Səttar Bəhlulzadə
dühasının parlaq plastik
ifadəsi
Bir əsərin tarixçəsi
Sağlığında əsərləri tamaşaçıları ovsunlayan Səttar Bəhlulzadənin özü də davamlı olaraq rəssam və heykəltəraş həmkarlarının diqqət mərkəzində olmuşdur. Bunun başlıca səbəbi rəssamın zahiri görkəminin sənət dünyası kimi cəlbediciliyi olmuşdur. Doğrudan da, uzun saçları, arıq və uzun barmaqları, nüfuzedici gözlərinin bənzərsiz rəngi zamanında onun ümumi görkəminin qəribə və cəlbedici olmasını şərtləndirmişdi. İnsani keyfiyyətlərini səciyyələndirən sadəliyi, müxtəlif peşəli adamlarla ünsiyyətindəki qeyri-adi səmimilik onu hamının sevimlisinə çevirmişdi, desək, yanılmarıq. Müasirlərinin görkəmli mənzərə ustasının “Aramızda gəzən dahi” kimi çağırılması da sənətinə diqqətin, şəxsiyyətinə ehtiramın göstəricisi idi.
Ona duyulası rəğbət bəsləyənlərdən biri də tanınmış heykəltəraş Ömər Eldarov olmuşdur. Onlar demək olar ki, hər gün görüşürdülər. Səhər tezdən Əmircan qəsəbəsindən paytaxta üz tutan Səttar Bəhlulzadə “Rəssamlar evi”nin beşinci mərtəbəsində yerləşən emalatxanasına qalxmazdan əvvəl, həyətdə burada yaşayan həmkarları, o cümlədən də Ömər Eldarovla görüşər, hal-əhval tutardı. Bu günlərdə görkəmli tişə ustası ilə söhbətimiz zamanı xəyalən həmin günlərə qayıtdıq. Xatırlanmalı şeylər həqiqətən də çoxdur. Məni daha çox Ömər Eldarovun məşhur olan həmkarına həsr etdiyi iki portretin yaranma tarixçəsi maraqlandırırdı. Ona fikrimi bildirəndə məmnuniyyətlə razılıq verdi. Dekabr ayının 21-də anadan olmasının 90 illiyini qeyd edəcək Ömər müəllim ötən günləri çox dəqiqliklə xatırladıqca onun yaddaşına heyran qalmamaq olmurdu...
O, ilk olaraq bildirdi ki, Səttarla ünsiyyət başqa aləm idi. Hərəkətləri və danışığı səmimiyyətə və təbiiliyə bələnmiş rəssamın davranışını kənardan izləməyin özü də bir tamaşa idi. Emosionallığı və çılğınlığı hər sözündə və hərəkətində duyulan rəssam uzaqdan səhnədə çıxış edən aktyora bənzəyirdi. Onun arıq və uzun barmaqları ilə fikrini izah etməsi və yaxud da fikrini əllərini yuxarı qaldırmaqla təsdiqləməsini hər dəfə maraqla izləyər, uzun müddət unuda bilmirdim. Klassik səliqədən çox uzaq olan sadə geyimində o, qeyri-adi və çox baxımlı idi. Başqa sözlə desək, Səttar bütün varlığı ilə məni ovsunlamışdı. Odur ki, ürəyimdən onun portretini işləmək keçirdi. Sənəti və davranışı heç bir “qəlib”ə sığışmayan Səttarın timsalında yaradıcı insanın obrazını yaratmaq istəyirdim. Məndən əvvəl artıq iki heykəltəraşın - Fuad Əbdürrəhmanov və Pyotr Sabsayın onun portretini işlədiyini də bilirdim. Təbii ki, yaradacağım obrazın məlum əsərlərdən fərqli olmasını istəyirdim.
Altmışıncı illərin ortalarına yaxın bizim ilk yaradıcı ünsiyyətimiz baş tutdu. Emalatxanada görüşümüz zamanı mən onun portretini hazırlıq materialı kimi etüd formasında işlədim. İş prosesində onun davranışından çox razı qaldım. Başqa sözlə desək, bəzi naturalar kimi məni incitmədi. Ümumiyyətlə, Səttar poza verməyi xoşlayardı. Elə onun çoxsaylı fotoşəkillərdə cəlbedici görünməsi də vurğuladığım xasiyyəti ilə bağlı idi... Odur ki, bir seansdan sonra onu çox yormaq istəmədim. İşlədiyim portret-etüdü və rəssamı ən müxtəlif pozalarda əks etdirən fotoşəkilləri ərsəyə gətirməyə qərar verdiyim əsər üçün qənaətbəxş hazırlıq materialı saydım.
Bir
müddət portretin pozasının necə
olacağı barəsində düşündüm.
Etiraf edim ki, bu proses
elə də asan keçmədi. Belə ki, xarakter
etibarilə bənzərsiz olan, necəliyini
çox vaxt
danışığında, xüsusilə də əllərinin
hərəkətində ifadə edən Səttarı ona həsr olunmuş məlum
işlərdən fərqli tutumda ifadə
etmək niyyətindəydim. Çox
düşünüb-daşındıqdan sonra
Səttarın məlum portretlərinə bənzəməməyin
yolunun ilk növbədə
əsər üçün orijinal kompozisiya həlli tapmaqdan keçdiyini yəqinləşdirdim.
