermək!”
Moskvada görkəmli Azərbaycan
musiqiçisi Fərhad
Bədəlbəylinin yubiley
gecəsi keçirilib
Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski
adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu,
bəstəkar, Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru,
SSRİ Xalq artisti, Dövlət mükafatı
laureatı, professor Fərhad
Bədəlbəylinin 70 illik
yubileyi münasibətilə
təntənəli gecə
təşkil olunub.
Yubiley konserti Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, ölkəmizin Rusiyadakı səfirliyi, “Roskonsert” birliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşib. Konsertdə
Moskva Filarmoniyasının
Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə və
Yalçın Adıgözəlov,
əməkdar artistlər
Əyyub Quliyev və Fuad İbrahimov,
gənc tenor Azər Rzazadə, soprano Kyara İzotton iştirak ediblər. Proqrama Fikrət Əmirov,
Cüzeppe Verdi, Corc Gerşvin, Sergey Raxmaninovun
əsərləri daxil
edilmişdi.
Fərhad Bədəlbəyli AZƏRTAC-a müsahibəsində dünyanın
mədəniyyət mərkəzlərindən
biri olan Moskvada Azərbaycan incəsənətini təmsil
etməkdən böyük
şərəf duyduğunu
söyləyib: “Hər
bir musiqiçi üçün Moskva,
London, Vyana, Nyu-York səhnələrində çıxış
etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni
qəbul ediblərsə,
deməli sən peşəkar musiqiçisən”.
F.Bədəlbəyli
qeyd edib ki, bu gün
həm də Moskva səhnəsində Fikrət Əmirovun 95 illiyi münasibətilə
dahi bəstəkarın
əsərlərinin, o cümlədən
“Sevil” operasından Balaşın ariyasının
və Elmira Nəzirova
ilə birgə yazdığı “Ərəb
mövzusunda fortepiano üçün
konsert”inin səslənməsi
çox sevindiricidir. Konsertdə
ilk dəfə S.Raxmaninovun
fortepiano üçün yazdığı
2 saylı süitası
məşhur aranjimançı
A.Varenberqin işləməsində
iki fortepiano və simfonik orkestrlə ifa olunub. “Moskva dinləyiciləri çox tələbkardırlar,
buna görə də mən olduqca həyəcanlıyam”,
- deyən yubilyar ən böyük arzusunu da dilə
gətirib: “Mənim ancaq bir arzum
var: Şuşada konsert vermək!”.
Yubiley gecəsinin tamaşaçıları
arasında olan məşhur sənət adamları və ictimai xadimlər müsahibələrində Fərhad
Bədəlbəylini yubileyi
münasibətilə təbrik
ediblər.
Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu:
- Mən bu gün çox
xoşbəxtəm ki,
Rusiya paytaxtının
möhtəşəm konsert
salonlarından birində
60 illik dostum, Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndəsi
Fərhad Bədəlbəylinin
70 illik yubiley gecəsi keçirilir. Konsertin təşkilində dəstəyə
görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirmək istəyirəm.
Bu gün yubiley
gecəsinə Azərbaycanı,
onun mədəniyyətini,
incəsənətini sevənlər
toplaşıb. Azərbaycanın görkəmli mədəniyyət
xadimlərinin Rusiya paytaxtında möhtəşəm
tədbirlər keçirməsi
artıq gözəl ənənəyə çevrilib.
Mən dostum Fərhada daha böyük uğurlar, cansağlığı,
həmişə irəlidə
olmağı diləyirəm.
Rusiyanın Əməkdar incəsənət xadimi Janna Dozortseva:
- Fərhad uzun illər Rusiyanın konsert salonlarının yaraşığı olub. Elə bir musiqi mövsümünü xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış etməsin. Məşhur dirijor Veronika Dudarova da onu çox sevərdi. Fərhad çox gözəl pianoçudur. O, təkcə Azərbaycanın deyil, həm də Rusiyanın fəxri və sərvətidir.
TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:
- Bu gün Moskvanın mədəni həyatında əlamətdar
hadisədir. Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar
Fərhadın ifasına
heyrandırlar. Fərhad bu
gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə ifa edir ki, onun
70 illik yubileyini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı
Fərhadın konsertlərini
xatırlayıram. Onu deyə
bilərəm ki, səhnəyə, musiqiyə
sonsuz məsuliyyətli
münasibəti heç
dəyişməyib. Fərhad təkcə
qəlbən deyil, həm də yaradıcılığı ilə
gəncdir.
SSRİ Xalq artisti Tamara Sinyavskaya:
- Mən
Fərhad Bədəlbəyliyə
ilk növbədə cansağlığı,
yaradıcılıq sevinci
arzu edirəm. Fərhad Çaykovski adına salonda
dəfələrlə çıxış
edib və mən əminəm ki, bugünkü konsert onun yaradıcılığının
daha bir zirvəsidir.
Xalq artisti Yalçın Adıgözəlov:
- Çox əlamətdar bir gün yaşayırıq, görkəmli pianoçumuz, musiqiçimiz, SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin 70 illiyini qeyd edirik. Biz silsilə yubiley konsertlərini Bakıda başlamışıq, bu gün Moskvada çıxış edirik və ümid edirəm ki, başqa ölkələrdə də davam etdirəcəyik. Fərhad müəllim yaradıcılığının zirvəsindədir, fortepiano məktəbimizin lideridir və gənc musiqiçilərimiz üçün hər cəhətdən örnəkdir.
Mədəniyyət.- 2017.- 15
dekabr.- S.8.