Yubilyar rəssamın sulu boya sərgisi

 

   Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam Hafiz Kərimovun 50 illik yubileyi münasibətilə sulu boya əsərlərindən ibarət sərgisinin açılışı keçirildi.

   ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov tədbiri açaraq rəssamın yaradıcılığı haqqında danışdı, çağdaş təsviri sənətimizdə az sayda rəssamın sulu boya texnikası ilə işlədiyini diqqətə çatdırdı. Bildirdi ki, bu texnikayla işləyən rəssamlar görəndə sevinirik. Bu baxımdan Hafiz müəllimin işləri çox dəyərlidir.

   Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Naxçıvan torpağının yetirməsi olan və Bəhruz Kəngərli ənənələrini davam etdirən rəssamın yaradıcılığını yüksək dəyərləndirdi, ona yeni uğurlar dilədi.

   ARİ-nin məsul katibi Rafiq Kərimov yubilyara qurumun sədri adından təbrik məktubunu təqdim etdi.

   Naxçıvanlı rəssam Həbibə Allahverdiyeva, artkurator Elnurə İsgəndərova və başqaları çıxış edərək səbəbkarın bir-birindən maraqlı əsərləri haqqında fikirlərini söylədilər.

   H.Kərimov sərginin təşkilində zəhməti olan, eləcə də iştirak edən hər kəsə sayğısını ifadə etdi.

   Açılışdan sonra sənətsevərlər rəssamın yaradıcılığı ilə yaxından tanış oldular. Sərgidə H.Kərimovun 50 sulu boya əsəri nümayiş olunur. Bütün əsərlər mənzərə janrındadır. Rəssam daha çox Naxçıvan mənzərələrini çəkib. Əsərlər çox uğurludur. Sərgi on gün davam edəcək.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.8.