Yaxşılıq deyilsə əgər vərdişin, söylə bu dünyada bəs nədir işin...

 

 

   Dekabrın 9-da Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində Azərbaycan Yazıçılar Birliyi (AYB) Xəzər bölməsinin təşkilatçılığı ilə şair və tədqiqatçı, tanınmış füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin xatirəsinə həsr edilmiş tədbir keçirildi.

   Gecədə Hacı Mailin (Mail İsmayıl oğlu Əliyev) ömür yolundan, yaradıcılığından, alim kimi klassik ədəbiyyatımızın tədqiqi sahəsində gördüyü işlərdən danışıldı, onunla bağlı xatirələr dinlənildi.

   AMEA Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal, AYB-nin katibi İlqar Fəhmi, şair Soltan Əlizadə, AYB Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı və digər çıxışçılar Hacı Mailin füzulişünas alim kimi xidmətlərini xüsusi qeyd etdilər. Diqqətə çatdırıldı ki, o, Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazıb. 20 ildən artıq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışan Hacı Mail Məhəmməd Füzuli “Divan”ının müxtəlif ölkələrdə qorunub saxlanılan ən qədim nüsxələri üzərində tədqiqatlar aparıb. 1997-ci ildə müdafiəsiz filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

   Vurğulandı ki, Hacı Mail “Məcməüş-şüəra” ədəbi məclisinin bərpaçısı, “Füzuli” ədəbi məclisinin təşkilatçısı və sədri olub. O, həmçinin mindən çox qəzəl, qəsidə, tərcibənd, qitə, təxmis, qoşmas. janrlarda şeirlərin müəllifi kimi tanınır.

   Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin üzvləri arasında keçirilən şeir müsabiqəsinin nəticələri açıqlandı. Hacı Mailin şeirlərinə nəzirə və təxmislər yazan gənclərə hədiyyə və diplomlar təqdim edildi.

   Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Teyyub Aslanov, gənc xanəndələr Hüseyn Məlikov və Məmməd Nəcəfovun ifasında muğamlar ifa edildi. Hacı Mailin qəzəllərindən ibarət çələng şəklində təqdim edilən ifalar alqışlarla qarşılandı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.13.