Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb

 

 

   “Vətəndaşlar tərəfindən irəli sürülən təkliflər, təşəbbüslər yerlərdə mədəniyyət və turizmin daha da inkişaf etdirilməsinə, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır”.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri dekabrın 15-də Sabirabad rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlamasında deyib.

  

   Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhalinin qəbulunu keçirirlər. Nazir Əbülfəs Qarayev Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

   Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.

   Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.

   Şirvan şəhər sakinləri şəhərdəki Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, Şirvan Folklor evinin ikinci kateqoriyalı mədəniyyət evinə çevrilməsi, Uşaq musiqi məktəbində sazkanon siniflərinin açılması, Rəsm qalereyasının fondunun yenilənməsini xahiş ediblər.

   Sabirabaddan qəbula yazılan vətəndaşların müraciətləri "Suqovuşan" adlanan ərazinin müasir turizm məkanına çevrilməsi, rayonda Rəsm qalereyasının yaradılması, Tarix-diyarşünaslıq muzeyinin ikinci kateqoriyalı muzeylərə aid edilməsi barədə olub. Həmçinin, Şıxsalahlı kənd Sənətkarlıq evinin təmir edilməsi ilə bağlı minnətdarlıq ifadə olunub.

   Saatlı sakinləri rayon ərazisində arxeoloji qazıntıların aparılması, keçirilən tədbirləri canlı izləmək üçün Bakıda və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında canlı internet şəbəkəsinin yaradılması, rayon ərazisindəki qədim qəbirüstü abidələrin üzərindəki yazıların oxunması üçün mütəxəssislərin ezam olunması, Mərkəzi kitabxananın fondunun zənginləşdirilməsi üçün elektron nəşrlərin alınması ilə bağlı nazirə müraciət ediblər.

   Hacıqabul sakinlərinin xahişləri mədəniyyət sahəsində çalışan qeyri-ixtisas təhsilli əməkdaşlar üçün öz hesablarına Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kursların təşkili, Azərbaycan musiqi ədəbiyyatı üzrə tədris proqramının hazırlanması, musiqi məktəblərində çalışan müəllimlərin biliklərinin qiymətləndirilməsinin davam etdirilməsinə köməklik göstərilməsi barədə olub.

   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

   Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Bunlardan biri musiqi məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlıdır. Bir neçə il əvvəl bunu tətbiq etmişdik. Bəzi müəllimlər zəif nəticə göstərmişdi. İndi onların özlərini sınamaq istəyi təqdirəlayiqdir”.

   Nazir şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri arasında canlı internet-rabitənin yaradılması, kitabxana şəbəkəsində elektron ədəbiyyatın daha geniş tətbiqi kimi təklifləri də xüsusi qeyd edib.

   Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini deyib. Qeyd edib ki, Sabirabad rayonunda Kürlə Araz çayının qovuşduğu ərazidə - Suqovuşanda turizmin inkişafı, eyni zamanda mədəni-tarixi abidələrin bərpa olunması və turizm məqsədləri üçün istifadə edilməsi barədə təkliflərə də baxılacaq.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.6.