Görkəmli nasir, tarix və mədəniyyətimizin yorulmaz təbliğatçısı
“Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya” kitabının təqdimatı keçirildi
Dekabrın 19-da Milli Kitabxanada “Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya” kitabının təqdimatı keçirildi. Nəşr kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası üzrə hazırlanıb.
Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəşr haqqında məlumat verdi. Bildirdi ki, biblioqrafiyada Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti əhatə olunub.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirdi ki, Y.V.Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, onun daxili və xarici siyasətinin müəyyənləşdirilməsində yaxından iştirak edib. “Bizim məqsədimiz və amalımız Azərbaycanımızdır”, - deyən ədib dövlətçiliyimizin inkişafına töhfələr verib.
Qeyd edildi ki, 1917-ci ilin fevral-oktyabr hadisələri zamanı Kiyev şəhərində olan yazıçının həmin ildə Bakıda “Azərbaycan muxtariyyəti” adlı kitabı çapdan çıxıb. Vaqif Əliyev diqqətə çatdırdı ki, tariximizin, musiqimizin tədqiqatçısı kimi mədəniyyətimizə yorulmadan xidmət edən Y.V.Çəmənzəminlinin irsinin daha geniş coğrafiyada yayılması və tanınması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsərləri türk dilinə tərcümə olunacaq.
Tədbirdə filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Çəmənzəminlinin “İki od arasında” tarixi romanının təsiri altında yazılmış “Yenə iki od arasında” romanının müəllifi, yazıçı-dramaturq Elçin Hüseynbəyli çıxış etdilər. Çıxışlarda nəşrin görkəmli ədib və ictimai xadim haqqında tərtib olunmuş ilk fundamental biblioqrafiya olduğu, kitabda Çəmənzəminlinin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplandığı, biblioqrafiyanın ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün çox faydalı ola biləcəyi vurğulandı. Bildirildi ki, Yusif Vəzir mətbuatda müxtəlif təxəllüslərlə çıxış edib, tərcüməçi kimi fəaliyyət göstərib. Əsərləri bir neçə dilə tərcümə olunub.
Ədibin nəvəsi Leyla Vəzirova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz dərin təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları “Yusif Vəzir Çəmənzəminli-130” adlı kitab sərgisi ilə tanış oldular.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.3.