Müxtəlif variantlardan
sonra portretin əllə birlikdə ifadə olunmasına qərar verdim. Əslində bu elə də
asan bədii şərh deyildi, amma başqa seçimim yoxdu. Az sonra
portret-kompozisiyanın arzuladığım
forma-biçimdə gips
variantını hazırlayıb
qurtardım. Həmin dövrdə bu
variant respublika sərgisində
də nümayiş olundu. Hamı kimi əsərin
qəhrəmanı da
onun kompozisiya həllindən çox razı qalmışdı.
Bu məni bir az da həvəsləndirdi və
mən onun hansı materialda ifadəsi barədə düşünməyə başladım.
Obraza xas olan çılğınlığı
və ekspressiyanı bütün dolğunluğu
ilə özündə
yaşada biləcək
material yalnız ağac
ola bilərdi.
İri qoz ağacı kötüyünü də
respublikanın Zaqatala-Qax
zonasından tapa bildik. Bundan sonra onun materiala köçürülməsi
prosesi başlandı.
Bir ildən bir az çox
müddətdə davam
edən yonma işi 1965-ci ildə tamamlandı. Nəticə
göz qabağında
olanda bir daha əmin olduq ki, portretin
duyğulandırıcılığını,
obrazın yaradıcı
ehtirasını, bütünlükdə
isə, Səttarın
özünün varlığına
xas olan “işığı”, təbiiliyi
və səmimiliyi yaddaqalan tutumda ifadə etmək üçün ağac ən uğurlu material imiş...
Doğrudan da, əllərini
irəli uzadaraq xəyala dalmış “Sənətin Məcnunu”nun
ümumi pozasında və düşüncəli
baxışlarında onun
yaşayıb-yaratmaq eşqini
duymaq o qədər də çətin deyildir. Portretin gerçəkləşməsində duyulası ekspressiv yapma manerasına üstünlük verən
heykəltəraş bunun
sayəsində obrazın
daxili aləmində hifz olunan çılğınlığın
qabarıq təqdimatına
nail olmuşdur. Ağacın işıqlı çalarlarından
qaynaqlanan nikbinliyin plastikada ifadə olunmuş forma-biçim həlli kifayət qədər cəlbedici olduğundan, portret tamaşaçı ilə
sanki “danışır”.
Bütün vaxtlarda bu bənzərsiz portretin muzeyin rəssamın əsərləri
asılan salonda nümayiş etdirilməsi
özünəməxsus aura yaratmaqla bərabər, ondan alınan lirik-poetik təəssüratın
uzunömürlü olmasını
da şərtləndirmişdir...
Görüşümüz zamanı mən ustaddan üç il sonra yenidən Səttar Bəhlulzadənin obrazına müraciət etməsinin səbəbini də soruşdum. Bütün həyatı boyu səmimiliyini qoruyub saxlayan heykəltəraş etiraf etdi ki, ictimailəşdirilən bu əsər hamını qane etsə də, mənim içimdə sənəti və şəxsiyyəti ilə hamını ovsunlamağı bacaran rəssamın obrazında daha nələrisə üzə çıxarmağın mümkünlüyü hissi vardı. Bu səbəbdən də o, 1968-ci ildə yenidən qoz ağacından Azərbaycan təbiətinin nəğməkarı sayılan görkəmli mənzərə ustasının portretini yaradır.
Bu iki işi müqayisə etsək, onda ikincinin yapma manerasındakı yumşaqlığı və forma-biçimin bədii ümumiləşdirmələrlə üzə çıxarıldığını qeyd edə bilərik. Başqa sözlə desək, ilk əsərdə əzaların qabarıqlığı ekspressiv təqdimatda nə qədər ümumi plastik tutumda “əridilmiş” kimi görünürdüsə, son işdə cizgilərin aydınlığı əsərdən alınan təəssürata obraz üçün bir qədər səciyyəvi olmayan sakitlik və realist çalarlar bəxş etmişdi. Əslində, görkəmli heykəltəraş bunu istəmirdi, amma nəticə bunu deməyə əsas verirdi. Əlavə edək ki, bunun özü başqalarına nə qədər maraqlı və cəlbedici görünsə də, müəllif üçün arzulanan deyildi...
Bununla belə bu gün duyulası zaman distansiyasından həmin portretləri dəyərləndirməli olsaq, onda qətiyyətlə hər iki əsərin bədii-estetik tutumuna görə həm milli, həm də dünya heykəltəraşlığı saxlancına layiqli töhfə olduğunu deyə bilərik. Azərbaycan heykəltəraşlığının inkişafına və onun qeyri-adi bədii xüsusiyyətlərlə zənginləşməsinə töhfə olan bu plastika nümunələri bu gün də Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasını bəzəməkdədir.
Yeri gəlmişkən deyək ki, Ömər müəllimin Səttar Bəhlulzadə şəxsiyyətinə və yaradıcılığına olan ehtiramını onun vəfatından sonra da ifadə etməkdə davam etmişdir. Belə ki, Əmircan qəsəbə məzarlığında uyuyan böyük mənzərə ustasının orijinal biçimli memorial abidəsini də o, təmənnasız olaraq hazırlamışdır. Bu günlərdə 90 yaşı tamam olacaq görkəmli heykəltəraş demək olar ki, hər gün xəyalən sənətkar dostu ilə mənəvi-xəyali ünsiyyətdə olur. Bu mənəvi-psixoloji yaşantılarla onu baş-başa qoyan rəssamın heykəltəraş dostuna vaxtilə ərməğan etdiyi “Gəncə gölü” tablosudur...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri
Mədəniyyət.- 2017.- 15
dekabr.- S.12.